"Böyük Qayıdış proqramı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində əhalinin mərhələli şəkildə doğma yurdlarına qayıtmasını, yaşayış məntəqələrinin bərpasını, iqtisadi fəaliyyətin canlandırılmasını və bu ərazilərin ölkənin ümumi inkişaf sisteminə inteqrasiyasını nəzərdə tutan strateji proqramdır".Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib.Onun sözlərinə görə, qeyd edə bilərik ki, bu ərazilər işğaldan azad edildikdən qısa müddət sonra bərpa olunmağa başladı: Ərazidə yollar, hava limanları, əhalinin məskunlaşması üçün yaşayış məntəqələri, strateji obyektlər və nəqliyyat qovşaqları inşa və bərpa edilməyə başladı. Bu, Azərbaycanın həmin ərazilərdə quruculuğa, inkişafa və tərəqqiyə xüsusi önəm verdiyini göstərir. Eyni zamanda, uzun illər işğal altında qalmış ərazilərin bərpası və regional əməkdaşlığa töhfə verməsi baxımından da mühüm əhəmiyyət daşıyır.Bundan əlavə, bu ərazilər Azərbaycanın tarixi torpaqları olduğundan oradan köçürülmüş əhalinin öz doğma yurdlarında yaşamaq hüququnun təmin edilməsi də əsas prioritetlərdəndir. Məhz buna görə həmin ərazilərdə bərpa və quruculuq işləri sürətlə həyata keçirilir. Ərazilərin strateji mövqeyi, nəqliyyat yolları vasitəsilə əvvəllər əlaqəsi kəsilmiş bölgələrin birləşdirilməsi və hava limanlarının istifadəyə verilməsi Azərbaycanın regional mövqeyi baxımından xüsusi əhəmiyyət daşıyır. Burada beynəlxalq uçuşların həyata keçirilməsi də nəqliyyat imkanlarını genişləndirir. Ərazilərin qonşu dövlətlərlə sərhəddə yerləşməsi gələcək regional əlaqələr baxımından da əhəmiyyətlidir. Xüsusilə Naxçıvanla bağlantıların qurulması və bu istiqamətdə nəqliyyat əlaqələrinin inkişafı yeni imkanlar yarada bilər.
Həmçinin beynəlxalq ictimaiyyət Azərbaycanın öz ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirdiyini müşahidə edir. Bu ərazilərdə yeni məktəblər açılır, əməkdaşlıq etdiyimiz dost və tərəfdaş ölkələrlə birgə layihələr icra olunur, beynəlxalq tədbirlər keçirilir.Bütün bunlar azad edilmiş ərazilərin Azərbaycanın digər bölgələri ilə inteqrasiyasının gücləndiyini göstərir. Bu baxımdan həyata keçirilən işlər həmin ərazilərin ölkənin ümumi inkişaf sisteminə inteqrasiyasına, əhalinin orada məskunlaşmasına və mövcud potensialdan səmərəli istifadə etməsinə töhfə verir.
Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji layihələrinin həyata keçirilməsi də mühüm əhəmiyyət daşıyır. Bu layihələr həm regionun iqtisadi potensialının artırılmasına, həm də Azərbaycanın bərpa olunan enerji sahəsində inkişafına xidmət edir".
Müəllif: Lətifə Musayeva