"Azərbaycan müharibədən sonra gücləndi, beynəlxalq nüfuzu artdı. Hətta Azərbaycanın orta güc kimi qiymətləndirilməsinə də başlanıldı. Prezident İlham Əliyev də bu məsələyə toxunub. Əlbəttə, bunlar müəyyən mənada nisbi qiymətləndirmələrdir. Lakin Azərbaycanın güclənməsi indiyədək Türkiyə ilə birgə həyata keçirilən siyasət və atılan addımlarla müşayiət olunub".Bunu SİA-ya açıqlamasında politoloq Əhəd Məmmədli deyib.Politoloqun sözlərinə görə, bu siyasət davam etdirilməlidir:"Çünki gələcək hədəflərimiz varsa və həqiqətən də Turan ideyasını gerçəkləşdirmək istəyiriksə, Türkiyə ilə Azərbaycanın uzlaşdırılmış və birgə fəaliyyəti davam etməlidir. Bu, hər iki ölkənin daha böyük gücə çevrilməsi baxımından vacibdir. Əgər Turan ideyası dünya miqyasında gerçəkləşəcəksə, Prezident Ərdoğanın məşhur ifadəsi ilə desək, “Dünya beşdən böyükdür” yanaşmasından çıxış edərək, həmin altıncı böyük güc Turan ola bilər. Bunun reallaşması isə daha çox Türkiyə və Azərbaycanın birgə fəaliyyətindən asılı olacaq.İnanırıq ki, fikir ayrılıqları yaxın zamanda aradan qaldırılacaq, Türkiyə Azərbaycanın maraqlarını, Azərbaycan da Türkiyənin maraqlarını nəzərə alacaq. Münasibətlərdə problemlər yaradan və aranı qarışdırmağa çalışan qüvvələrin təsiri də aradan qalxacaq. Bundan sonra Azərbaycanın son illərdə uğurlu hesab edilə bilən xarici siyasəti gələcəkdə də davam etdiriləcək.Eyni zamanda, nəzərə almaq lazımdır ki, hər bir xarici siyasətin arxasında daxili siyasət dayanır. Xarici siyasətin uğurlu olması üçün ölkə daxilində də müvafiq şərait yaradılmalı, sosial və iqtisadi problemlər həll edilməlidir. Bu, çox vacib və əhəmiyyətli məsələdir. Ümid edirik ki, həm xarici siyasətdə, həm də daxili siyasətdə mövcud problemlərin həlli istiqamətində ciddi və real addımlar atılacaq".
Müəllif: Günel Fərzəliyeva