Erməni ictimai-siyasi rəyindəki fikir ayrılığının daha bir nümunəsi
Bugünlərdə erməni ictimai-siyasi rəyində daha çox danışılan mövzulardn biri qondarma “dqr”in saxta “prezidenti” Araik Arutunyanla Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərimizdəki qanunsuz silahlı dəstələrin mərhələli olaraq çıxarılması ilə bağlı apardıqları gizli danışıqları ilə bağlıdır. Artıq o da məlum olub ki, bu ərazilərdə qalan havadan müdafiə kompleksləri də Ermənistana doğru çıxarılmağa başlayıb. Söz yox ki, bu proses digər tələblərin də yerinə yetirilməsinə qədər davam edəcək və xüsusilə üçtərəfli bəyanatda əks edilən müddəalar tam şəkildə icra olunmazsa, hər hansı böyük sülh razılaşmasından danışmağa da dəyməz. O zamana qədər ki, Xankəndi də daxil olmaqla, Xocalı, Əsgəran, Xocavəndin bir hissəsi və s. müvəqqəti olaraq nəzarətimizdə olmayan ərazilərimiz tam şəkildə, rəsmən Azərbaycanın yuridiksiyasına keçsin!Məhz bundan sonra atəşkəs rejimi sülh danışıqları ilə əvəzlənə, bununla da növbəti müharibə təhlükəsinə birdəfəlik son qoyula bilər. Çünki o da məlumdur ki, bu gün Ermənistanda və Qarabağda revanşist dəstələr hələ də mövcuddur və hər an onlar tərəfindən sui-qəsdlər, diversiyalar, silahlı təxribatlar, terror aksiyaları törədilə bilər.
Xüsusilə, Rusiyanın Qarabağdakı mandatına xələl vurular və bu heç də ermənilərə yaxşı nə isə vəd edə bilməz
Lakin sözügedən məsələdə maraqlı olan daha bir amil budur ki, Ermənistanın birləşmiş müxalifətinin vahid namizədi Vazgen Manukyan belə bir fikirlə çıxış edərək deyib ki, əgər bu gün Ermənistan “dqr”in “müstəqilliyini” tanıyarsa, ölkə daha ağır fəsadlarla qarşı-qarşıya qala bilər. Xüsusilə, Rusiyanın Qarabağdakı mandatına xələl vurular və bu heç də ermənilərə yaxşı nə isə vəd edə bilməz. Nəzərə alarsaq ki, Manukyan həqiqətən də rusiyapərəstdir və hətta hakimiyyətə yiyələnəcəyi mümkün olarsa belə, ermənilərin saxta arzuları çin olmayacaq, bu zaman oradakı siyasi proseslərin sonrakı taleyini indidən təsəvvür etmək mümkündür. Amma daha bir maraqlı fakt budur ki, Ermənistanın digər siyasi adamları da müxtəlif fikir səsləndirərək, ölkələrinin “dqr”in “qarantı” olub-olmaması ətrafında bir-birilərinə qarşı zidd müzakirələr aparırlar.
Erməni sosial şəbəkə seqmenti: “Sizin günahınız üzündən Ermənistan hətta Sünikdə (Zəngəzurda) öz sərhədlərini qorumur, hansı qarantiyadan söhbət gedə bilər?”
Misal üçün, müxalifətçi Maarifçi Ermənistan Partiyasının deputatı Edmin Marukyan iddia edib ki, Ermənistan daha “dqr”in “qarantı” deyil. Hakim “Mənim addımım” blokunun deputatı Ruben Rubinyan isə əksinə - iddia edib ki, Ermənistan “dqr”in “qarantı” kimi qalmaqda davam edir.Bu arada, ermənilərin sosial şəbəkələrində də bu mövzulda müzakirələr aparılır və əsasən, hakim partiyanın deputatı hədəfə alınaraq onun fikirləri istehza ilə qarşılanır. “Rubinyanın sözlərindən sonra Sülhməramlı qüvvələrin və Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin mənsubları hansısa bir güşədə xısın-xısın gülürlər”, yazan erməni sosial şəbəkə istifadəçiləri “Sizin günahınız üzündən Ermənistan hətta Sünikdə (Zəngəzurda – R.R.) öz sərhədlərini qorumur, hansı qarantiyadan söhbət gedə bilər? Sizin hamınız milli məclisin (parlamentin) həblərinin təsiri altındsınız? Artıq yerə enin”, fikirlərini də önə sürürlər.Bu amil isə həm də belə bir nəticəyə gəlməyə zəmin yaradır ki, Ermənistan nəinki fəaliyyətinə son qoyulmuş qondarma “dqr”in, hətta özünün də qarantı deyil. Fakt, bunu elə erməni xalqının özü də etiraf etməkdədir, özü də istehza ilə...
sia.az