YAP Salyan rayon təşkilatının regional “Asan xidmət” mərkəzi ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə YAP Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev, Salyan regional “Asan xidmət” mərkəzinin direktoru Samir Hüseynov, rayon Statistika İdarəsinin rəisi, VIII Qurultayın nümayəndəsi Elnur Hüseynov və digər şəxslər çıxış ediblər.
Çıxışlarda Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqində qarşıya qoyulan vəzifələrə toxunulub, Azərbaycanın müstəqil siyasətinin, milli maraqlarının qorunmasının və dövlətçilik prinsiplərinin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, ölkəmizin əldə etdiyi uğurların davam etdirilməsi, milli birliyin və həmrəyliyin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərin təşviqi qarşıda duran mühüm vəzifələrdəndir.
Bildirilib ki, VIII Qurultayda səsləndirilən fikirlər və müəyyənləşdirilən istiqamətlər Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətinin əsas prioritetlərini müəyyən edir. Prezident İlham Əliyevin nitqində diqqətə çatdırılan məsələlər ölkəmizin qarşısında duran yeni hədəfləri, milli maraqların qorunmasını və ideoloji işin daha da gücləndirilməsini əhatə edir. Bu vəzifələrin ardıcıl şəkildə həyata keçirilməsi, dövlətçilik prinsiplərinin qorunması və Azərbaycanın qazandığı uğurların gələcək nəsillərə çatdırılması mühüm əhəmiyyət daşıyır.