Siyasət

  • 7 076

Hərbi uğurlarımız siyasi - diplomatik qələbələrimizə zəmin yaradır

image

Bu gün təxminən otuz illik məcburi fasilədən sonra Azərbaycan dövləti və ordusu beynəlxalq hüququn və Azərbaycan xalqının verdiyi səlahiyyətlə öz ərazilərində anti-terror və sülhə məcburetmə əməliyyatlarını uğurla davam etdirir. Deməliyəm ki, ilk növbədə Azərbaycan ordusu terrorçu Ermənistan yaraqlılarından fərqli olaraq bütün yazılmış və yazılmamış müharibə qanunlarına sözsüz əməl edərək, bir çox sferada uğurla prossesləri idarə etməkdədir. Bunun qarşılığında siyasi və hərbi meydanda uduzan düşmən ölkə çıxış yolu kimi yalnız mülki əhaliyə hücum edərək öz əməllərini və məğlubiyyətlərini ört-basdır etmək niyyətində olsa da, istər mətbuat nümayəndələri, istər sosial şəbəkə istifadəçiləri, istərsə də diplomatik yollar vasitəsi ilə haqlı mövqeyimiz dünya ictimaiyyətinə operativ şəkildə çatdırılır.

Ola bilsin ki, dünya birliyinin mövqeyi dəyişməyib və hələ də öz verdikləri bəyanat, ifadə və sözlərin arxasında durmur, geri çəkilir. Lakin Azərbaycan ötən otuz illik müddətdə keçmiş dərslərdən ciddi nəticələr çıxardaraq real hərbi, siyasi, intellektual güc mərkəzi kimi erməni xislətini darmadağın edəcək gücdədir. Cənab Prezident, möhtərəm Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi bizim mübarizəmiz erməni xalqı ilə deyil, bizim vətən müharibəmiz torpaqlarımızı işğalda saxlayan Ermənistanda yuva salmış hərbi-kriminal rejimlədir.
27 sentyabr tarixindən başlanan əks-həmlə döyüş əməliyyatları əlbəttə hərbi sahədə real və təkzibedilməz uğurlarla əhatələnmişdir. Lakin biz insanların, dünya birliyinin süurlarında inqilab edə bildik. Biz “donmuş münaqişə” və “status-kvo” kimi sərsəm diplomatik terminlərin Dağlıq Qarabağ Ermənistan-Azərbaycan münaqişəsi üçün xarakterik olmadığını sübut etdik. Bunu bizim dövlət başçımız, onun əqidəsi və Azərbaycan xalqının köksündə bəslədiyi şanlı ordusu bacardı.
Cənab Prezidentin də qeyd etdiyi kimi bizi otuz ildir Ermənistanın Xocalıda-Qarabağda əli xalqımızın qanına batan erməni rəhbərləri ilə müzakirələrə məcbur edən dünya dövlətləri dünyanı və bizi inandırmaq istəyirdilər ki, güya bu münaqişənin hərbi həll yolu yoxdur. Biz bu mənasız mifologiyanı da darmadağın edən millət və dövlətik. Biz göstərdik ki, əgər diplomatik həll qalmayıbsa biz məsələni beynəlxalq hüququn xalqımıza verdiyi haqlar çərçivəsində həll etmək iqtidarındayıq. Bəli, əlbəttə bu münaqişənin hərbi həlli var və Azərbaycan xalqı bu həll varinatından istifadə edəcəyini həmişə deyirdi. Budur, zaman o zamandır və Azərbaycan xalqı öz ərazi bütövlüyünü suveren hüquqlarından istifadə edərək bərpa edir.
İki qonşu dövlət arasında gözəl münasibətlər olar. Sərhədlər ayırıcı deyil birləşdirici xarakter daşıyar. Lakin hər zaman çörəyimizi yeyib, üzümüzə ağ olan ermənilər bir əsrdir dayanmadan torpaqlarımızı, ərazi bütövlüyümüzü pozur, sərhədlərimizə hücum edir və bizə təmas xəttinin mövcudluğundan dəm vurur. Cənab Ali Baş Komandan dedi və biz də onun tarixi sözlərinə qoşuluruq. Yoxdur təmas xətti anlayışı və əgər yeni danışıqlar başlasa, belə bir amil olmayacaq. Azərbaycanın ərazi bütövlüyü təmamilə suveren dövlətimiz tərəfindən idarə olunduqdan sonra Ermənistanla aramızda yalnız dövlət sərhədləri mövcud olacaqdır.
Azərbaycana qarşı mövqeyindən asılı olmayaraq dünya siyasi sistemindən anlayışı olan hər kəsdə vahid bir düşüncə var ki, nəinki erməni, hətta heç bir xalqın nümayəndəsi Nikol Paşinyan qədər özünü və xalqını biabır edib, rəzil vəziyyətə salmamışdır. Hesab edirəm ki, diplomatik və siyasi etika Prezidentimiz tərəfindən Paşinyanın bütün simalarının bir-bir sadalanmasına imkan verməyib. Düşünürəm ki, cənab Ali Baş Komandan tərəfindən onun ünvanına söylənilən hər bir sözə o layiqdir. Erməni xalqı öz xalqını və dövlətini alçaldan, onları heç bir müqəddəs amal olmadan yad torpaqlarda ölümə göndərən Paşinyan haqqında tədbir görməlidir. O, onsuz da Azərbaycanla yanaşı öz xalqına verdiyi bütün sözləri də pozmuş və öz xalqını aldatmışdır. Bu gün Tərtərə, Gəncəyə, Ağdama, mülkü vətəndaşlarımıza edilən hücumların əsas məramı, məqsədi döyüş meydanında uğranılmış məğlubiyyəti ört-basdır etməkdir.
Şuşada şərxoş halda oynadığı yallı bu gün Paşinyanın başını ağrıdır. Bu, sabah da belə olacaq. Şuşada oynadığı rəqs ona baha başa gəldi. Dövlətçilik ənənəsi olmayan, idarəetmədən xəbərsiz biri tam təsadüf nəticəsində hakimiyyətə çeviriliş yolu ilə gəlmişdir. Hakimiyyətə gələndə necə Azərbaycan hakimiyyətinə onlara vaxt verməyi üçün yalvarırdısa, bu gün də dünyada elə bir lider qalmayıb ki, Azərbaycan ordusuna, Prezidentinə təyziq olunsun deyə yalvarmasın. Bizim qətiyyətimiz var və cənab Prezidentin də qeyd etdiyi kimi ərazi bütövlüyümüz tam təmin olunana qədər dayanmamışıq, dayanmayacağıq.
Ötən iki həftə ərzində bütün dünyaya öz hərbi gücümüzü göstərdik. İndi hərbi uğurların, qətiyyətin siyasi-diplomatik uğurlara çevirilməsinin vaxtıdır. Axı biz sülh prossesindən çıxmamışıq və biz Ermənistan deyilik. Biz sülhə məcburetmə üçün əks-həmlə əməliyyatı həyata keçiririk. Ona görə də sülhü heç kim bizim qədər istəyə bilməz. Biz hərbi əməliyyatlar vasitəsi ilə Ermənistanı sözün bütün mənalarında məcbur etdik ki, danışıqlar masasında manipulyasiya etməsin. Xatırlayırsınızsa, ermənilər baza prisiblərinə sadiq qalmayaraq əraziləri azad etməkdən boyun qaçırırdılar. Hətta onlar Dağlıq Qarabağa aid olmayan 7 rayonu belə danışıqlar predmeti hesab etməyərək son iki ildə sülh prossesinə ciddi zərər vurmuş oldular. Bu azmış kimi danışıqların formatını dəyişməyə cəhd edərək Azərbaycanı “Dağlıq Qarabağ Respublikası” ilə danışıqlara cəlb etmək istəyirdilər. Çox təəssüf ki, dünya buna da susurdu. O dünya ki, bugün Paşinyanın yalvarışlarına dözməyərək cənab Prezidentə zəng edir. Halbuki, Azərbaycan xalqı təhqir edilməyə cəhd ediləndə dünya buna dözürdü. Biz və qətiyyətli Ali Baş Komandanımız dözmədi, son qarış torpağımız alınana qədər nə mübarizəmiz, nə də qayıdış planımız dayanmayacaq.
Dünyanın aparıcı dövlətlərinin ədalətsiz mövqeyi və ikili oyunlarından artıq hər bir Azərbaycan vətəndaşı xəbərdardır. Moskava bəyannaməsi bizim hərbi qələbələrimizin siyasi etirafıdır. Ermənistan bizimlə bacarmadı və onu Rusiya növbəti dəfə xilas etdi. Lakin bu daimi və uzun müddətli atəşkəs deyil. Qəti sülh müqaviləsi kimi qəbul olunmamalıdır. Bu, sadəcə hümanitar məqsədlərlə təmin olunmuş atəşkəs prossesidir. Əgər ermənilər bu dəfə onlara verilmiş fürsətdən düzgün istifadə edə bilsələr, əlbəttə qalıcı və substantiv sülh danışıqlarından bəhs etmək olar. Belə ki, Ermənistanın baza prinsiplərinə uyğun danışıqlara davam edəcəyi Moskva bəyannaməsində açıq qeyd edilmişdir. Bu, Ermənistanın bir subyekt kimi məhv olmasının qarşını alar və onu regionda gedən iqtisadi prosseslərə qoşularaq inkişaf etdirə bilər. Bir şərtlə ki, Ermənistan Azərbaycan torpaqlarını tərk etsin və bunu konkret vaxtda həyata keçirsin.
Moskva bəyannaməsini elə ilk pozan və belə demək mümkündürsə, əməl etməyən Ermənistan olmuşdur. Ermənistan silahlı qüvvələri mülkü əhalini son saatlarda intensiv atəşə tutmaqla əslində hər kəsin bildiyi, lakin bəzi qüvvələrin unutmaq və unutdurmaq istədiyi simasını bir daha nümayiş etdirdi. Gəncə şəhəri döyüş xəttindən 60 km kənarda yerləşir, ölkəmizin ikinci böyük şəhəridir. Mingəçevir şəhəri isə Azərbaycanı işıqla təmin edən su elektrik stansiyasına malikdir. Bunlara edilmiş hücumlar anti-hümanist hücumlardır. Azərbaycan ordusu lazımi tədbirləri görür və ermənilər layiqli cavablarını alırlar.
Biz bütün dünya miqyasında öz haqq səsimizi dünyaya çatdırmaq uğrunda mübarizə aparırıq. Arxa cəbhə informasiya müharibəsi aparır. Bu məsələ milli məsələdir. Azərbaycan Prezidenti üçün milli maraqlardan daha vacib heç bir məqam, mərtəbə yoxdur. Hər birimiz əsgərik!

Vüqar Seyidov
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri

yap.org.az

Digər xəbərlər