PDF Oxu

Siyasət

  • 1 267

“Ukraynanın Rusiyaya iqtisadi təzyiqi Moskvanın danışıqlardakı mövqeyinə təsir edə bilər“ - POLİTOLOQ DANIŞDI

“Ukraynanın Rusiyaya iqtisadi təzyiqi Moskvanın danışıqlardakı mövqeyinə təsir edə bilər“ - POLİTOLOQ DANIŞDI

“Ukraynanın Rusiya ərazisindəki neft emalı zavodlarına, yanacaq terminallarına və strateji obyektlərə dron hücumları müharibənin hərbi-iqtisadi xarakterini gücləndirən mühüm amildir. Bu zərbələr Rusiyaya əlavə müdafiə və bərpa xərcləri yaradır, yanacaq təchizatına və ixrac imkanlarına təsir göstərir”.Bu sözləri SİA -ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.Onun sözlərinə görə, Rusiyanı birbaşa olaraq hərbi geri çəkilməyə və ya sülh sazişinə razı salacağını düşünmək düzgün olmaz:”Əsas məsələ iqtisadi itkilərin Rusiyanın müharibəni davam etdirmək imkanlarına nə dərəcədə təsir etməsidir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, ABŞ-nin vasitəçiliyi ilə aparılan sülh danışıqlarının perspektivi hərbi əməliyyatların nəticələri ilə birbaşa bağlıdır. Vaşinqtonun əsas çətinliyi tərəfləri danışıqlar masasına gətirməklə yanaşı, onların güzəştə getməsini təmin edəcək mexanizmlər formalaşdırmaqdır. Rusiya işğal etdiyi ərazilər, təhlükəsizlik təminatları və Ukraynanın gələcək geosiyasi istiqaməti ilə bağlı mövqeyini öz strateji maraqları çərçivəsində müəyyənləşdirir. Ukrayna isə ərazi bütövlüyünü, suverenliyini və gələcək hücumlardan qorunmaq üçün etibarlı təminatları əsas şərt hesab edir. Bu mövqelər arasındakı ziddiyyətlər sülhün əldə olunmasını çətinləşdirən başlıca amildir. Həmçinin ABŞ-nin vasitəçilik səyləri tam nəticəsiz də deyil. Oktyabrın 21-də ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffun Vladimir Putinlə görüşü danışıqların yenidən canlandırılması istiqamətində diplomatik fəallığın davam etdiyini göstərir. Vaşinqtonun üçtərəfli danışıqları bərpa etmək cəhdi müharibənin dayandırılması üçün imkan yaratsa da, tərəflərin əsas tələbləri arasında hələ də ciddi fərqlər qalır.

Enerji obyektlərinə hücumların dayandırılması üzrə təşəbbüsün nəticəsiz qalması isə qarşılıqlı etimadın nə qədər zəif olduğunu üzə çıxardı. Rusiya Ukraynanın enerji infrastrukturuna zərbələri davam etdirərkən Kiyevin Rusiya neft emalı obyektlərinə hücumları bərpa etməsi məhdud atəşkəsin belə qarşılıqlı öhdəliklər və yoxlama mexanizmləri olmadan davamlı ola bilməyəcəyini göstərdi. Nəticə etibarilə, yaxın perspektivdə hərtərəfli sülh sazişindən daha çox məhdud atəşkəs və mərhələli razılaşmalar real görünür. ABŞ-nin vasitəçiliyi yalnız tərəflərə təzyiq göstərməklə deyil, təhlükəsizlik təminatları, atəşkəsə nəzarət və razılaşmaların pozulmasına görə məsuliyyət mexanizmləri yaratmaqla nəticə verə bilər. Ukraynanın Rusiyaya iqtisadi təzyiqi isə Moskvanın danışıqlardakı hesablamalarına təsir göstərə bilər, lakin müharibənin taleyini təkbaşına həll etməyəcək. Əsas məsələ hərbi təzyiqin diplomatik kompromisə çevrilməsidir. Əks halda, sülh danışıqları müharibəni dayandıran vasitə deyil, tərəflərin növbəti mərhələyə hazırlaşdığı fasilə olaraq qalacaq”.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər