Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş iclas “ASAN xidmət” mərkəzi ərazi partiya təşkilatında keçirilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
İclası giriş sözü ilə açan Lənkəran regional “ASAN xidmət” mərkəzinin direktoru, ƏPT-nin sədri Əmir Əfəndiyev YAP-ın VIII Qurultayının əhəmiyyətindən danışaraq qarşıya qoyulan vəzifələrin partiya təşkilatlarının gündəlik fəaliyyətində əsas istiqamət kimi rəhbər tutulmasının vacibliyini qeyd edib. O, dövlət siyasətinin prioritetlərinin təbliği və partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəal iştirakının əhəmiyyətini vurğulayıb.
Sonra çıxış edən Lənkəran Dövlət Dram Teatrının direktoru, YAP-ın VIII Qurultayının iştirakçısı Laləzər Hüseynova qurultayda səsləndirilən fikirlərin ölkənin gələcək inkişafı baxımından əhəmiyyətindən bəhs edib. O, Azərbaycanın əldə etdiyi uğurların əsasında düşünülmüş dövlət siyasətinin, milli birliyin və cəmiyyətin inkişafına yönəlmiş ardıcıl fəaliyyətin dayandığını bildirib. Laləzər Hüseynova, həmçinin milli-mənəvi dəyərlərin qorunmasında mədəniyyət sahəsinin və yaradıcı kollektivlərin üzərinə düşən vəzifələrə diqqət çəkib.
Ərazi partiya təşkilatının sədr müavini Əliabas Məmmədzadə çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların əhəmiyyətindən, dövlət idarəçiliyində səmərəliliyin və vətəndaş məmnuniyyətinin artırılmasının vacibliyindən danışıb. O, partiya üzvlərinin üzərinə düşən məsuliyyətin artırılmasının, əhali ilə əlaqələrin möhkəmləndirilməsinin və qurultayda müəyyənləşdirilən hədəflərin həyata keçirilməsinə töhfə verilməsinin önəmini vurğulayıb.
YAP fəalı Cəfər Cəfərzadə isə çıxışında partiyanın cəmiyyətdəki rolundan, gənclərin ictimai-siyasi fəallığının artırılmasından və dövlətçilik ideyalarına sədaqətin gücləndirilməsindən bəhs edib. O, partiya üzvlərinin təşəbbüskarlıq göstərməsinin, ölkədə həyata keçirilən siyasətin mahiyyətinin ictimaiyyətə düzgün çatdırılmasının və ümumi məqsədlər naminə birgə fəaliyyətin vacibliyini qeyd edib.
İclasda YAP-ın VIII Qurultayında müəyyənləşdirilən strateji hədəflər, ölkənin davamlı inkişafı, dövlət siyasətinin əsas istiqamətləri və partiya təşkilatlarının qarşısında duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.