Yeni Azərbaycan Partiyasının VIII Qurultayının nəticələri və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrlə bağlı YAP Neftçala rayon təşkilatının “Xol Qaraqaşlı kənd”, “Xol Qarabucaq kənd” və “Xəzər kənd” ərazi partiya təşkilatlarının üzvləri ilə görüş keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Neftçala rayon təşkilatının sədr müavini Cavad Mirzəyev görüşü açaraq Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin VIII Qurultaydakı nitqindən irəli gələn vəzifələrin yerlərdə partiya üzvləri ilə müzakirəsinin əhəmiyyətini vurğulayıb.
YAP Neftçala rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi Fərhad Baxışov çıxış edərək qurultayın siyasi əhəmiyyətindən, Prezident İlham Əliyevin nitqində ifadə olunan əsas müddəalardan və qarşıda duran vəzifələrdən danışıb. Ərazi partiya təşkilatlarında ideoloji işin gücləndirilməsinin, üzvlərin ictimai-siyasi fəallığının artırılmasının və əhali ilə davamlı ünsiyyətin vacibliyini vurğulayıb. Heydər Əliyev irsinin, azərbaycançılıq ideologiyasının və dövlətçilik dəyərlərinin təbliğində hər bir partiya üzvünün fəal iştirakının əhəmiyyətini qeyd edib.
VIII Qurultayın nümayəndəsi, “Neftçala-Gündoğar” qəzetinin baş redaktoru Bədirə Niftalıyeva çıxış edərək qurultayla bağlı təəssüratlarını bölüşüb. Prezident İlham Əliyevin nitqində səsləndirilən siyasi mesajların ictimaiyyətə dolğun çatdırılmasının, ölkəmizin əldə etdiyi tarixi nailiyyətlərin mahiyyətinin izah olunmasının əhəmiyyətindən danışıb. Qurultaydan irəli gələn vəzifələrin həyata keçirilməsində partiya üzvlərinin məsuliyyətini və maarifləndirici fəaliyyətin rolunu vurğulayıb.
Şəhid Mahmud Məlikovun atası Təhmasib Məlikov çıxış edərək şəhidlərin xatirəsinin yaşadılmasının, onların Vətənə sədaqətinin və qəhrəmanlığının təbliğinin əhəmiyyətindən danışıb. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, milli birliyin və vətənpərvərlik ənənələrinin qorunmasının vacibliyini qeyd edib.