Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il oktyabrın 27-də Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışı ölkəmizin multikulturalizm ənənələrinin, milli maraqlarının və beynəlxalq hüquqa əsaslanan mövqeyinin ifadəsi baxımından mühüm əhəmiyyət daşıyır.
Dövlətimizin başçısı çıxışında Azərbaycanın əsrlər boyu müxtəlif mədəniyyətlərin və dinlərin qovuşduğu məkan olduğunu, xalqımızın multikulturalizm, dini və etnik dözümlülük ənənələrini qoruyub saxladığını vurğuladı. Bu gün ölkəmizdə müxtəlif millətlərin və dini icmaların nümayəndələrinin qarşılıqlı hörmət və anlaşma şəraitində yaşaması həmin dəyərlərin cəmiyyətimizin həyatında mühüm yer tutduğunu göstərir. Azərbaycançılıq ideyası isə bütün vətəndaşlarımızı vahid amal ətrafında birləşdirən əsas amillərdəndir.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın üzləşdiyi işğal və ədalətsizliklərə münasibəti idi. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan əraziləri işğal altında olan, xalqımızın fundamental insan hüquqları pozulan vəziyyətdə əbədi yaşamalı deyildi. Ölkəmiz beynəlxalq hüquqla təsbit olunmuş hüquqlarına əsaslanaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu gün Azərbaycan xalqı öz torpaqlarında azad və müstəqil yaşayır.
Prezidentin çıxışında beynəlxalq siyasətdə ikili standartlara qarşı mübarizə məsələsi də xüsusi yer tutdu. Dövlətimizin başçısının “Biz siyasətdə ikili standartlara qarşı həmişə mübarizə aparmışıq və bundan sonra da mübarizə aparacağıq” fikri Azərbaycanın prinsipial mövqeyini aydın ifadə edir. Beynəlxalq münasibətlərdə bütün dövlətlərə eyni hüquqi meyarlarla yanaşılması, beynəlxalq hüququn selektiv deyil, ardıcıl şəkildə tətbiqi davamlı sülhün və ədalətli dünya nizamının əsas şərtlərindəndir.
Hesab edirəm ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın beynəlxalq dialoqa verdiyi töhfələrin nümayişi ilə yanaşı, qlobal problemlərin qarşılıqlı hörmət, bərabərlik və əməkdaşlıq əsasında həlli üçün də mühüm platformadır. Müasir dünyada qarşıdurmaların və ayrı-seçkiliyin deyil, dialoqun və anlaşmanın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın zəngin multikulturalizm təcrübəsi, müstəqil siyasəti və beynəlxalq hüquqa əsaslanan mövqeyi gələcəkdə də ölkəmizin beynəlxalq əməkdaşlıqda rolunun möhkəmlənməsinə xidmət edəcəkdir.
Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri