Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş iclas Sütəmurdov kənd ərazi partiya təşkilatının təşkilatçılığı ilə R. Dadaşov adına Sütəmurdov kənd tam orta məktəbində keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclası giriş sözü ilə açan Sütəmurdov kənd ərazi partiya təşkilatının sədri Kamran Əliyev tədbirin məqsədi barədə məlumat verərək qurultayda müəyyənləşdirilən vəzifələrin partiya təşkilatlarının fəaliyyətində əsas istiqamət kimi nəzərə alınmasının vacibliyini vurğulayıb.
Sonra çıxış edən Lənkəran Dövlət Universitetinin prorektoru, qurultay iştirakçısı Ramiz Şəmmədov ölkəmizin inkişafında həyata keçirilən dövlət siyasətinin rolundan, təhsil sahəsində əldə olunan nailiyyətlərdən və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin əhəmiyyətindən geniş bəhs edib. O, qurultayda qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində təhsil işçilərinin rolunu xüsusi qeyd edib.
Məktəbin uşaq birliyi təşkilatının sədri Gülər Mirzəyeva və müəllim Səhər Qasımova çıxışlarında gənclərin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və fəal vətəndaşlar kimi yetişdirilməsinin vacibliyini vurğulayıblar. Onlar şagirdlərdə dövlətçilik ənənələrinə hörmətin, Vətənə məhəbbət hissinin gücləndirilməsinin əhəmiyyətinə diqqət çəkiblər.
İclasda YAP-ın VIII Qurultayında müəyyənləşdirilən strateji hədəflər, dövlət siyasətinin əsas istiqamətləri, təhsilin inkişafı və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.