8 Noyabr Azərbaycan xalqının tarixində qızıl hərflərlə yazılmış, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsini əks etdirən möhtəşəm bir gündür. Bu tarix xalqımızın illərlə qəlbində yaşatdığı Qarabağ həsrətinə son qoyan, milli birliyimizi və sarsılmaz ruhumuzu bütün dünyaya nümayiş etdirən böyük Zəfərin rəmzidir. Zəfər Günü Azərbaycan dövlətinin qüdrətini, xalqımızın birliyini və Ordumuzun qəhrəmanlığını özündə birləşdirir. Bu şanlı qələbə Azərbaycan xalqının öz torpaqlarına olan sonsuz bağlılığının və Vətən sevgisinin təntənəsidir. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, düşünülmüş siyasəti və sarsılmaz iradəsi Azərbaycanın tarixi Zəfərinə aparan yolun əsasını təşkil etdi. Dövlətimizin başçısının illər ərzində həyata keçirdiyi məqsədyönlü siyasət güclü iqtisadiyyata, qüdrətli orduya və milli həmrəyliyə əsaslanan böyük qələbəmizi təmin etdi. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birlik və mübarizə əzmini, əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığını bütün dünyaya göstərdi. Rəşadətli Ordumuzun hər bir uğuru xalqımızın qəlbində əbədi yaşayacaq şərəf tarixidir.
2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi Zəfərimizin ən parlaq səhifələrindən birinə çevrildi. Şuşanın azadlığı təkcə hərbi qələbə deyil, həm də milli ruhumuzun, mədəniyyətimizin və tarixi yaddaşımızın təntənəsi idi. Bu qələbə şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və Vətən uğrunda canından keçməyə hazır olan igidlərimizin qəhrəmanlığı hesabına qazanıldı. Onların müqəddəs xatirəsi hər bir azərbaycanlının qəlbində daim yaşayacaqdır. Biz bu gün qalib xalq kimi başımızı dik tutur, üçrəngli bayrağımızın hər yerdə qürurla dalğalanması ilə fəxr edirik. Zəfər Günü həm də gələcək nəsillər qarşısında böyük məsuliyyətimizi xatırladır. Biz bu tarixi qələbəni qorumaq, dövlətimizin inkişafına töhfə vermək və milli birliyimizi daha da möhkəmləndirmək üçün çalışmalıyıq. Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri Böyük Qayıdışın gerçəkliyə çevrildiyini göstərir. Doğma torpaqlarımızda həyatın yenidən canlanması qələbəmizin davamı və gələcəyə inamımızın təcəssümüdür. Yeni Azərbaycan Partiyasının üzvləri olaraq dövlətçiliyimizə, milli maraqlarımıza və Prezident cənab İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına sadiqliyimizi daim nümayiş etdirməliyik. Zəfər tariximiz gənc nəsildə vətənpərvərlik ruhunun gücləndirilməsi, milli dəyərlərimizin qorunması baxımından mühüm örnəkdir. Bu gün biz həm qələbəmizlə fəxr edir, həm də bu qələbənin qəhrəmanlarını dərin ehtiramla yad edirik.
8 Noyabr – Zəfər Günü mübarək olsun! Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Yaşasın müstəqil Azərbaycan! Yaşasın qalib Azərbaycan xalqı! Yaşasın Azərbaycan Ordusu! Azərbaycanımızın Zəfəri əbədi, dövlətçiliyimiz sarsılmaz olsun!
Elnur Məmmədov,
YAP Lerik rayon təşkilatının sədr müavini.