PDF Oxu

Siyasət

  • 514

44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər - ŞƏRH

44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər - ŞƏRH

8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri, xalqımızın milli qürurunu, sarsılmaz iradəsini və dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirən möhtəşəm bir tarixdir. Bu günün arxasında uzun illər davam edən mübarizə, torpaq həsrəti, milli birlik və böyük qələbəyə aparan ardıcıl dövlət siyasəti dayanır. Azərbaycan xalqı üçün Vətən torpaqlarının azadlığı hər zaman ən ali məqsəd, dövlətimizin qarşısında duran mütləq prioritet olmuşdur. Zəfər Günü xalqımızın yaddaşında yalnız hərbi qələbənin təntənəsi kimi deyil, milli iradənin, dövlətçilik əzminin və tarixi ədalətin bərpasının rəmzi kimi yaşayır.

Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi ağır sınaqlar, torpaqlarımızın işğalı və xalqımızın doğma yurdlarından didərgin düşməsi dövlətimizin qarşısında mürəkkəb vəzifələr yaratmışdı. Belə bir şəraitdə torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası və milli təhlükəsizliyimizin təmin edilməsi dövlət siyasətinin əsas istiqamətinə çevrildi. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinə, iqtisadi potensialının artırılmasına, milli birliyin qorunmasına və gələcək qələbənin təməlinin qoyulmasına xidmət etdi. Ümummilli Liderin siyasi irsini uğurla davam etdirən Prezident İlham Əliyev bu strateji xətti yeni mərhələyə yüksəldərək ölkəmizin qarşısında duran tarixi vəzifələrin həyata keçirilməsini təmin etdi.
İşğal dövründə Azərbaycan dövləti bütün imkanlarını torpaqlarımızın azadlığına, güclü iqtisadiyyatın qurulmasına, müasir ordu yaradılmasına və xalqımızın qələbə əzminin qorunmasına səfərbər etdi. Ölkənin iqtisadi qüdrətinin artırılması, müdafiə sənayesinin inkişafı, ordunun ən müasir silah və texnika ilə təchiz edilməsi, hərbi qulluqçuların peşəkarlığının yüksəldilməsi məqsədyönlü siyasətin əsas istiqamətlərindən idi. Azərbaycan beynəlxalq müstəvidə öz haqq mövqeyini ardıcıl şəkildə müdafiə edir, dünya ictimaiyyətinə Ermənistanın işğalçılıq siyasətinin mahiyyətini çatdırırdı. Bütün bu fəaliyyətlər bir məqsədə – Azərbaycanın ərazi bütövlüyünün bərpasına və xalqımızın doğma torpaqlarına qovuşmasına xidmət edirdi.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “Mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq” fikri bu tarixi yolun mahiyyətini aydın şəkildə ifadə edir. Bu sözlər uzun illər ərzində həyata keçirilən məqsədyönlü fəaliyyətin, milli həmrəyliyin və Vətənə bağlılığın ifadəsidir. Dövlətimizin rəhbəri hər zaman xalqımızı qələbəyə aparan yolun səbir, əzm, birlik və ardıcıl fəaliyyət tələb etdiyini vurğulayırdı. Azərbaycan xalqı azadlıq gününü gözləməklə kifayətlənmədi, öz əməyi, iradəsi və birliyi ilə həmin müqəddəs günün yaxınlaşmasına töhfə verdi. Hər bir sahədə əldə olunan nailiyyətlər, dövlətimizin güclənməsi və milli ruhun qorunması gələcək Zəfərin mühüm dayaqlarına çevrildi.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlayan Vətən müharibəsi Azərbaycan xalqının illərlə gözlədiyi tarixi məqamı gerçəyə çevirdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı və torpaqlarımızın azadlığı uğrunda mübarizəni qətiyyətlə davam etdirdi. Müharibənin ilk günlərindən etibarən Azərbaycan əsgərinin döyüş meydanında nümayiş etdirdiyi qəhrəmanlıq, peşəkarlıq və yüksək döyüş ruhu xalqımızın qələbəyə olan inamını daha da möhkəmləndirdi. Cəbhədə əldə olunan uğurlar Azərbaycanın illər ərzində qurduğu güclü ordunun və dövlətimizin hərbi potensialının real nəticəsi idi.
Prezident İlham Əliyevin “44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi” fikri ordumuzun döyüş meydanında nümayiş etdirdiyi əzmkarlığı, peşəkarlığı və sarsılmaz qələbə iradəsini əks etdirir. Hər gün yeni yaşayış məntəqələrinin, strateji yüksəkliklərin və mühüm ərazilərin azad olunması Azərbaycan xalqının qələbə sevincini daha da artırırdı. Azərbaycan əsgəri yalnız torpaqları işğaldan azad etmirdi, həm də xalqımızın tapdanmış hüquqlarını bərpa edir, tarixi ədaləti yenidən təmin edirdi. Döyüş meydanında əldə edilən hər bir uğur dövlətimizin gücünü, xalqımızın birliyini və ordumuzun sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirirdi.
Vətən müharibəsi Azərbaycan xalqının milli həmrəyliyinin ən parlaq təzahürünə çevrildi. Cəbhədə əsgər və zabitlərimiz qəhrəmanlıq göstərdiyi halda, arxa cəbhədə bütün xalqımız vahid amal ətrafında birləşmişdi. Müxtəlif yaş qruplarından olan insanlar, gənclər, ziyalılar, dövlət qulluqçuları və sadə vətəndaşlar öz dəstəkləri ilə milli birliyin gücünü nümayiş etdirirdilər. Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi altında bir yumruq kimi birləşərək Vətən müharibəsində tarixi qələbənin əldə olunmasına öz töhfəsini verdi. Bu birlik həm döyüş meydanında, həm də beynəlxalq informasiya müstəvisində ölkəmizin üstünlüyünü təmin edən mühüm amillərdən biri oldu.
Döyüş meydanında əldə edilən uğurlar Azərbaycan əsgərinin qəhrəmanlığını, xalqımızın milli birliyini və dövlətimizin gücünü təsdiqlədi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və digər yaşayış məntəqələrinin azad olunması ilə başlayan zəfər yürüşü Şuşanın azad edilməsi ilə özünün ən möhtəşəm zirvəsinə çatdı. Şuşa Azərbaycanın tarixi, mədəni və mənəvi həyatında xüsusi yer tutan şəhərdir. Onun azadlığı həm hərbi, həm də mənəvi baxımdan müharibənin taleyini həll edən mühüm hadisə oldu. Azərbaycan Ordusunun Şuşada göstərdiyi qəhrəmanlıq hərb tariximizə qızıl hərflərlə yazıldı.
2020-ci il noyabrın 8-də Şuşanın düşmən işğalından azad olunması Azərbaycanın hərbi və siyasi qələbəsinin rəmzinə çevrildi. Şuşanın azad edilməsi ilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin müqaviməti tamamilə sarsıldı və noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla Ermənistan kapitulyasiyaya məcbur oldu. Bununla da 30 ilə yaxın davam edən işğala son qoyuldu, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi dönüş baş verdi. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz iradəsi nəticəsində ölkəmiz özünün ən böyük tarixi nailiyyətlərindən birinə imza atdı.
Azərbaycan dövləti, xalqı və ordusu 44 gün ərzində öz qüdrətini göstərdi. Bu qüdrət yalnız hərbi üstünlükdə deyil, milli iradənin sarsılmazlığında, dövlət-xalq-ordu birliyində və tarixi ədalətin bərpasına olan inamda təcəssüm etdi. Zəfərimiz şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı, eləcə də bütün Azərbaycan xalqının bir yumruq kimi birləşməsi nəticəsində qazanıldı. Şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onların Vətən uğrunda göstərdikləri fədakarlıq gələcək nəsillər üçün əbədi qəhrəmanlıq nümunəsi olacaqdır.
Zəfər Gününün tarixi əhəmiyyəti yalnız 44 günlük müharibədə qazanılan qələbə ilə məhdudlaşmır. Bu qələbə Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirdi, regionda yeni reallıqlar yaratdı və ölkəmizin gələcək inkişafı üçün geniş imkanlar açdı. Azərbaycanın suverenliyinin tam bərpası istiqamətində atılan addımlar, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində konstitusiya quruluşunun bərqərar edilməsi Zəfərimizin davamı oldu. Azərbaycan xalqı öz dövlətinin ərazi bütövlüyünü və suverenliyini təmin edərək tarix qarşısında üzərinə düşən vəzifəni şərəflə yerinə yetirdi.
Bu gün azad edilmiş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı quruculuq işləri, doğma yurdlarına qayıdan insanların sevinci və Qarabağda canlanan həyat Zəfərimizin davamıdır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yollar, tunellər, hava limanları, yaşayış məntəqələri, məktəblər, xəstəxanalar və digər infrastruktur obyektləri inşa edilir. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin olunur, uzun illər həsrətlə gözlənilən yurd yerlərində yeni həyat qurulur. Bu proses Azərbaycan dövlətinin gücünü, xalqımızın quruculuq əzmini və Zəfərdən sonra qarşıya qoyulan məqsədlərə inamla irəlilədiyini göstərir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşıya qoyduğu strateji məqsədlərə doğru inamla irəliləyir. Zəfər Günü xalqımızın yaddaşında əbədi yaşayacaq, gələcək nəsillərə Vətən sevgisinin, milli birliyin və sarsılmaz dövlət iradəsinin ən parlaq nümunəsi kimi ötürüləcəkdir. 8 Noyabr tariximizə qızıl hərflərlə yazılmış, xalqımızın qürur mənbəyinə çevrilmiş və Azərbaycanın müstəqillik salnaməsini zənginləşdirmiş müqəddəs bir gündür.

Yalçın Abdullazadə,
YAP Salyan rayon təşkilatının məsləhətçisi,
Vətən Müharibəsi iştirakçısı

Digər xəbərlər