Siyasət

  • 4 968

Ceyhun Bayramov: İƏT Ermənistan-Azərbaycan münaqişəsi zamanı ölkəmizin haqlı mövqeyini daim dəstəkləyib

image

İslam Əməkdaşlıq Təşkilatı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı ölkəmizin haqlı mövqeyini daim dəstəkləyib. Təşkilatın bu məsələ ilə bağlı mövqeyi bütün platformalarda səsləndirilib. Bu mövqe 44 günlük Vətən müharibəsi dövründə də dəyişmədi.

Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osayminlə aprelin 8-də keçirilən görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, Azərbaycandakı səfirlər vəziyyətlə yerində tanış olublar, işğaldan azad edilən bölgələrə səfər ediblər. Onlar Ermənistanın dinc xalqımıza qarşı hərbi təcavüzü ilə yaxından tanış olublar.
“Üçtərəfli Bəyanatın imzalanmasından sonra yaranmış vəziyyət sayəsində yeni təhlükəsizlik formatı və inkişafın əsasını təşkil edən şərait formalaşıb. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması və işğaldan azad edilən ərazilərin yenidən qurulması istiqamətində işlər görülür. Təəssüf ki, qarşı tərəfdən bir sıra qeyri-konstruktiv addımların şahidi oluruq. Otuz il ərzində Ermənistan işğal etdiyi əraziləri minalayaraq istifadəsiz hala gətirib və bu ərazilərin xəritəsini Azərbaycana vermək istəmir. Bütün aidiyyəti qurumlara bu barədə sənədlər, hesabatlar təqdim edilib. Son günlər ərzində vətəndaş cəmiyyətinin üzvləri tərəfindən də bununla bağlı petisiya hazırlanır. Bu baxımdan, dost dövlətləri Azərbaycana dəstəkləməyə çağırırıq”, - deyə Ceyhun Bayramov bildirib.
Nazir qeyd edib ki, Ermənistan Xarici İşlər Nazirliyinin qeyri-adekvat açıqlamaları qarşı tərəfin reallığı düzgün qiymətləndirməməsindən irəli gəlir. Əgər Azərbaycana qarşı hər hansı təhdid olarsa, ona hüquq çərçivəsində lazımi cavab veriləcək.
İslam Gənclər Forumunun yaradılmasının bilavasitə Azərbaycanın təşəbbüsü ilə reallaşdığını qeyd edən C.Bayramov bildirib: “Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən, İslam ölkələrindən olan tələbələr üçün xüsusi təqaüd proqramı hazırlanıb. İƏT-Azərbaycan münasibətləri uğurla inkişaf edir. Bu əlaqələrin davamlı surətdə inkişaf edəcəyinə inanırıq”.

yap.org.az

Digər xəbərlər