PDF Oxu

Siyasət

  • 559

Qubadlı azadlığına qovuşdu: tarixə yazılan zəfər, xalqın sönməyən ümidi - ŞƏRH

Qubadlı azadlığına qovuşdu: tarixə yazılan zəfər, xalqın sönməyən ümidi - ŞƏRH

25 Oktyabr – Qubadlı Şəhəri Günü münasibətilə

Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan Qubadlının işğaldan azad edilməsi xalqımızın iradəsinin, Azərbaycan Ordusunun qüdrətinin və milli birliyimizin təntənəsidir. Bu Zəfər yalnız bir ərazinin azad olunması deyil, illərlə doğma yurd həsrəti ilə yaşayan minlərlə insanın qəlbində ümidin yenidən alovlanması, tarixi ədalətin bərpası idi.
Qələbəyə aparan yol
1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Qubadlı rayonu uzun illər ərzində öz doğma sakinlərinin yolunu gözlədi. Doğma evlərindən didərgin düşən qubadlılılar Vətən həsrəti ilə yaşasalar da, torpaqların bir gün azad ediləcəyinə olan inamlarını itirmədilər.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi dönüş yaratdı. Azərbaycan Ordusunun ardıcıl uğurları nəticəsində Qubadlı istiqamətində də mühüm hərbi əməliyyatlar həyata keçirildi.
2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsi Azərbaycan tarixində əlamətdar hadisəyə çevrildi. Şəhərin azad olunması ilə yanaşı, rayonun kəndlərinin də azadlığı uğrunda mübarizə davam etdi. Qubadlı uğrunda gedən döyüşlərdə Azərbaycan əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıq, peşəkarlıq və fədakarlıq Zəfər tariximizin ayrılmaz hissəsinə çevrildi.
Bu qələbə müharibənin sonrakı gedişinə də mühüm təsir göstərdi. Qubadlının azad edilməsi Azərbaycanın hərbi-strateji mövqelərini gücləndirdi və Şuşaya doğru irəliləyişdə mühüm mərhələlərdən biri oldu.
Zəfərin arxasında şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı dayanır
Hər bir qələbənin arxasında böyük zəhmət, sarsılmaz iradə və ağır itkilər dayanır. Qubadlının azadlığı da şəhidlərimizin canı, qazilərimizin sağlamlığı və döyüşçülərimizin misilsiz qəhrəmanlığı bahasına əldə edildi.
Qubadlı uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan Milli Qəhrəman Şükür Həmidovun adı Vətənə sədaqətin və fədakarlığın rəmzlərindən biri kimi xalqımızın yaddaşında yaşayır. Onun timsalında bütün şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyirik.
Qazilərimiz isə bu gün də Vətən müharibəsinin canlı tarixini öz həyatları, yaraları və xatirələri ilə yaşadırlar. Onların fədakarlığına hörmət göstərmək, sosial problemlərinin həllinə dəstək olmaq və gələcək nəsillərə qəhrəmanlıq nümunələrini çatdırmaq hər birimizin mənəvi borcudur.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi və xalq-ordu birliyi
44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyəti və xalqımızın sarsılmaz birliyi nəticəsində mümkün oldu.
Bu qələbə dünyaya göstərdi ki, Azərbaycan xalqı öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq. Ordumuzun döyüş meydanında qazandığı uğurlar milli ruhun, vətənpərvərliyin və dövlətçilik iradəsinin təcəssümü idi.
Qubadlıya Azərbaycan bayrağının sancılması təkcə hərbi qələbənin deyil, həm də illərlə qorunan ümidin gerçəkləşməsi demək idi. Bu gün Qubadlı adı azadlıq, qürur və milli iradə anlayışları ilə yanaşı çəkilir.
Qubadlıda yeni həyat başlayır

İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması Azərbaycanın qarşısında duran mühüm vəzifələrdəndir. Qubadlıda həyata keçirilən infrastruktur layihələri, yaşayış məntəqələrinin qurulması, yol, təhsil və səhiyyə obyektlərinin yaradılması doğma yurda qayıdışın əsasını təşkil edir.
Dövlətimizin başçısının azad edilmiş ərazilərə səfərləri və bərpa işlərinə göstərdiyi diqqət Qubadlının gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Məqsəd yalnız dağıdılmış şəhər və kəndləri yenidən qurmaq deyil, həm də sakinlərin doğma torpaqlarında təhlükəsiz, rahat və firavan həyat sürmələrini təmin etməkdir.
Qubadlı yenidən qurulduqca, onun küçələri, məktəbləri, evləri və bağları doğma sakinlərinin səsi ilə canlandıqca Zəfərin mənəvi dəyəri daha da artır. Böyük Qayıdış xalqımızın qələbəsini gələcək nəsillərin həyatında yaşadan tarixi prosesdir.
Qubadlı Zəfərimizin əbədi rəmzidir
25 oktyabr yalnız təqvimdə qeyd olunan bir tarix deyil. Bu gün torpaq uğrunda canından keçən qəhrəmanların xatirəsinə ehtiramın, Vətənə sədaqətin və milli birliyin ifadəsidir. Prezidentin müvafiq sərəncamı ilə 25 oktyabr Qubadlı Şəhəri Günü kimi təsis edilib.
Bu əlamətdar gün hər bir azərbaycanlıya xatırladır ki, Vətən sevgisi yalnız sözlə deyil, əməl, fədakarlıq və məsuliyyətlə sübut olunur. Qubadlının azadlığı uğrunda mübarizə aparan şəhidlərimizin xatirəsi daim uca tutulmalı, qazilərimizə diqqət və qayğı dövlətimizin və cəmiyyətimizin prioritetlərindən biri olaraq qalmalıdır.
Bu gün Qubadlı azaddır, Azərbaycan bayrağı doğma torpaqlarımızda dalğalanır. Qarşıda duran əsas vəzifə bu Zəfəri qorumaq, azad edilmiş əraziləri inkişaf etdirmək və gələcək nəsillərə güclü, bütöv Azərbaycan miras qoymaqdır.
Qubadlı azaddır! Qarabağ Azərbaycandır!
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, Azərbaycanımızı daim müzəffər etsin!

Əlisoy Əli

YAP Şərur rayon təşkilatının Fəal üzvü

Digər xəbərlər