Siyasət

  • 3 714

Azərbaycan Prezidentinin hər bəyanatı Ermənistanı təlaşlandırır

image

İlham Əliyev: “Azərbaycan öz ərazilərinin işğalı ilə heç vaxt barışmayacaq və Azərbaycan döyüş meydanında öz gücünü göstərib”

Prezident İlham Əliyevin xarici siyasət kursu Azərbaycanı qlobal iqtisadi, siyasi və logistik mərkəzə çevirib. Dövlət başçısının “hücum diplomatiyası” strategiyası son illərdə özünün bəhrəsini verməkdədir. Bu uğurlar həm Azərbaycanın ayrı-ayrı dövlətlərlə ikitərəfli əlaqələrinin inkişafında, həm də nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq müstəvisində özünü göstərir.

Xüsusi ilə, Azərbaycanın xarici siyasət kursunun ana xəttini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli və beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində konkret nəticənin əldə edilməsi və Ermənistan tərəfindən işğal edilmiş ərazilərin azad edilməsi təşkil edir. Son bir neçə ildə beynəlxalq müstəvidə bu sahədə ciddi uğurların əldə edilməsini siyasi ekspertlər Azərbaycanın xarici siyasətdə mühüm nailiyyətləri kimi qiymətləndirirlər.

Xüsusilə, son 15 ildə müstəqil dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi, məhz Azərbaycan Prezidentinin liderlik keyfiyyətləri, siyasi iradəsi və uzaqgörənliyi sayəsində reallaşıb. Siyasi ekspertlər son bir ildə baş verən hadisələr fonunda Azərbaycanın xarici siyasətdə ciddi uğurlar əldə etdiyini təsdiqləyirlər. Bu isə, bir daha Azərbaycanın güclü və qüdrətli olduğunu göstərir.

Ən maraqlı məqam isə, Azərbaycan Prezidentinin hər dəfə səsləndirdiyi bəyanatının Ermənistanı təlaşlandırmasıdır. Elə bu günlərdə Prezident İlham Əliyevin şəhid ailələri ilə keçirdiyi görüş zamanı səsləndirdiyi “Azərbaycan öz ərazilərinin işğalı ilə heç vaxt barışmayacaq və Azərbaycan döyüş meydanında öz gücünü göstərib” bəyanatı Ermənistan xarici işlər naziri Z.Mnatsakanyanı narahat edib.

Çünki Ermənistan anlayır ki, Azərbaycan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial və ardıcıl mövqeyi bu gün artıq sözügedən konfliktlə əlaqədar regionda tamam yeni bir vəziyyətin yaranmasına gətirib çıxarmaqdadır.

Ermənistanın işğalçı

siyasəti ifşa edilməkdədir

Artıq bu, bir real faktordur ki, Azərbaycanın həyata keçirdiyi hücum diplomatiyası nəticəsində, Ermənistanın işğalçı siyasətinin ifşa edilməsi reallaşıb. Buna paralel olaraq, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində də ciddi nəticələr əldə olunub. Beləliklə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bölgədə yeni reallığın yaranması üzə çıxıb.

Eyni zamanda, Azərbaycanın qonşu ölkələrlə yüksək səviyyəli əməkdaşlığı da bu prosesdə mühüm rol oynayıb. Xüsusən də, Rusiya və İranla isti münasibətləri həmin ölkələrin Qarabağ münaqişəsinə baxışını dəyişdirib. Xatırladaq ki, Azərbaycan qlobal güclərin yürütdüyü təzyiq və təcrid siyasətinə qoşulmayaraq, İran və Rusiya ilə qarşılıqlı maraqlara cavab verən əməkdaşlıq əlaqələrini, dostluq və mehriban qonşuluq siyasətini daha da gücləndirməkdədir.

Burada təkcə bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycan və Rusiya prezidentləri 2018-ci ildə 6 dəfə görüşüblər, ölkə rəhbərləri arasında mövcud olan şəxsi dostluq münasibətləri dövlətlər arasında bütün istiqamətlər üzrə əlaqələrin inkişafına olduqca mühüm təsir göstərir.

Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin bu xüsusda bildirir: “Prezident Vladimir Putin Prezident İlham Əliyevlə şəxsi əlaqələrini daha da möhkəmləndirir. Biz İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanla münasibətlərdə ciddi yanaşma və məsuliyyət görürük. Putinlə dostluğun sirri təkcə simpatiyada deyil, həm də etibarlılıq və öz hərəkətlərindəki ardıcıllıqdadır. Rusiya İlham Əliyevin sözlərində və əməllərində dostluğun rəhnini görür. Ermənistanın baş naziri Nikol Paşinyanın söylədikləri, əməllərinə uyğun olmadıqda isə, bunun nəticələri, avtomatik olaraq, Rusiya və Ermənistan münasibətlərinin bütün strukturuna təsir edir. Yəni xalqlar arasında münasibətlərlə siyasəti qarışıq salmaq olmaz. Siyasət xalqlar arasında münasibətlərlə üst-üstə düşdükdə, bunun çox böyük səmərəsi olur. Hazırda biz bunu Azərbaycanla münasibətlərdə müşahidə edirik: xalqlarımız dostluq edir, prezidentlər dostdurlar və bütün bunlar Azərbaycanın Cənubi Qafqazda mövqeyinin güclənməsinə, həmçinin, Rusiyanın mövqeyinin möhkəmlənməsinə şərait yaradır”.

Ümumiyyətlə, real vəziyyəti təhlil edən ekspertlərin, demək olar, hamısının mövqeyi bundan ibarətdir ki, Ermənistanın bir dövlət olaraq, mövcudluğu və gələcəyi Dağlıq Qarabağ amilindən asılıdır. Azərbaycan torpaqlarını işğal altında saxlayıb, qonşu dövlətlərə ərazi iddiası irəli sürmək isə, erməni dövlətinin gələcəyini təhlükə altına alır. Bu baxımdan, Ermənistanda vəziyyətin düzəlməsinin əsas şərtlərindən biri və ən başlıcası, Yerevanın öz qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarmasıdır. Çünki bu dövlətin gələcəyi Azərbaycanla qonşuluq prinsiplərinə əməl etməkdən keçir.

Savadsız rəhbərin

uğursuz siyasəti

Ermənistanı uçuruma

aparır

Bu gün işğalçı Ermənistanın sosial-iqtisadi cəhətdən vəziyyətinin daha da pisləşdiyi, ölkədə tənəzzül prosesinin durmadan genişləndiyi müşahidə olunur. Ölkənin iqtisadi cəhətdən xaricdən asılı olması isə yaşanan problemlərin daha da dərinləşməsinə gətirib çıxarır. Bir sözlə, acınacaqlı siyasi situasiya ilə üzləşən Nikol Paşinyan, necə deyərlər, Ermənistanı iflasdan-iflasa sürükləməkdədir. Bu faktdır ki, Ermənistanın heç bir sərvəti olmayan, qonşu ölkələrlə iqdisadi potensialı olmayan və nədən qazanıb iqdisadiyyat quracağı bəlli deyil. Nə qədər ki, Ermənistan Azərbaycanın işğal altındakı torpaqlarını azad etməyəcək, bir o qədər ağır iqtisadi, siyasi mərhumiyyətlərə və məşəqqətlərə düçar olacaq. Bunu dərk etmək çətin olmasa da, N.Paşinyan anlamaq istəmir. Çünki müstəqil deyil, böyük güclərin və erməni lobbisinin əlində oyuncaqdır. Qondarma gedişlər etməklə itirməkdə olan siyasi imicini möhkəmləndirməyə çalışır.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu N.Paşinyanın ağıllı, savadlı və dərin düşüncəli rəhbər olmadığını bildirib. M.Əhmədoğlu onu da bildirdi ki, beynəlxalq məhkəmələrdə ən vacib məsələ Azərbaycan tərəfdən Ermənistanın Dağlıq Qarabağa müdaxiləsini sübut edən arqumentlər və faktlardır: “Mən 10-15 il qabağın faktlarını deyirəm. İndi ən yaxşı sübut və fakt əlimizdədir. N.Paşinyan Ermənistan vətəndaşıdır və baş naziridir. Bir faktı vurğulamaq kifayətdir. Belə ki, Paşinyanın oğlunun Ermənistan vətəndaşı olaraq, Dağlıq Qarabağda xidmət keçməsi o deməkdir ki, Dağlıq Qarabağ müstəqil deyil, amma Yerevan tərəfindən idarə olunur. Bu fakt beynəlxalq hüquq müstəvisində Azərbaycanın mövqeyini xeyli yaxşılaşdırdı. Kəşfiyyatçılarımız nə edəcək və nə iş görəcək, bilmirəm, amma bu arzuolunandır ki, hüquqşünaslarımız, məhz N.Paşinyanın oğlunun Dağlıq Qarabağda xidmət keçməsi və Dağlıq Qarabağın Yerevandan idarə edilməsi faktını beynəlxalq məhkəməyə versin. Bu, çox vacib məsələdir. N.Paşinyan bu hərəkətləri ilə nə qədər qanmaz, savadsız olsa da, o, başa düşür ki, Prezident İlham Əliyevlə görüşməsi onun səviyyəsi deyil”.

Beləliklə, bütün bu faktlar onu bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi hücum diplomatiyası nəticəsində, işğalçı Ermənistan dalana dirənib.

Belə vəziyyət yalnız Qarabağ konfliktinin həlli fonunda düzələ bilər. Başqa sözlə, Ermənistanın xilası Azərbaycanla əməkdaşlıqdan keçir. Ekspertlər hesab edirlər ki, bunun üçün mütləq işğal olunan Dağlıq Qarabağ regionu və ətraf rayonlar qeyd-şərtsiz azad edilməlidir.

A.SƏMƏDOVA

Digər xəbərlər