Siyasət

  • 5 367

Zamana qalib gələn LİDER

image

98-ci ildönümünü qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin memarıdır

Hər bir xalqın sakit, rəvan yaşam nizamını, dövlətin müstəqliyyinin möhkəmlənməsini o xalqın liderləri tənzimləyir və həyata keçirirlər. Bu baxımdan o xalqlar xoşbəxt xalqlardırdı ki, böyük gücə və idarəetmə qabiliyyətinə, eləcə də xalqını bəlalardan qoruyub, dövlətini inkişaf etdirən liderləri var. Ancaq bəzən xalqını arxasınca aparmaq məharətinə sahib lider problemi yaşayan xalqlar da olur.1991-1993-cü illərdə Azərbaycanın üzləşdiyi ağır, üzücü problemlər, siyasi, iqtisadi və sosial böhranlar məhz liderin olmaması səbəbindən baş vermişdir. O dövrdə müstəqillik yollarında ilk addımlarını atan Azərbaycanda xaos və anarxiya hökm sürürdü. Zor gücünə hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyü ölkənin müstəqilliyini məhv olmaqdan, xalqı üzləşdiyi bəlalardan xilas etmək üçün düşünülmüş tədbirlər görmək iqtidarında deyildi. Siyasi baxımdan təcrübəsiz, dövlət idarəçiliyində heç bir təsəvvürə malik olmayan hakimiyyət ölkəni ağır bəlalara sürükləyirdi. Ölkədaxili vəziyyətin idarəolunmaz durumda olmasından istifadə edən erməni hərbi birləşmələri ardıcıl olaraq torpaqlarımızı işğal edirdilər. Bu kimi ağır problemlərin həllinə səy göstərməkdənsə AXC-Müsavat iqtidarı narazı xalqın üzərinə güc strukturlarını göndərir, onları zor gücünə sakitləşdirməyə çalışırdı. 1993-cü ilin iyun hadisələri ölkədaxili ağır durumun kulminasiya nöqtəsi oldu. Azərbaycanda vətəndaş müharibəsi qaçılmaz idi.Ancaq aydın təfəkkürlü ziyalılar, böyük xalq kütlələri vətəndaş müharibəsindən qaçmağın və ölkənin düşdüyü böhrandan çıxarılması yolunu Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsində gördülər. Bu məqsədlə xalqımızın milli maraqları ətrafında birləşən sağlam qüvvələri, YAP-ın qızıl fondu hesab edilən 91 ziyalı 1992-ci il oktyabrın 16-da Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Müraciətdə deyilirdi: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.24 oktyabr 1992-ci il də ziyallara cavab məktubunda Ümummilli Lider Heydər Əliyev: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”, deyərək yaradılması nəzərdə tutulan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılığını verir.


Tarixi zərurətdən yaranan partiya

Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Ümummilli Lider Heydər Əliyevin YAP-ın Sədr seçilməsi Azərbaycanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət idi. O ağır tarixi hadisələr barədə Ulu Öndərimiz Heydər Əliyev deyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir. Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.Ümummilli Liderimiz Heydər Əliyevin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda çıxışı zamanı bildirdi ki, bütün dövrlərdə Heydər Əliyev xalqla birlikdə idi: “Məhz buna görə ağır günlərdə, faciəvi günlərdə Azərbaycan xalqı Ona müraciət etmişdir. 1993-cü il iyunun 15-də bu salonda parlamentin iclasında Heydər Əliyev Azərbaycan parlamentinin Sədri vəzifəsinə seçilmişdir. Bir daha demək istəyirəm ki, müasir tariximizdə bu, dönüş nöqtəsi idi.

Ondan sonra vəziyyət sabitləşməyə doğru getməyə başladı, vətəndaş müharibəsinə son qoyuldu, qanunsuz silahlı birləşmələr tərk-silah edildi, nizami ordu quruculuğu istiqamətində önəmli addımlar atıldı, Azərbaycan beynəlxalq təcriddən çıxa bildi. Çünki o vaxta qədər dünyadakı erməni lobbisi belə bir təsəvvür yaratmışdı ki, guya Azərbaycan təcavüzkar dövlətdir və Azərbaycan Ermənistana qarşı təcavüz edir. Halbuki bizim torpaqlarımız işğal altına düşürdü”.

Məhz 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan dövləti faciələrdən xilas ola bildi. Dahi Öndər Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində ölkəmizdə vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, iqtisadi, hərbi, diplomatik nailiyyətlərin əldə olunması üçün geniş və əhatəli zəmin yaradıldı. Nüfuzlu beynəlxalq təşkilatların üzvü olan Azərbaycan həm də, dünyanın aparıcı dövlətləri ilə iqtisadi, siyasi, diplomatik əlaqələr qurdu. Bu baxımdan haqlı olaraq 15 iyun 1993-cü il tarixi Azərbaycan xalqının qızıl bir səhifəsi olaraq qeyd olunur. Ümummilli Lider Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, “mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram və bütün gücümlə çalışacam ki, dövlətim müstəqil, əbədi olsun”.
Azərbaycan yeni inkişaf mərhələsində


Dahi Öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkə də yaranan ictimai siyasi sabitlik, iqtisadi dirçəliş xalqın əyilmiş qəddini düzəltdi. Xalq öz liderinə buna görə öz təşəkkürünü bildirmək üçün Ona bir ad verdi- Ümummilli Lider. Ümummilli Lider Heydər Əliyev əhalinin sosial-iqtisadi durumunun yaxşılaşdırılması üçün ilk öncə ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın bu gününə və gələcəyinə inamı artırdı. Bu müqavilədən sonra xeyli sayda neft-qaz sazişləri imzalandı. Hazırda ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcminin 120 milyard dollardan artıq olması da deyilənlərin təsdiqidir. Təbii ehtiyatların xalqa məxsusluğunu sözdə deyil, əməldə göstərilməsinin tərəfdarı olan Ümummilli Lider Heydər Əliyev 1999-cu ilin dekabrında Dövlət Neft Fondunu yaratmaqla əldə olunan gəlirin şəffaf və ədalətli bölünməsini təmin etdi. Bu gün Neft Fondunun aktivlərinin həcmi 50 milyard dollardan artıqdır. 1996-2003-cü illərdə ölkəmizdə bütün makroiqtisadi göstəricilər 2-3 dəfə artdı.

Ölkədə 3000 yeni sənaye müəssisəsi yaradıldı. 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatına 20 milyard dollar investisiya qoyuldu. Həmin dövrdə ümumi daxili məhsul 22,3 dəfə artdı. Bütün sahələrdə islahatlar geniş miqyas aldı, ölkəmizin beynəlxalq nüfuzu durmadan artmağa başladı. Ulu Öndər Heydər Əliyev iqsadi inkişafı təmin etməklə yanaşı digər sahələrdə də mühüm addımlar atdı, qərarlar imzaladı.
1995-ci ilin noyabrında Dahi Öndərimiz Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizin gələcəyinin müəyyənləşdirilməsində mühüm istiqamətlərdən oldu. 1998-ci il də Ulu Öndər Heydər Əliyevin qərarı ilə Şərqdə ilk dəfə olaraq ölüm hökmünə qoyulan moratorim tamamilə ləğv edildi. Yüksək humanizmə söykənən bu addım Azərbaycanın beynəlxalq nüfuzunun artmasına səbəb oldu və 2001-ci ilin 25 yanvarında Azərbaycan Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edildi. Ulu Öndər dünya azərbaycanlılarını müstəqil Azərbaycan dövlətinin ətrafında sıx birləşməsinə nailı olmaq üçün Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təsis etdi və Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin yaradılması haqqında sərəncam imzaldı. 2001-ci ilin mayın 23-də imzalanan sərəncama əsasən həmin ilin noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Bütün bunlara əsaslanaraq birmənalı şəkildə o faktı qeyd etmək olar ki, Dahi Öndər Heydər Əliyev Azərbaycan dövlətinin qururusu, xalqımızın xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf strategiyası həyata keçirməklə sübuta yetirib.


Ümummilli Lider Heydər Əliyevin ideya və idarəçilik məktəbinin əbədiyaşarlığı təmin edilib
2003-cü ildən sonra Ümummilli Lider Heydər Əliyevin ideya və idarəçilik məktəbinin əbədiyaşarlığı ölkə Prezidenti, YAP-ın Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirlməkdədir. Ulu Öndər Heydər Əliyevin idarəçilik ənənələrini yeni dövrün tələblərinə uyğun daha da zənginləşdirən Prezident İlham Əliyev xalqın problemlərinə, arzu və istəklərinə həssaslıqla yanaşır və dövlətimizin beynəlxalq aləmdə imicinin möhkəmlənməsinə, sosial-iqtisadi gücünün, hərbi-siyasi qüdrətinin daha da artmasına əhəmiyyətli töhfələr verir. Hələ 2003-cü il prezident seçkiləri ərəfəsində Ulu Öndərimiz Heydər Əliyev demişdir: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçidir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".Bəli, Prezident İlham Əliyev Ulu Öndərimiz Heydər Əliyevin Ona olan inam və etimadını ən yüksək səviyyədə doğrultdu. Son 17 ildə Azərbaycanın daxili və xarici siyasətdə qazandığı uğurlar bir daha sübut etdi ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursu və Azərbaycan dövlətçiliyi etibarlı əllərdədir. Mövcud reallıqlar və beynəlxalq maliyyə institutlarının yaydıqları hesabatlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində ölkəmiz dünyanın ən aparıcı, qüdrətli dövlətlərdəndir. 2018-ci ilin 11 aprel seçkilərindən sonra Azərbaycan daha da güclənib, zənginləşib, hərtərəfli inkişaf yolunda yeni uğurlara imza atıb. Xüsiusilə 44 günlük Vətən müharibəsi ilə 30 il işğal altında olmuş torpaqlarımızın azad edilməsi Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharətinin nəticəsidır. 44 gün davam edən müharibədə Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Parlaq Qələbəsi ilə başa çatdı.Bir sözlə, Dahi Öndərimiz Heydər Əliyevinn əsasını qoyduğu müdrik siyasət və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz sabitlik adasına, iqtisadi inkişafın yüksək səviyyədə bərqərar olduğu dövlətə çevrilib. Təbii ki, nə qədər Azərbaycan xalqı və dövləti var, bu siyasət dəyişməyəcək. Bu isə onu deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin davam etdirilməsi ilə Azərbaycan xalqı və dövləti yeni-yeni uğurlar qazanacaq, nailiyyətlər əldə edəcək.

Amin İsmayılov,
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü

sia.az

Digər xəbərlər