PDF Oxu

Siyasət

  • 430

Qarabağın mənəvi mərkəzi - ŞƏRH

Qarabağın mənəvi mərkəzi - ŞƏRH

Azərbaycanın musiqi və ədəbiyyat beşiyi kimi tanınan Şuşa şəhəri xalqımızın qəlbində hər zaman xüsusi yer tutub. Uzun illər işğal altında qalmasına baxmayaraq, Şuşaya qayıdış arzusu, onun azadlığına olan inam heç vaxt zəifləməyib. 2020-ci il noyabrın 8-də Azərbaycan xalqı bu müqəddəs arzusuna çatdı. Şuşanın azad edilməsi ölkəmizin tarixində dönüş nöqtəsi olmaqla yanaşı, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsinə çevrildi.

Şuşa uğrunda aparılan döyüşlər Azərbaycan Ordusunun hərbi qüdrətini, döyüş hazırlığını və yüksək strateji düşüncəsini nümayiş etdirən mühüm sınaq idi. Mürəkkəb dağlıq ərazi, sərt relyef və düşmənin möhkəmləndirilmiş müdafiə xətləri əməliyyatın həyata keçirilməsini olduqca çətinləşdirirdi. Lakin Azərbaycan əsgərinin cəsarəti, fədakarlığı və qələbəyə sarsılmaz inamı bütün maneələri geridə qoydu. Şuşanın azad olunması müasir hərb tariximizin ən parlaq səhifələrindən biri kimi yadda qaldı və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi yolunda həlledici mərhələ oldu.

Ali Baş Komandan, Prezident İlham Əliyevin Şuşanın azad olunmasını xalqımıza bəyan edərkən səsləndirdiyi “Əziz Şuşa, sən azadsan!” ifadəsi milyonlarla insanın qəlbində böyük sevinc və qürur hissi yaratdı. Bu sözlər uzun illər doğma yurdlarından ayrı düşmüş insanların ümidlərinin gerçəkləşdiyini, xalqımızın tarixi ədaləti bərpa etmək əzminin qalib gəldiyini ifadə edirdi. Şuşanın azadlığı 44 günlük Vətən müharibəsinin gedişinə və nəticələrinə həlledici təsir göstərərək Zəfərimizin siyasi, hərbi və mənəvi əsaslarını daha da gücləndirdi.

Şuşa yalnız strateji əhəmiyyətə malik şəhər deyil, eyni zamanda Azərbaycanın zəngin mədəniyyət tarixinin ayrılmaz parçasıdır. Bu torpaqda yetişən sənətkarlar, şairlər, musiqiçilər və ziyalılar milli mədəniyyətimizin inkişafına misilsiz töhfələr veriblər. Üzeyir Hacıbəyli, Bülbül, Xurşidbanu Natəvan, Xan Şuşinski kimi şəxsiyyətlər Şuşanın Azərbaycan mədəniyyətindəki mövqeyini bütün dünyaya tanıdıblar. Şuşanın azadlığı bu böyük şəxsiyyətlərin irsinin qorunması, milli-mənəvi dəyərlərimizin öz məkanında yenidən yaşadılması baxımından da müstəsna əhəmiyyət daşıyır.

Qələbədən sonra Şuşada həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa tədbirləri şəhərin gələcəyinə hesablanmış dövlət siyasətinin mühüm istiqamətidir. Tarixi və dini abidələrin əvvəlki görkəminə qaytarılması, mədəniyyət ocaqlarının yenidən fəaliyyətə başlaması, yol-nəqliyyat və kommunal infrastrukturun qurulması şəhərin inkişafına yeni imkanlar yaradır. Şuşanın Baş planı çərçivəsində aparılan işlər onun tarixi-memarlıq xüsusiyyətlərinin qorunması ilə müasir şəhərsalma prinsiplərinin uzlaşdırılmasını nəzərdə tutur. Zəfər yolu isə Şuşaya təhlükəsiz və rahat gediş-gəlişi təmin etməklə yanaşı, azadlığın və qayıdışın rəmzi kimi xüsusi məna kəsb edir.

Şuşanın mədəni həyatının bərpası və zəngin ənənələrinin davam etdirilməsi ölkəmizin diqqət mərkəzindədir. “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı və Vaqif Poeziya Günləri şəhərin mədəni irsini yaşatmaq, onun sənət və musiqi mərkəzi kimi şöhrətini yenidən dünyaya nümayiş etdirmək baxımından mühüm rol oynayır. Şuşanın 2022-ci ildə “Şuşa İli”, 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı, 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı və 2026-cı ildə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan olunması onun beynəlxalq miqyasda nüfuzunun artmasının göstəricisidir.

Şuşanın dirçəlişini təsdiqləyən ən mühüm hadisələrdən biri də doğma torpaqlarından didərgin düşmüş insanların geri qayıdışıdır. 2026-cı il oktyabrın 23-nə olan məlumata görə, Şuşa şəhərində 377 ailə, 1 411 nəfər, Böyük Qaladərəsi kəndində 17 ailə, 78 nəfər, Kiçik Qaladərəsi kəndində isə 26 ailə, 90 nəfər məskunlaşıb. Ümumilikdə, 420 ailənin və 1 579 nəfərin öz doğma yurdlarına qayıtması Şuşada həyatın tədricən əvvəlki axarına qovuşduğunu göstərir. Bu, yalnız statistik göstərici deyil, uzun illər davam edən ayrılığın sona çatması, insanların öz evlərində yeni həyat qurması və tarixi torpaqlarımızda həyatın yenidən canlanması deməkdir.

Şuşanın qarşıdakı inkişafı onun tarixi irsinin qorunması, müasir yaşayış şəraitinin yaradılması və beynəlxalq turizm məkanına çevrilməsi istiqamətində davam etdirilir. Burada həyata keçirilən layihələr azad edilmiş digər ərazilərimizin bərpası üçün də mühüm təcrübə formalaşdırır. Şuşanın yenidən qurulması Azərbaycanın öz torpaqlarına sahib çıxmaq, milli dəyərlərini qorumaq və gələcək nəsillərə firavan həyat bəxş etmək əzminin təcəssümüdür.

8 Noyabr – Şuşa şəhəri günü xalqımızın yaddaşında əbədi olaraq qürur, azadlıq və milli həmrəylik günü kimi qalacaq. Bu tarixi qələbə bir daha sübut etdi ki, xalqın birliyi, dövlətin qətiyyətli siyasəti və ordunun gücü vahid məqsəd ətrafında birləşdikdə qarşıya qoyulan ən çətin vəzifələr belə uğurla həyata keçirilir. Şuşa bu gün azad Azərbaycanın yüksəlişini, sarsılmaz iradəsini və gələcəyə inamını təcəssüm etdirir.

Nazilə Qurbanlı

YAP Babək rayon təşkilatının fəal üzvü

Digər xəbərlər