Füzuli və Cəbrayıl rayonları erməni qəsbkarları tərəfindən işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşdu. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid verdi, Araz çayını keçərək İran İslam Respublikasının ərazisi ilə Azərbaycanın 43 rayonunda məskunlaşmağa məcbur oldular.
Məhz, 29 oktyabr 1993-cü il Azərbaycanın dilbər bölgələrindən biri olan Zəngilan rayonunun işğalı günü kimi xalqımızın yaddaşına həkk olmuşdur. İndi o, günlər,o,tarix geridə qalaraq millətimizin acı tarixində qalıb. Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalan əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi və siyasi yolla işğaldan azad olundu və şanlı qələbəyə aparan hər bir gün tariximizə qızıl hərflərlə yazıldı. Vətən müharibəsinin 24-cü günü-2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad olunduğu gün kimi həkk olundu. Dövlət başçımızın müvafiq sərəncamına əsasən 20 oktyabr Zəngilan şəhəri günü kimi qeyd edilir. Verilən sərəncamla bu günün təsis olunması Vətən müharibəsində qazanılan tarixi qələbəni əbədiləşdirməyin ən bariz yoludur. 27 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində xalqımıza xariqələr yaşadaraq yeni tarix yazdı. Zəngilanın işğaldan azad olunması Qarabağ düyününün açılmasında həllrdici rol oynadı. 2020-ci il dekabrın 23-də prezident İlham Əliyev Zəngilan şəhərində üçrəngli bayrağımızı ucaltdı. Torpaqlarımızın işğaldan azad olunması ordumuzun minlərlə əsgər və zabitlərinin canı və qanı bahasına başa gəldi. Şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirik, onların borcu heç vaxt ödənilməz!
Ümumiyyətlə İran və Ermənistanla həmsərhəd olan Zəngilan rayonu strateji cəhətdən mühüm əhəmiyyət daşıyır. Zəngilanın azad olunması Qubadlı istiqamətindən gələ biləcək düşmən qüvvələrinin mühasirəyə alınması və təmizlənməsini də asanlaşdırdı. Həmçinin Zəngilanın azad edilməsi ilə İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yolunun əsas hissəsi ordumuzun nəzarətinə keçdi. Bu da Vətən müharibəsində qazanılan qələbənin təminatçısı oldu. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda yenidənqurma işləri sürətlə həyata keçirilir,ərazilər minalardan təmizlənir, genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Keçmiş məcburi köçkünlər hissə-hissə öz doğma torpaqlarına köçürülür. Zəngilanlıların öz yurd-yuvalarına qayıdışı onlar üçün çox böyük qürur hissi daşıyır. Bu qürur hisslərini bizlərə bəxş edən Vətən oğullarına öz minnətdarlığımızı və ehtiramımızı bildiririk. Şəhidlərimizə Allahdan rəhmət diləyirik.
Yaşasın Müzəffər Ali Baş Komandanımız və qüdrətli ordumuz!
Gözlərin aydın olsun doğma Zəngilanımız!
Elçin Salahov
YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi