Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 noyabr 2026-cı il tarixində Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi müsahibə iki ölkə arasında uzun illər ərzində formalaşmış dostluq münasibətlərinin, qarşılıqlı etimadın və çoxşaxəli əməkdaşlığın əhəmiyyətini bir daha nümayiş etdirdi. Dövlət başçısının müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycan ilə Vyetnam arasındakı əlaqələrin yalnız siyasi və iqtisadi maraqlara deyil, həm də ortaq tarixə, humanist dəyərlərə və xalqlarımızın səmimi münasibətlərinə əsaslandığını təsdiqləyir.
Azərbaycan-Vyetnam münasibətlərinin təməli təxminən yetmiş il bundan əvvəl qoyulub. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri xalqlarımız arasında dostluğun başlanğıcında mühüm tarixi hadisə kimi yadda qalıb. Bu səfər sonrakı illərdə inkişaf edən qarşılıqlı münasibətlər üçün möhkəm zəmin yaradıb.
İki ölkə arasındakı əlaqələrin möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin də misilsiz xidmətləri olub. Onun 1983-cü ildə Vyetnama səfəri və nümayəndə heyətinin proqramının səkkiz günə qədər uzadılması əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirib. Həmin səfər çərçivəsində əldə olunan razılaşmalar Vyetnamın iqtisadi inkişafına mühüm töhfə verib.
Müstəqillik dövründə də bu ənənələr uğurla davam etdirilib. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidentinin Azərbaycana cavab səfəri münasibətlərin inkişafında mühüm mərhələlər olub. 2025-ci ildə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri və Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması isə əlaqələri keyfiyyətcə yeni səviyyəyə yüksəldib.
Azərbaycan-Vyetnam münasibətlərinin ən mühüm istiqamətlərindən biri humanitar əməkdaşlıqdır. Heydər Əliyev Fondu Vyetnamda həyata keçirdiyi xeyriyyəçilik və sosial layihələrlə iki xalq arasında dostluq əlaqələrinin möhkəmlənməsinə mühüm töhfə verir. Təhsil və sosial infrastruktur sahəsində reallaşdırılan təşəbbüslər Azərbaycanın humanizm və həmrəylik prinsiplərinə sadiqliyinin bariz nümunəsidir.
Fondun dəstəyi ilə Vyetnamın Ha Giang əyalətində ibtidai məktəbin tikilməsi, Hanoy Ticarət və Turizm Kollecinə maliyyə yardımının göstərilməsi bu fəaliyyətin əhəmiyyətli nümunələrindəndir. Bu layihələr yalnız maddi dəstək deyil, həm də gələcək nəsillərin təhsilinə və inkişafına yönəlmiş dəyərli sərmayədir.
Prezident İlham Əliyevin müsahibəsində xüsusi vurğuladığı kimi, elm və təhsil sahəsində əməkdaşlıq da dinamik inkişaf edir. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması bu əlaqələrin zəngin tarixi ənənələrə malik olduğunu göstərir. Bu gün universitetlər arasında imzalanan əməkdaşlıq sənədləri, akademik mübadilə imkanları və təhsil qrantları münasibətlərin daha da genişlənməsinə şərait yaradır.
2025-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılması isə iki xalqın tarixi dostluğuna ehtiramın rəmzi kimi xüsusi əhəmiyyət daşıyır.
Xalqlar arasında dostluğun möhkəmlənməsində mədəniyyətin rolu əvəzsizdir. Azərbaycan və Vyetnam arasında mədəni əlaqələr uzun illərin sınağından çıxaraq bu gün yeni məzmun və istiqamətlər qazanır. 2026-cı ildə Azərbaycanda keçirilən Vyetnam Günləri festivalının Bakı və Qəbələ şəhərlərini əhatə etməsi ölkəmizdə Vyetnam mədəniyyətinə göstərilən marağın ifadəsidir.
Vyetnam şairi Mai Van Phanın “Gün doğarkən” şeirlər toplusunun Azərbaycanda nəşri də ədəbi əlaqələrin inkişafına verilən töhfələrdəndir. Azərbaycan bəstəkarı Qara Qarayevin “Vyetnam süitası” əsəri, rejissor Əjdər İbrahimovun Vyetnam kino sənətinin inkişafına verdiyi töhfələr isə mədəni yaxınlığımızın tarixi köklərini nümayiş etdirir.
Bütün bunlar göstərir ki, Azərbaycan ilə Vyetnam arasında münasibətlər qarşılıqlı hörmət, etimad və səmimi dostluq üzərində qurulub. Prezident İlham Əliyevin müsahibəsi də bu əlaqələrin gələcək inkişafına dair aydın mesajlar verir. Əminliklə demək olar ki, tarixi dostluğa söykənən Azərbaycan-Vyetnam tərəfdaşlığı bundan sonra da genişlənəcək, yeni əməkdaşlıq imkanları yaradacaq və hər iki xalqın rifahına xidmət edəcək.
Sevda Quluyeva
YAP Kəngərli rayon təşkilatının sədri
Çində keçirilən sammit rus lideri üçün diplomatik rüsvayçılıq idi...
Ruslar arasında hakim ictimai əhval-ruhiyyə ümidsizlikdir...