PDF Oxu

Siyasət

  • 866

Tarixi Zəfərdən dayanıqlı sülhə doğru - ŞƏRH

Tarixi Zəfərdən dayanıqlı sülhə doğru - ŞƏRH

Azərbaycanın dövlətçilik tarixində 8 Noyabr xalqımızın milli iradəsinin, birliyinin və tarixi ədalətin bərpasının rəmzi kimi xüsusi yer tutur. Bu tarix həm də müstəqil Azərbaycan dövlətinin qüdrətinin, xalqımızın Vətən sevgisinin və milli ləyaqətinin təcəssümüdür. Son 23 ildə ölkəmiz böyük inkişaf yolu keçərək müasir tarixinin ən mühüm strateji məqsədlərindən birinə – ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasına nail olub. Bu nəticə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən yeni dövrün çağırışlarına uyğun, ardıcıl şəkildə davam etdirilməsinin nəticəsidir. Dünya tarixinə nəzər saldıqda, müasir dövrdə işğala məruz qalmış ərazilərini hərbi-siyasi iradə, milli birlik və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqe ilə azad etməyə nail olmuş dövlətlərin sayının çox olmadığını görürük. Azərbaycan bu baxımdan özünəməxsus tarixi nümunə yaratdı. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, diplomatik fəaliyyət və rəşadətli Azərbaycan Ordusunun hərbi əməliyyatları nəticəsində xalqımızın onilliklər boyu gözlədiyi tarixi ədalət bərpa olundu. Bu, hərbi Qələbə ilə yanaşı, dövlətçilik iradəsinin, milli həmrəyliyin və xalqın öz gələcəyinə sahib çıxmaq əzminin ifadəsi idi.

Qeyd edək ki, Ermənistan 1990-cı illərin əvvəllərindən başlayaraq Azərbaycana qarşı hərbi təcavüz həyata keçirmiş, beynəlxalq səviyyədə tanınmış ərazilərimizin təxminən 20 faizini işğal etmişdir. İşğal nəticəsində yüz minlərlə azərbaycanlı doğma yurdlarından didərgin salınmış, etnik təmizləmə siyasəti aparılmış, şəhər və kəndlərimiz dağıdılmış, tarixi-mədəni irsimiz məhv edilmiş, təbii sərvətlərimiz talan olunmuşdur. Xocalı soyqırımı isə xalqımıza qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tariximizin qanlı səhifəsinə çevrilmişdir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü təsdiqlənmiş, işğalçı qüvvələrin ərazilərimizdən çıxarılması tələb olunmuşdu. Lakin beynəlxalq hüququn bu aydın və birmənalı tələblərinə baxmayaraq, Ermənistan uzun illər həmin qətnamələrin icrasından yayınaraq işğalçılıq siyasətini davam etdirdi, beynəlxalq ictimaiyyət isə onların yerinə yetirilməsi istiqamətində təsirli və qətiyyətli mexanizmlər tətbiq etmədi.

Azərbaycanın müasir tarixində dönüş nöqtəsi Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı oldu. Həmin dövrdə ölkə dərin siyasi böhran, iqtisadi tənəzzül, idarəçilik xaosu və parçalanma təhlükəsi ilə üz-üzə idi. Ulu Öndərin xilaskarlıq missiyası nəticəsində dövlətçiliyin əsasları möhkəmləndirildi, siyasi sabitlik təmin olundu, milli inkişafın uzunmüddətli strategiyası müəyyənləşdirildi. Onun siyasəti sayəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqelərini gücləndirdi, milli maraqlara əsaslanan xarici siyasət kursu formalaşdı və müstəqil dövlətin iqtisadi qüdrətinin artırılması üçün mühüm zəmin yaradıldı. Ulu Öndər Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir, dönməzdir və sarsılmazdır!” prinsipi Azərbaycan dövlətçiliyinin ideoloji və siyasi istiqamətini müəyyənləşdirdi. Bu strateji xəttin davam etdirilməsi ölkəmizin qarşısında duran ən mühüm vəzifələrdən biri olan torpaqlarımızın işğaldan azad edilməsinin də əsasını təşkil edirdi. Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən bu məqsədi dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirdi. Azərbaycanın iqtisadi, siyasi və hərbi potensialının gücləndirilməsi, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, müasir və peşəkar ordunun formalaşdırılması istiqamətində sistemli iş aparıldı. Beləliklə, Ulu Öndərin yaratdığı dövlətçilik təməlləri üzərində Azərbaycanın qarşıya qoyduğu strateji məqsədlərə çatması üçün zəruri imkanlar formalaşdırıldı. Ölkəmizin sonrakı inkişaf mərhələsində həyata keçirilən iqtisadi islahatlar, enerji strategiyası, beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi və müdafiə qabiliyyətinin yüksəldilməsi qarşıya qoyulan tarixi məqsədə çatmaq üçün mühüm imkanlar yaratdı. Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan beynəlxalq enerji və nəqliyyat layihələri ölkəmizin iqtisadi müstəqilliyini möhkəmləndirdi, geosiyasi əhəmiyyətini artırdı. Paralel olaraq, Azərbaycan Ordusunun maddi-texniki bazası yeniləndi, hərbi qulluqçuların peşəkarlığı yüksəldildi, müasir silah və texnologiyalar əldə edildi. Bütün bunlar ölkənin müdafiə potensialının gücləndirilməsində mühüm rol oynadı.

2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı və 2020-ci ilin Tovuz döyüşləri Azərbaycanın hərbi qüdrətini, ordumuzun döyüş qabiliyyətini və xalqımızın qətiyyətini nümayiş etdirən mühüm mərhələlər oldu. Nəhayət, Ermənistanın növbəti hərbi təxribatlarına və ölkəmizə qarşı təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başladı.

44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının tarixində qəhrəmanlıq salnaməsinə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət göstərərək düşmənin müdafiə xətlərini yarıb Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və digər yaşayış məntəqələrini işğaldan azad etdi. Bu müharibədə xalq-ordu-iqtidar birliyi özünün ən yüksək ifadəsini tapdı. Azərbaycan xalqı öz Ordusuna və Vətən uğrunda döyüşən qəhrəman övladlarına inamını nümayiş etdirdi. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi Vətən müharibəsinin həlledici mərhələsi və Qələbənin əsas rəmzi oldu. Mədəniyyət paytaxtımızın azadlığı hərbi baxımdan müstəsna strateji əhəmiyyət daşımaqla yanaşı, milli-mənəvi dəyərlərimizin, tarixi yaddaşımızın və Azərbaycan ruhunun təntənəsi idi. Həmin gün Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi “Əziz Şuşa, sən azadsan!”, “Əziz Şuşa, biz qayıtmışıq!”, “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözləri xalqımızın yaddaşına əbədi həkk olundu. Şuşanın azad edilməsi ilə bağlı müraciətdə səslənən “Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” bəyanatı Azərbaycanın dəyişməz siyasi mövqeyinin və tarixi həqiqətinin ifadəsinə çevrildi. Şuşanın azad olunması münasibətilə Prezident İlham Əliyevin səsləndirdiyi “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!” fikirləri Zəfərin mənəvi mahiyyətini xüsusilə aydın ifadə edirdi. Bu sözlər həm də Ulu Öndər Heydər Əliyevin Qarabağın azad olunması ilə bağlı arzularının və Prezident İlham Əliyevin üzərinə götürdüyü tarixi missiyanın gerçəkləşməsinin rəmzi idi.

Azərbaycanın müharibədəki üstünlüyü informasiya və diplomatiya cəbhəsində də özünü göstərdi. Prezident İlham Əliyevin dünyanın aparıcı media qurumlarına verdiyi müsahibələr, beynəlxalq auditoriyaya ünvanladığı mesajlar Azərbaycanın mövqeyinin tanıdılmasına, Ermənistanın təcavüzkar siyasətinin beynəlxalq ictimaiyyətə çatdırılmasına mühüm töhfə verdi. Dövlət başçısının faktlara əsaslanan arqumentləri və beynəlxalq hüquqa söykənən mövqeyi Azərbaycanın informasiya mübarizəsində də fəal mövqe tutmasını təmin etdi. Beləliklə, hərbi əməliyyatlar zamanı qazanılan uğurlar informasiya və diplomatik müstəvidə aparılan fəaliyyətlə tamamlandı. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Ermənistanın kapitulyasiyasını rəsmiləşdirdi və Ağdam, Kəlbəcər və Laçın rayonlarının bir güllə belə atılmadan Azərbaycana qaytarılmasını təmin etdi.

Bununla belə, ölkəmizin qarşısında dayanan əsas tarixi vəzifə həm də həmin ərazilərdə bərpa-quruculuq işlərinin aparılması idi. Bu məqsədlə Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, yolların, tunellərin, hava limanlarının, elektrik və kommunikasiya infrastrukturunun yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Bu prosesin ən mühüm istiqamətlərindən biri Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin olunmasıdır. Böyük Qayıdış proqramı çərçivəsində yaşayış məntəqələrinin yenidən qurulması, sosial infrastrukturun yaradılması, məşğulluq imkanlarının genişləndirilməsi, təhsil və səhiyyə xidmətlərinin təşkili, təhlükəsiz yaşayış mühitinin təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bu, otuz ilə yaxın müddətdə öz yurdlarından ayrı düşmüş insanların həyatının yenidən qurulması, ailə ənənələrinin bərpası, sosial-iqtisadi fəallığın canlandırılması və Qarabağla Şərqi Zəngəzurun Azərbaycanın ümumi inkişaf məkanına tam inteqrasiyası deməkdir. Bu ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, müasir şəhərsalma prinsiplərinin tətbiqi, kənd təsərrüfatının, sənayenin, turizmin və xidmət sahələrinin inkişafı bölgənin uzunmüddətli iqtisadi potensialının reallaşdırılmasına xidmət edir. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri ilə paralel olaraq, həmin ərazilərin tarixi, dini və mədəni irsinin qorunması da xüsusi diqqət tələb edirdi. Otuz ilə yaxın işğal dövründə çoxsaylı tarixi abidələr, məscidlər, ziyarətgahlar, muzeylər və mədəniyyət ocaqları dağıdılmış, bir qismi isə öz ilkin görkəmini itirmişdi. Bu irsin bərpası həm də xalqımızın tarixi yaddaşının, milli kimliyinin və mənəvi dəyərlərinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi yer tutur. Fond 2020-ci ilin dekabrından etibarən işğaldan azad edilmiş ərazilərdə dini abidələrin, məscidlərin və tarixi-mədəni irs nümunələrinin bərpası istiqamətində layihələr həyata keçirməyə başladı. Heydər Əliyev Fondunun bu sahədəki fəaliyyəti Şuşada, Ağdamda və Zəngilanda həyata keçirilən konkret layihələrdə öz əksini tapıb. Şuşada Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa, Saatlı və Mamay məscidlərində aparılan bərpa işləri, Ağdam Cümə məscidinin restavrasiyası, Zəngilan məscidinin inşası və digər layihələr milli-mədəni irsimizin qorunmasına yönəlmiş fəaliyyətin mühüm nümunələridir. Fondun Şuşada yerləşən tarixi Yaradıcılıq Mərkəzinin binasında apardığı bərpa işləri də şəhərin memarlıq irsinin qorunması baxımından əhəmiyyətlidir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri və Heydər Əliyev Fondunun fəaliyyəti Qarabağda bərpa prosesinin mənəvi-mədəni istiqamətini də gücləndirir. Bu işlərin əhəmiyyəti ondan ibarətdir ki, azad edilmiş torpaqlarda dağıdılmış tikililər yenidən qurulması ilə yanaşı eyni zamanda xalqımızın əsrlər boyu formalaşmış tarixi yaddaşı, dini-mənəvi irsi və mədəni kimliyi qorunaraq gələcək nəsillərə ötürülür.

Qeyd etmək lazımdır ki, Azərbaycan xalqının tarixi mübarizəsi 44 günlük Vətən müharibəsi ilə yekunlaşmadı. Dövlətimizin əsas məqsədi işğala son qoymaqla yanaşı, bütün ərazilərində konstitusiya quruluşunu və suverenliyini tam bərpa etmək idi. Ermənistan silahlı qüvvələrinin qalıqlarının Qarabağ iqtisadi rayonunda mövcudluğunu davam etdirməsi və törədilən hərbi təxribatlar regionda təhlükəsizliyə ciddi təhdid yaradırdı. Bu şəraitdə 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirlərinə başladı. Cəmi 24 saatdan az davam edən əməliyyat sentyabrın 20-də qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi ilə başa çatdı. Separatçı qüvvələr silahı yerə qoymağa məcbur edildi, qanunsuz hərbi birləşmələrin fəaliyyəti dayandırıldı və Azərbaycanın konstitusiya quruluşunun bütün ölkə ərazisində bərpası təmin olundu. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması müasir tariximizin ən mühüm hadisələrindən biri oldu. Dövlət başçısının Xankəndidə Azərbaycan xalqına müraciəti və “Biz elə bir Qələbə qazandıq ki, bu Qələbə əbədi olacaq!” bəyanatı milli suverenliyimizin tam bərpasının siyasi və mənəvi ifadəsinə çevrildi. Həmin gün Azərbaycan bayrağının Xankəndi, Xocalı, Xocavənd və digər ərazilərimizdə dalğalanması dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün bərqərar olmasının rəmzi idi.

Bu şanlı hadisələrin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2024-cü il sentyabrın 19-da Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzaladı. Həmin sənədə əsasən, hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Bu tarixin təsis edilməsi 2023-cü ildə suverenliyimizin tam bərpası ilə nəticələnən tarixi hadisələrin siyasi və mənəvi əhəmiyyətinin dövlət səviyyəsində təsbitidir. Beləliklə, Azərbaycan xalqı ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası ilə müasir tarixinin ən mühüm strateji hədəflərinə nail oldu. Bu möhtəşəm tarixi prosesin mühüm davamı Azərbaycanın bölgədə davamlı sülhün və əməkdaşlığın təmin olunmasına yönəlmiş siyasəti oldu. Azərbaycan döyüş meydanında qazandığı Qələbədən sonra da regionda yeni münasibətlər sisteminin formalaşdırılması, kommunikasiyaların açılması və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində mövqeyini ortaya qoydu. Dövlətimizin irəli sürdüyü sülh gündəliyi beynəlxalq hüququn prinsiplərinə, qarşılıqlı suverenliyin və ərazi bütövlüyünün tanınmasına, sərhədlərin toxunulmazlığına və regionda uzunmüddətli sabitliyin təmin edilməsinə əsaslanırdı.

Bu istiqamətdə mühüm tarixi mərhələ 2025-ci il avqustun 8-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində baş tutan üçtərəfli görüş oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüş Cənubi Qafqazda sülhün və əməkdaşlığın gələcəyi baxımından mühüm siyasi hadisəyə çevrildi. Görüşün nəticəsi olaraq Azərbaycan və Ermənistan xarici işlər nazirləri “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in razılaşdırılmış mətnini parafladılar.

Eyni zamanda, iki ölkənin xarici işlər nazirləri ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların bağlanması ilə bağlı birgə müraciət imzaladılar. İmzalanmış Birgə Bəyannamədə isə regional kommunikasiyaların açılması, nəqliyyat əlaqələrinin inkişafı və gələcək əməkdaşlıq üçün yeni imkanların yaradılması məsələləri öz əksini tapdı. Bəyannamədə Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin olunması, bu məqsədlə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi istiqamətində əməkdaşlıq məsələləri də yer aldı. Vaşinqton görüşünün əhəmiyyəti ondan ibarət idi ki, Azərbaycan hərbi-siyasi Qələbədən sonra regionda davamlı sülhün qurulması istiqamətində də konkret siyasi nəticələrin əldə olunmasına nail oldu. Saziş mətninin paraflanması tərəflərin razılaşdırılmış sənəd üzrə mühüm mərhələni keçdiyini göstərirdi. Bununla yanaşı, sənədin imzalanması və ratifikasiyası üçün əlavə hüquqi-siyasi prosedurların zəruriliyi də nəzərdə tutulmuşdu. Azərbaycanın uzun illər münaqişənin həlli prosesində fəaliyyəti ilə bağlı mövqeyini bildirdiyi ATƏT-in Minsk prosesinin bağlanması məsələsinin razılaşdırılması da yeni regional reallıqlar baxımından əhəmiyyətli hadisə idi.

Vaşinqtonda əldə olunmuş razılaşmaların siyasi məzmunu və Azərbaycanın bundan sonrakı inkişaf istiqamətləri Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin 2026-cı il oktyabrın 2-də YAP-ın VIII Qurultayında səsləndirdiyi nitqdə də geniş əksini tapdı. Dövlət başçısı qurultay iştirakçılarına müraciətində bildirdi ki, bu toplantı Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra keçirilən ilk qurultaydır. Prezident 44 günlük Vətən müharibəsində qazanılmış Qələbənin və 2023-cü il sentyabrın 20-də suverenliyin tam bərpasının müasir Azərbaycan tarixində müstəsna əhəmiyyət daşıdığını vurğuladı. O, bu iki tarixi hadisənin ölkəmizin siyasi və geosiyasi mövqeyində yaratdığı dəyişikliklərə diqqət çəkərək Azərbaycanın qarşısında yeni strateji vəzifələrin dayandığını qeyd etdi. Qurultaydakı çıxışın mühüm məqamlarından biri Ermənistanla münasibətlərin normallaşdırılması və sülh prosesinin hazırkı mərhələsi ilə bağlı idi. Prezident İlham Əliyev sülh sazişinin paraflanmasını, tərəflər arasında təmasların başlanmasını və ticarət əlaqələrinin qurulmasını regionda yeni reallıqların formalaşmasının göstəriciləri kimi diqqətə çatdırdı. Bununla yanaşı, dövlət başçısı əldə olunmuş nəticələrin ölkənin təhlükəsizlik və müdafiə məsələlərinə diqqətin azaldılması üçün əsas yaratmadığını xüsusi vurğuladı. Qeyd olunub ki, Azərbaycan hər zaman hərbi gücünü artırmalı, müdafiə qabiliyyətini yüksəltməli və mümkün təhdidlərə qarşı hazır olmalıdır. Bu mövqe sülh siyasəti ilə güclü müdafiə potensialının bir-birini tamamlayan dövlətçilik istiqamətləri olduğunu göstərir. Dövlət başçısı regionda və dünyada baş verən proseslərin təhlükəsizlik məsələlərinə yeni yanaşma tələb etdiyini də diqqətə çatdırdı. Ətraf bölgələrdə davam edən münaqişələr, beynəlxalq münasibətlər sistemində müşahidə olunan gərginliklər və yeni təhdidlər Azərbaycanın müdafiə potensialının daim gücləndirilməsini zəruri edir. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdış proqramının davam etdirilməsi, iqtisadi inkişaf və əhalinin sosial rifahının yüksəldilməsi də qarşıda duran mühüm vəzifələr kimi müəyyənləşdirildi. VIII Qurultayda diqqətə çatdırılan digər mühüm istiqamət milli ideoloji təhlükəsizlik və informasiya mühitinin qorunması məsələsi idi. Prezident İlham Əliyev müasir dövrdə ideoloji təhdidlərin və ona qarşı mübarizənin də xüsusi əhəmiyyət daşıdığını qeyd edərək, bu təhdidlərə qarşı mübarizədə təhsilin, milli-mənəvi dəyərlərin və vətənpərvərlik tərbiyəsinin rolunu önə çəkdi. Dövlət başçısı Azərbaycan həqiqətlərinin, ölkəmizdə həyata keçirilən quruculuq işlərinin və əldə olunan nailiyyətlərin cəmiyyətə, xüsusilə gənc nəslə düzgün çatdırılmasının vacibliyini vurğuladı. Bu məsələlər Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətinin istiqamətləri baxımından da mühüm əhəmiyyət daşıyır. Beləliklə, YAP-ın VIII Qurultayında partiyanın qarşısında duran vəzifələr yeni geosiyasi reallıqlar, dövlət suverenliyinin bərpası və Azərbaycanın gələcək inkişaf prioritetləri ilə əlaqələndirildi.

Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyi, iqtisadi potensialı, enerji təhlükəsizliyinə verdiyi töhfələr, müstəqil xarici siyasəti və regional təşəbbüsləri ilə seçilən dövlətlərdən biridir. Ölkəmiz beynəlxalq tədbirlərə ev sahibliyi edir, müxtəlif dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrini genişləndirir, qlobal məsələlərin müzakirəsində fəal iştirak edir. Azərbaycanın qazandığı Qələbə onun beynəlxalq nüfuzunun artmasına, dövlətimizin regionda sülh və təhlükəsizlik məsələlərində rolunun genişlənməsinə şərait yaradıb. Prezident İlham Əliyevin dövlətçilik siyasətinin əsas istiqamətlərindən biri olan milli maraqların qorunması, müstəqilliyin möhkəmləndirilməsi və ölkənin müdafiə potensialının artırılması bu gün də aktuallığını saxlayır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun müasir dövrün tələblərinə uyğun davam etdirilməsi Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edir. Bu strategiya dövlət müstəqilliyinin qorunmasını, iqtisadi müstəqilliyin möhkəmləndirilməsini, güclü hərbi potensialın formalaşdırılmasını və beynəlxalq münasibətlərdə müstəqil mövqenin saxlanılmasını özündə birləşdirir. Zəfərimiz xalqımızın tarixi yaddaşında, suverenliyimiz dövlətimizin hüquqi-siyasi əsaslarında, Böyük Qayıdış doğma torpaqlarımızda həyatın yenidən canlanmasında, mədəni irsimizin bərpası isə milli kimliyimizin qorunmasında öz əksini tapır. Azərbaycan bundan sonra da Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə öz milli maraqlarını rəhbər tutaraq müstəqil dövlətçilik yolunda irəliləyəcək, qazandığı tarixi nailiyyətləri qoruyacaq və yeni inkişaf mərhələsinin vəzifələrini həyata keçirəcəkdir. Çünki bu Zəfər xalqımızın iradəsinin, bu dövlət isə onun əbədi müstəqillik əzminin təcəssümüdür.

Bəxtiyar Nəbiyev
YAP Yasamal rayon təşkilatının sədri

Digər xəbərlər