21 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Qıraq Kəsəmən kənd”, “Qarahəsənli kənd” və “Xılxına kənd” Ərazi Partiya Təşkilatından olan partiya fəallarının iştirakı ilə 25 oktyabr “Qubadlı şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Yunis Eyyubov qeyd edib ki, 25 Oktyabr Azərbaycan xalqının yaddaşında xüsusi yeri olan, milli qürur və iftixar hissi doğuran əlamətdar tarixlərdən biridir. Qubadlı şəhərinin işğaldan azad edilməsi Azərbaycanın müasir tarixində mühüm hadisə olmaqla yanaşı, xalqımızın əzmini, dövlətimizin gücünü və qəhrəman Azərbaycan Ordusunun rəşadətini nümayiş etdirən parlaq Zəfər səhifəsidir. Qubadlı şəhəri günü təkcə tarixi qələbənin ildönümü deyil, həm də doğma torpaqlara bağlılığın, milli birliyin və gələcəyə inamın ifadəsidir.
Tədbirdə çıxış edən digər natiqlər – Qıraq Kəsəmən kənd tam orta ümumtəhsil məktəbin direktor müavini Bəxtiyar Babayev və Qıraq Kəsəmən kənd klubunun müdiri Nəzakət Bayramova bildiriblər ki, 2020-ci il oktyabrın 25-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qubadlı şəhərini işğaldan azad etdi. Bu hadisə Vətən müharibəsinin gedişində mühüm hərbi-strateji əhəmiyyətə malik qələbələrdən biri kimi tarixə düşdü. Qubadlının azad edilməsi Azərbaycan xalqının uzun illər ərzində qəlbində yaşatdığı doğma yurda qayıdış arzusunun gerçəkləşməsi istiqamətində atılmış mühüm addım oldu.