Siyasət

  • 3 836

Pərvin Kərimzadə: Ulu öndərin möhtəşəm dönüşü Naxçıvandan başladı

image

Azərbaycanın intibahı və milli şüurun oyanışı ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlayıb, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter alıb. Xalqımız hər zaman öz böyük oğlunun misilsiz xidmətlərini minnətdarlıq duyğuları ilə anır, xüsusi ilə qeyd edir ki, ölkəmiz dünyada layiq olduğu mərtəbəyə ümummilli lider Heydər Əliyevin müdrikliyi, qətiyyəti, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib.

Hələ ulu öndər ölkəmizə rəhbərliyinin birinci dövründə sovet dövrünün bütün ideoloji-siyasi maneələrinə sinə gərərək, Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, ictimai şüurlardakı qorxunu aradan qaldıraraq müasir tariximizin ən şanlı və parlaq salnaməsini yazıb. Dahi şəxsiyyət müdrik, uzaqgörən fəaliyyəti ilə inqilabi dəyişiklik yaradaraq ölkəmizin çoxəsrlik dövlətçilik tarixində milli özünüdərkin oyanması, soykökə qayıdışın başlanğıc dövrünün bünövrəsini qoyub. Ulu öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçilməsi isə Azərbaycanın müstəqillik yolunun əsasını yaratdı.
Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Naxçıvandan başlanan dövlət müstəqilliyinin bütün Azərbaycan üçün aparıcı ideologiyaya çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına səbəb oldu. Həmin vaxtlar Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən sessiyalarında gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanırdı. Ulu Öndərin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarılması, ilk dəfə olaraq Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edilməsi, Azərbaycan dövlətinin bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etməsi üçün Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırılması müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir.
Ömrünün hər anı ilə siyasi təqvimimizdə özünəməxsus yeri olan dahi şəxsiyyətin təkidi və iradəsi ilə 1991-ci ildə Naxçıvan Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda iştirak etmədi. Ulu Öndərin Ali Məclisin Sədri vəzifəsində işləyərkən 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səslədi. 1992-ci il noyabrın 21-də isə respublikanın müxtəlif bölgələrindən gələn 550-dən artıq nümayəndənin iştirakı ilə bu günün hakim partiyası – Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Bu addımlar ulu öndərin qətiyyət, cəsarət, öz xalqına, öz millətinə nə qədər bağlı olduğunu bir daha sübut etdi.
Beləliklə, ulu öndərin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisə, eyni zamanda, təcrübəli bir dövlət xadiminin dövlət idarəçiliyinə möhtəşəm dönüşü oldu.

yap.org.az

Digər xəbərlər