Siyasət

  • 10 279

Əsrimizin dühası – HEYDƏR ƏLİYEV

image

Ulu Öndər Heydər Əliyevlə şəxsən tanışlığım 1971-ci ildə Azərbaycan Pedoqoji İnstitutuna gələn zaman olub. O zaman belə bir qayda var idi ki, I katiblər rus dilində danışırdılar. Lakin Ulu Öndər Heydər Əliyev bizim İnstituta gələn zaman Azərbaycan dilində danışmağa başladı. Həm də çox maraqlıdır ki, Azərbaycan dilində çox zəngin və həssas danışırdı. Səlis nitqindən bir daha aydın görünürdü ki, Onun çox böyük natiqlik qabiliyyəti var və bu məharətindən çox bacarıqla istifadə edir.

Dəqiq yadımdadır Ulu Öndər 1971-ci ilin noyabr ayında indiki Nizami küçəsində gəzintiyə çıxmışdı. İnsanlarla salamlaşan zaman bir gənc Heydər Əliyevə yaxınlaşaraq bildirdi ki, 8-ci kilometr qəsəbəsində işıqlar tez-tez kəsilir, sakinlər buna görə əziyyət çəkirlər. Həmin vaxt Bakı Şəhər İcra Hakimiyyətinin başçısı işləyən Aydın Məmmədov da Heydər Əliyevlə birlikdə gəzintidə iştirak edirdi. Həmin gəncin şikayətinə cavab gecikmədi. Hətta həmin gecə televiziya vasitəsilə verilən son xəbərlərdə Bakı şəhərinin 8-ci kilometr qəsəbəsində elektrik enerjisi ilə bağlı problemin olması barədə informasiya elan olundu.

Ulu Öndər Heydər Əliyevin mühüm əhəmiyyət verdiyi sahələrdən biri də təhsil sahəsi idi. Xüsusilə, azərbaycanlı gənclərin hərbi sahədə təhsil almaları üçün Heydər Əliyevin təşəbbüsü ilə 1972-ci ildə Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycan Dövlət Pedoqoji Universitetinin nəzdində Hərbi və Fiziki təlim fakültəsi açıldı. Həmin fakültə öz fəaliyyətini bu və ya digər şəkildə bu gün də davam etdirir. Elə həmin illərdə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Təhsil müəssisəsi yaradıldı. 1970-1980-cı illərdə təhsil sahəsində elə ixtisas sahələri vardı ki, onları bizim Ali təhsil müəssisələrində almaq mümkün deyildi. Ona görə də Ulu Öndər Heydər Əliyev orta məktəbi yenicə bitirmiş istedadlı gənclərin SSR-nin böyük elm mərkəzlərinə getmələrini təşkil edirdi. İmtahanlar Bakıda keçirilir, lakin təhsil almaq üçün gənclər Mokvaya, Leninqrada və Kiyevə göndərilir və bununla da onlar mükəmməl təhsil alırdılar. Heydər Əliyev eyni zamanda aspirantura və doktorantura dərəcələrini bu ölkələrdə oxumaq istəyən tələbələrin həmin şəhərlərdə təhsil almalarına önəm verirdi. Bütün vaxtlarda da həmin məsələlərin nə yerdə olduğuna bilavasitə nəzarət edirdi. Eyni zamanda hərbi sahədə də Azərbaycanlı gənclərin SSR-də fəaliyyət göstərən Hərbi məktəblərə birbaşa, məqsədli ezam olunmalarına və həmin böyük elm mərkəzlərində hərbi təhsil almalarına qayğı göstərirdi. Biz bu gün Ulu Öndər Heydər Əliyevə xeyirxah əməllərinə görə borcluyuq. Çünki həmin vaxtda Heydər Əliyevin bilavasitə qayğısı və nəzarəti sayəsində ali təhsil, yüksək elmi dərəcə almış, hərb elminin sirrlərinə yiyələnmiş mütəxəssislər bu gün Azərbaycan Respublikasının elm, təhsil və hərbi sahəsindəki işlərinin idarə olunmasında məharətlə iştirak edirlər. Ulu Öndər Azərbaycanın bu gününü deyil, onun gələcəyini fikirləşirdi.

Heydər Əliyev ilk azərbaycanlı olub ki, təhlükəsizlik orqanlarında müxtəlif vəzifələrdə çalışıb və ən yüksək - general rütbəsi alıb. Azərbaycan xalqının ziyalılarını real təhlükələrdən xilas edib. Bu barədə televiziyalarda, yazılı mətbuatda həmin şəxslərin öz dilindən eşitmişik, Ulu Öndər Heydər Əliyevin ünvanına xoş sözlərinin və minnətdarlıqlarının şahidi olmuşuq.

1992-ci ildə Heydər Əliyev Naxçıvanda Milli Məclisin Sədri vəzifəsində idi. Qədirbilən Azərbaycan xalqı Heydər Əliyevlə əlaqələrini heç vaxt kəsmirdi. Respublikanın müxtəlif regionlarından Naxçıvana gedən insanlar Onunla görüşür, ölkəmizdə baş verən hadisələri və bundan çıxış yollarını müzakirə edirdilər. Həmin görüşlərdə məqsəd Azərbaycanın o zamanki ağır durumundan çıxış yolları tapmaq idi. Bu məsələdə nicat yolunu hər kəs Heydər Əliyevdə görürdü. 1992-ci il 16 oktyabrda bir qrup Azərbaycan ziyalısı (indi rəsmi sənədlərdə həmin ziyalılar “91-lər” adlandırılır) Ulu Öndər Heydər Əliyevə məktubla müraciət etdilər. Əlbəttə, həmin məktubun cavabı çox gecikmədi. Elə 1992-ci il 26 oktyabr tarixində Heydər Əliyev həmin müraciətə müsbət cavab verdi.

Ancaq o vaxtkı hakimiyyət Heydər Əliyevin Bakıya gəlməsinə süni əngəl yaratmaqda davam edirdi. Bunu nəzərə alaraq 1992-ci ilin 21 noyabrında Naxçıvanda əlverişsiz bir şəraitdə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Ulu Öndər yeni yaradılan partiyanın Sədri seçildi. Heydər Əliyevin Sədrliyi ilə Yeni Azərbaycan Partiyası qısa zaman kəsiyində, təxminən 6 ay sonra hakimiyyətə gəldi. Bu, Azərbaycan tarixində müstəsna hadisələrdəndir. Bu, ancaq Ulu Öndər Heydər Əliyev dühasının Azərbaycan xalqı yanında illərdən bəri qazandığı etimadın və etibarın nəticəsi idi.

1988-ci ildən başlayaraq Azərbaycanda hakimiyyət uğrunda ciddi mübarizə gedirdi. Hakimiyyətə gələnlər ölkəni idarə edə bilmir, qısa zamanda hakimiyyətdən gedir və onları başqaları əvəz edirdi. Xüsusilə də 1988-1992-ci illərdə baş verən Qarabağ münaqişəsi də ölkədə ciddi sosial və iqtisadi, o cümlədən hərbi-siyasi xaos yaratmışdı. Hakimiyyətin səriştəsizliyi səbəbindən respublikada qarşıdurmalar artıq vətəndaş müharibəsi həddinə gəlib çatmışdı. Ölkənin parçalanamaq təhlükəsi getdikcə artırdı. Ona görə Heydər Əliyev ona edilən müraciətə müsbət cavab verdi və 1993-cü ilin iyun ayında Bakıya gəldi.

Onu da qeyd edək ki, Ulu Öndərin Bakıya gəlişi üçün təkcə “91-lər” deyil, həm də o zaman hakimiyyətdə olanlar müraciət etmişdilər. Çünki onların özlərinin də həyatı təhlükə qarşısında idi. Sürət Hüseynov adlı korpus komandiri özünün tabeçiliyində olan hərbçilərlə paytaxtdan 70 kilometr məsafədə olan Nəvahi qəsəbəsinə qədər gəlib çatmışdı və hakimiyyətdəkiləri hədələyirdi ki, Bakıya gəlib onları "Azadlıq" meydanında dar ağacından asacaq. Həmin vaxtda Ulu Öndər Heydər Əliyev Bakıya gəldi və Milli Məclisin sessiyasında iştirak etdi. Sessiya bitəndən sonra elan etdi ki, indi Gəncəyə gedirəm. Gəncəyə getməyinin səbəbini isə orada baş verən qarşıdurma ilə əlaqədar olduğunu izah etdi. O vaxta qədər AXC-Müsavat cütlüyü Gəncəyə bir neçə dəfə ağsaqqallardan ibarət dəstə göndərmişdi ki, Sürət Hüseynov bu qarşıdurmadan çəkinsin. Lakin Sürət Hüseynov Ulu Öndər Heydər Əliyevdən öncə Gəncəyə bu müraciətlə getmiş heç bir şəxsi qəbul etməmişdi. Çünki həmin adamlara inam yox idi. Heydər Əliyev Milli Məclisdə Gəncəyə gedəcəyini elan edən zaman bir neçə nəfər Heydər Əliyevlə birgə Gəncəyə getmək istədiyini dedi. Ulu Öndər Heydər Əliyev o zaman bildirdi ki, "məgər siz indiqə qədər Gəncənin yolunu bilmirdiz? Mənə bir neçə nəfər jurnalistdən başqa heç kim lazım deyil. Onlar da məni gözləyirlər".

Həqiqətən də Heydər Əliyev Milli Məclisdən birbaşa Gəncəyə getdi, xalq və o zaman qarşı-qarşıya dayanan hərbçilər Ulu Öndəri böyük mənuniyyətlə qəbul etdilər. Bir-birinə silah tuşlamış əsgərlər Ulu Öndərin gəlişindən sonra Qarabağ uğrunda gedən döyüşlərə qatıldılar. Bununla da Gəncədə qarşıdurmaya son qoyuldu. Təsəvvür edin ki, hadisələr zamanı hakimiyyətdə olan cəbhəçilər Gəncənin bombalanmasını tələb edirdilər. Bu, çox dəhşətli fəlakətlərə səbəb ola bilərdi. Heydər Əliyevin müdrikliyi, fədakarlığı, soyuqqanlılığı faciəni önləyə bildi. Mənim tələbələrimdən də Qarabağ döyüşlərinə iştirak edənlər var idi. Sürət Hüseynov, həmiçinin hakimiyyətdə olan cəbhəçilər silahlarını separatçı ermənilərə yönəltmək əvəzinə Gəncədə qarşı-qarşıya gəlmişdilər. Tərəflərdən heç biri də geri çəkilmək niyyətində deyildi. Çünki, bir-birlərini xəyanətdə suçlayan bu insanlara "dur" deyən həqiqi ağsaqqal, lider yox idi. Bütün bunlar tarixi faktlardır.

Bəli, Heydər Əliyev 1993-cü oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti seçildi və bundan sonra Azərbaycanın bütün sahələrində baş verən uğursuzluqlarının aradan qaldırılması prosesinə başlanıldı. Hətta, Qarabağda gedən döyüşlərdə dönüş baş verdi. 1994-cü ilin may ayında atəşkəsə nail olmağın əsas məqsədi vaxt qazanmaq, Azərbaycan ordusunun döyüş hazırlığını yüksəltmək və Azərbaycan ordusunun döyüşlərdə müasir texniki vasitələrdən istifadə etmək bacarığını yüksətlməklə əlaqəli idi.

1994-cü ilin 20 sentyabrında tarixə böyük saziş adı ilə daxil olmuş “Əsrin müqaviləsi” imzalandı. Bu isə dünya ölkələrinin Azərbaycana inamının artmasına şərait yaratdı. Azərbaycana investisiya qoyuluşu qarşılıqlı tərəfdaş kimi danışıq imkanlarını artırdı. Düzdür, 18 oktyabr 1991-ci ildə Azərbaycan öz müstəqilliyini elan etmişdi, lakin həmin müstəqillik təhlükə altında idi. Ona görə də Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtması ilə müstəqilliyimizin xilaskarına çevrildi. Ulu Öndərin qatı əleyhdarları belə düşünürdülər ki, Azərbaycanı düşdüyü çətin vəziyyətdən yalız Heydər Əliyev xilas edə bilər.

Ulu Öndərin ən böyük xidmətlərindən biri də Prezident seçildikdən sonra böyük dövlətlərə olan səfərləri idi. Dahi şəxsiyyət hər səfərində dünyaya sübut edirdi ki, Azərbaycan sivil bir ölkədir. Onun xarici ölkələrə mütəmadi səfərləri bizi hər zaman gileyləndiyimiz informasiya blokadasından çıxarırdı. İnformasiya blokadasından xilas olmaq Azərbaycanın bugünkü uğurlarının başlanğıcı idi.

Ümummilli Lider 1994-1995-ci illərdə baş verən dövlət çevrilişinə cəhdlərin qarşısını aldı, Azərbaycanın hərtərəfli çiçəklənməsi üçün şərait yaratdı. Heydər Əliyev hakimiyyətdə olduğu müddətdə ölkəmizi yüksək ustalıqla, peşəkarlıqla idarə etdi, bütün sahələrdə canlanma, inkişaf baş verdi, çox sayda islahatlar aparıldı, istedadlı və bacarıqlı insanları dövlət vəzifələrində irəli çəkilməsinə şərait yaratdı. Həmin kurs bu gün də davam etdirilir.

Dahi şəxsiyətin Azərbaycan xalqı qarşısında daha böyük bir xidməti isə Onun irsini davam etdirən siyasi varisi İlham Əliyev cənablarına xeyir dua verməsi idi. 2003-cü ilə İlham Əliyev ölkəyə Prezident vəzifəsinə seçildi. İlham Əliyev vətəndaşlarla görüşəndə gənclər Onu özlərinin qardaşı, yaşlılar da özlərinin övladı kimi qəbul etdilər.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bizə 2020-ci ilin 10 noyabr Zəfərini yaşatdı. Ona görə, xalqımız bütün hallarda Onun Ali Baş Komandan kimi böyüklüyünə, sərkərdəliyinə hörmət və rəğbətlə yanaşır. Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının bu gün üzvlərinin sayı 700 mindən artıqdır. Dahi Öndər Heydər Əliyevin də dediyi kimi Yeni Azərbaycan Partiya dünənin, bu günün və sabahın partiyasıdır...

Ədalət Fərəcov,
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü

sia.az

Digər xəbərlər