YAP Nəsimi rayon təşkilatında Bilik Günü münasibəti ilə tədbir keçirilib. Tədbir iştirakçılari Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, dahi şəxsiyyətin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov builki qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanan gəncləri Bilik Günü münasibətilə təbrik edib, onlara yenicə qədəm qoyduqları tələbə həyatlarında uğurlar arzulayıb.
Bildirilib ki, müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi, xüsusən də ali məktəblərin inkişafı ilə müəyyən edilir. Ulu öndər Heydər Əliyevin milli təhsil quruculuğu sahəsində başladığı islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının təhsilə diqqət və qayğısı sayəsində milli təhsil sisteminin aydın sabahını təmin edəcək inkişaf proqramları təsdiq olunur, Azərbaycan təhsilinin davamlı inkişafına yönəlmiş əsaslı tədbirlər görülür. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüs və dəstəyi ilə ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi, məktəblərin yenidən qurulması və gənc nəslin biliklərə çıxış imkanlarının genişlənməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub.
Nəsimi rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının müavini Zahid Xəlilov isə çıxışında ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmiş gəncləri və onların valideynlərini təbrik edərək qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərində əsası qoyulan təhsil strategiyası bu gün də öz bəhrəsini verir. Onun “Təhsil millətin gələcəyidir” kəlamı müasir Azərbaycanın inkişaf yolunda əsas prinsipə çevrilib və Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Sonra Nəsimi RİH başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək yüksək bal toplayaraq tələbə adını qazanmış gəncləri təbrik etmişlər. Onlar ölkədə elm və təhsil siyasətində həyata keçirilən islahatların, təhsil infrastrukturunun modernləşdirilməsinin və müəllim-şagird münasibətlərində yeni yanaşmaların gənclərin uğurlarında mühüm rol oynadığını vurğulamışlar.
“Avra Company” MMC-in direktoru Məsmun Quliyev çıxışında elm yolunun gənclərin həyatında əvəzsiz missiya daşıdığını qeyd edərək bildirib ki, yüksək nəticə göstərən məzunlar Azərbaycanın gələcək intellektual potensialını formalaşdıran dəyərli istedadlardır. Şirkətin direktor müavini Oruc Əliyev də gənclərə uğurlar arzulayaraq onların gələcəkdə ölkəmizin inkişafında fəal rol oynayacağına inamını ifadə edib.
Tələbələr adından çıxış edən yüksək bal toplayan məzun Gülay Mürvətova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təhsilə göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını bildirib.
Sonda 2024–2025-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlara hədiyyələr və təşəkkürnamələr təqdim olunub, tədbir iştirakçıları tələbə və valideynlərlə birlikdə xatirə şəkli çəkdiriblər.