PDF Oxu

Siyasət

  • 608

25 oktyabr – Qubadlı Şəhəri Günü: Zəfərin və Böyük Qayıdışın parlaq səhifəsi

25 oktyabr – Qubadlı Şəhəri Günü: Zəfərin və Böyük Qayıdışın parlaq səhifəsi

Bu il oktyabrın 25-də Qubadlının işğaldan azad olunmasından altı il ötür. 2020-ci ilin payızında, 44 günlük Vətən müharibəsinin 29-cu günündə Azərbaycan Ordusu 27 il işğal altında qalan Qubadlı şəhərinə üçrəngli bayrağımızı qaytarmaqla tarixi ədaləti bərpa etdi.
O payız günü xalqımızın yaddaşına Zəfər salnaməsinin ən parlaq səhifələrindən biri kimi həkk olundu. Qubadlının azad edilməsi yalnız bir şəhərin işğaldan qurtulması demək deyildi. Bu qələbə müharibənin sonrakı gedişinə mühüm təsir göstərərək Ordumuzun Laçın istiqamətində irəliləməsi üçün strateji üstünlük yaratdı və şanlı Zəfəri yaxınlaşdırdı. Oktyabrın 23-də Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri azad edildi. Sonra şəhərə hakim strateji yüksəkliklər nəzarətə götürüldü, ətraf kəndlər - Xanlıq, Padar, Sarıyataq, Mahmudlu kəndləri azad edildi. Qubadlı şəhəri ilə yanaşı, Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq və Mollabürhan kəndləri də oktyabrın 25-də işğaldan azad edildi. Bu kəndlərin adları Ali Baş Komandanın oktyabrın 26-da yayımladığı məlumatda açıqlandı.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il dekabrın 23-də Qubadlıda Azərbaycan Bayrağını ucaldarkən bu əməliyyatın hərbi əhəmiyyətini belə dəyərləndirmişdi: “Qubadlı əməliyyatının çox böyük əhəmiyyəti var idi. Çünki Qubadlıdan sonra biz Şuşa şəhərini işğaldan azad etdik. Oktyabrın 25-də Qubadlı azad olundu və noyabrın 8-də Şuşa şəhəri azad edildi. Beləliklə, düşmən təslim olmağa məcbur oldu”. Dövlətimizin başçısının 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə şəhərin azadlığa qovuşduğu bu tarix hər il Qubadlı Şəhəri Günü kimi qeyd edilir.
Qubadlı təkcə strateji məkan deyil, həm də Zəngəzurun qədim mədəniyyət və maarif ocaqlarından biridir. Hələ 1882-ci ildə burada açılmış və el arasında “Həsən bəyin məktəbi” kimi tanınmış dünyəvi məktəb, XX əsrin əvvəllərində isə bölgənin ilk dünyəvi qız məktəblərindən birinin fəaliyyətə başlaması bu ənənələrin dərin köklərindən xəbər verir.
Qubadlının azadlığı ilə bu torpağın tarixində yeni səhifə açıldı - dağıdılmış yurdun dirçəldilməsi və doğma ocaqlara qayıdış üçün şəraitin yaradılması mərhələsi başlandı.
2021-ci il oktyabrın 25-də azadlığın birinci ildönümündə cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Xudafərin–Qubadlı–Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhərinə uzanan Xanlıq–Qubadlı yolunun təməlini qoydular. Həmin gün “Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kilovoltluq “Qubadlı” yarımstansiyası və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksi istifadəyə verildi, dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Sonrakı dövrdə rayonda gömrük postu yaradıldı, Xanlıq radio-televiziya stansiyası şəhərə və 12 kəndə 8 televiziya kanalı və 2 radio proqramı yayımlamağa başladı.
2022-ci il oktyabrın 19-da dövlət başçısına Qubadlı şəhərinin Baş planı təqdim edildi. Həmin səfərdə Bərgüşadçay və Zabuxçay su anbarlarının layihələri ilə tanışlıq oldu, Qubadlı elektrik şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin və İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyuldu.
2023-cü il mayın 4-də Qubadlının bərpası istiqamətində mühüm sosial və yaşayış layihələrinin təməli qoyuldu. Prezident şəhərin ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin təməlini qoydu. Yeni məktəbin təməlinin qoyulması Qubadlının köklü maarifçilik ənənələrinin doğma yurda “qayıdışı” baxımından xüsusi məna daşıyır.
Növbəti mühüm addım Baş planın rəsmi təsdiqi oldu. “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” Nazirlər Kabinetinin 2025-ci il 9 sentyabr tarixli qərarı ilə təsdiq edildi. Bu sənəd əsasında layihələndirmə işləri aparıldı və bu il iyunun 16-da şəhərdə ilk yaşayış məhəlləsinin tikintisinə başlanıldı. 3,34 hektar ərazidə ümumilikdə 176 mənzildən ibarət 21 yaşayış binası ucaldılır, ikinci yaşayış kompleksinin tikintisinə də hazırlıq görülür.
Bu gün Qubadlıda gedən quruculuq işləri dövlətimizin qüdrətinin, iqtisadi imkanlarının və gələcəyə inamının əyani ifadəsidir. 25 oktyabr Qubadlı üçün həm azadlığın qürurunu, həm də doğma yurda qayıdış ümidini ifadə edir. Bu tarix həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizənin və xalqımızın sarsılmaz birliyinin rəmzinə çevrilib.
25 Oktyabr - Qubadlı Şəhəri Günü münasibətilə xalqımızı təbrik edir, ərazi bütövlüyümüz uğrunda canından keçən bütün şəhidlərimizi dərin ehtiramla yad edirik. Onların əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaqdır!
Leyla Xəlilova Rzazadə
Strateji planlaşdırma və təhlil şöbəsinin müdiri
YAP Nərimanov rayon Təşkilatının fəal üzvü

Digər xəbərlər