Siyasət

  • 3 866

Ulu öndər Heydər Əliyev milli dövlətçiliyimizin ideya təməlini qoyub

image

Müasir Azərbaycan dövlətinin yaranması və inkişafı Ulu Öndər Heydər Əliyevin titanik fəaliyyəti ilə bağlıdır

Tarixi faktlar və reallıqlar göstərir ki, hər bir dövlətin müstəqillik əldə etməsi və inamlı inkişafını təmin edən strateji amillərdən biri liderlik fenomenidir. Tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Bu mənada, bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu və inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Ölkəmizin inkişafında, gələcəyə əmin addımlarla irəliləməsində lider fenomeni müstəsna əhəmiyyətə malikdir. İnkaredilməz reallıqdır ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, Ulu Öndər Heydər Əliyev olmuşdur.
Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın intibah salnaməsi
Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlər minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsidir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunmuşdur.Azərbaycanın hərtərəfli inkişafı, gələcək tərəqqisi üçün möhkəm əsasların yaradılması zəngin təcrübəyə, böyük istedada, parlaq zəkaya, ali mənəvi keyfiyyətlərə, yüksək siyasi idarəçilik və liderlik qabiliyyətinə, tükənməz enerjiyə malik Heydər Əliyevin sosial-iqtisadi strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.
1969-cu ildə Dahi Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etməsi ilə başlanan şərəfli missiya sayəsində Azərbaycanın siyasi və iqtisadi inkişafının əsasları yaradılmışdır. Onun əsas qayəsi ölkəmizi ittifaq miqyasında əsas respublikalardan birinə çevirmək, həyata keçirilən inkişaf proqramlarını insanların sosial həyatına, iş yerlərinin və sənaye komplekslərinin yaradılmasına, təhsilə, səhiyyəyə, elm, mədəniyyət, incəsənət, idman sahələrinin dirçəlişinə nail olmaq idi. Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri aparıldı, Azərbaycan sovet respublikaları arasında xammal mənbəyi sayılan aqrar respublikadan inkişaf etmiş sənaye ölkəsinə çevrildi, sənaye və kənd təsərrüfatının bütün sahələrində inkişafa nail olundu, yeni sənaye sahələri yaradıldı, istehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırıldı. Mütərəqqi texnologiyaların istehsalata tətbiqi sayəsində Azərbaycan SSRİ-də qabaqcıl mövqeyə yiyələndi, istehsal olunan məhsulların keyfiyyəti yaxşılaşdı.1969-1982-ci illərdə respublikamızın iqtisadiyyatında ciddi keyfiyyət dəyişiklikləri baş verdi. Ulu Öndərin rəhbərliyi sənaye sahəsində dərin islahatlar aparmaqla respublikamızda sənayeləşmənin əsası qoyuldu. Sənaye iqtisadiyyatın əsas güc mərkəzinə çevrildi. Həyata keçirilən məqsədli dövlət proqramlarının icrası nəticəsində təkcə Azərbaycan üçün deyil, İttifaq respublikaları və xarici ölkələr üçün strateji əhəmiyyət kəsb edən iri sənaye obyektləri, Dərin Özüllər Zavodu, Bakı Məişət Kondisionerləri Zavodu, Cənubi Qafqazın ən iri Poladtökmə zavodu, Gəncədə Əlvan metallar zavodu, Ələtdə Ağac emalı kombinatı, Naxçıvanda və Sumqayıtda Şüşə zavodları və digər güclü sənaye müəssisələri yaradılaraq istifadəyə verildi. Əgər 1969-cu ilədək Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi ilk dövrdə, yəni cəmi 14 il ərzində onların sayı 1048-ə çatmışdı. O dövrdə Azərbaycanın sənaye müəssisələrində istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac edilirdi. Bu, SSRİ miqyasında ən böyük iqtisadi hadisə idi. Respublikamızda neftmaşınqayırması və neftayırma sənayesinin yenidən qurulması həyata keçirildi ki, bu da müstəqillik dövründə yeni neft strategiyasının uğurla həyata keçirilməsində mühüm rol oynadı. Azərbaycanın neftmaşınqayırma sənayesinin yeni sahələri yaradıldı. Bunun nəticəsində 1975-ci ildə respublikada ümumi neft və qaz hasilatının həcmi 3 dəfəyə yaxın artaraq 27,1 milyon tona çatdı. 1982-ci il dekabrın ilk günlərində Azərbaycan və keçmiş SSRİ-nin siyasi tarixində mühüm əlamətdar hadisənin əsası qoyuldu. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin edildi. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib. Heydər Əliyev həmişə qurub-yaratmaq, inkişaf etdirmək amalı ilə çalışmış və hansı vəzifədə olmasından asılı olmayaraq dövlət işlərinə sədaqətlə xidmət etmişdir. Onun təşəbbüskarlığı və gərgin əməyinin məhsulu olan Baykal-Amur magistralı, dəmir yolları, körpülər, yol və genişmiqyaslı nəqliyyat qovşaqları, infrastruktur layihələri, mühüm strateji dövlət obyektləri tikilib istifadəyə verilmişdir.
Azərbaycanın ciddi sınaq dövrü
Müstəqilliyin ilk illəri Azərbaycan üçün ciddi sınaq dövrü olmuşdur. Müəssisələr arasında mövcud əlaqələrin pozulması, o dövrdəki siyasi rəhbərliyin səriştəsizliyi, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20%-nin işğalı, 1 milyondan çox soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi, Azərbaycanın iqtisadi, siyasi, informasiya blokadasına alınması ölkənin sosial-iqtisadi həyatında xaosa gətirib çıxarmışdı. 1991-1994-cü illər ərzində ölkə iqtisadiyyatında ÜDM hər il orta hesabla 16,5% azalmışdı. Tənəzzül meyli sənayedə xüsusilə kəskin xarakter almış, 1985-ci ilə nisbətən sənaye istehsalının həcmi 1993-cü ildə 50%-ə qədər azalmışdı. 1991-ci ildən etibarən inflyasiya səviyyəsi dəfələrlə artaraq, 1994-cü ildə 1764%-ə çatmış, büdcə kəsirinin ümumi daxili məhsula nisbəti 13%-ə qədər olmuş, 1992-1994-cü illərdə xarici ticarət dövriyyəsinin həcmi 42% azalmışdır.Yalnız Ümummilli Liderimiz Heydər Əliyev xalqın yekdil çağırışı ilə hakimiyyətə qayıtdıqdan sonra respublikamızda sabitlik təmin edildi, inkişafın bünövrəsi qoyuldu, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Azərbaycan Ulu Öndərin uzaqgörən siyasəti və qətiyyətli rəhbərliyi sayəsində parçalanma təhlükəsindən xilas olaraq yeni bir inkişaf dövrünə qədəm qoydu. 1994-cü ildə dünyanın aparıcı neft şirkətləri ilə "Əsrin müqaviləsi” imzalandı və bununla da ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Neft müqavilələrinin imzalanması nəticəsində xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi təmin olundu, Azərbaycanın beynəlxalq əhəmiyyətli strateji-iqtisadi layihələrə qoşularaq dünyanın qabaqcıl dövlətləri ilə iqtisadi əməkdaşlığı dərinləşdi. 1995-2003-cü illərdə iqtisadiyyatın əsas güc mənbəyi olan enerji resurslarının dünya bazarlarına çıxarılması və yüksək neft gəlirlərinin əldə olunması iqtisadi inkişafı təmin etdi.Ulu Öndər Heydər Əliyev neft strategiyasının əsas istiqamətlərindən biri kimi, Azərbaycan neftinin dünya bazarlarına nəqlini vacib hesab edirdi. Bu məqsədlə müəyyənləşdirilən ən uğurlu marşrut Bakı, Tbilisi və Ceyhanı birləşdirən boru kəmərinin çəkilməsi idi. Həmin dövrdə müxtəlif xarici qüvvələrin təxribatlarına və təzyiqlərinə baxmayaraq, Heydər Əliyevin əzmkarlığı və qətiyyəti nəticəsində Bakı-Tbilisi-Ceyhan boru kəmərinin çəkilməsinə dair sazişin imzalanması mümkün oldu. Türkiyə-Gürcüstan-Azərbaycan dövlətlərinin birliyi, Amerika Birləşmiş Ştatlarının dəstəyi nəticəsində, ən əsası isə Ulu Öndərin əzmkarlığı sayəsində bəzilərinin əfsanə hesab etdiyi layihə reallığa çevrildi.
Azərbaycanın ötən 17 illik şanlı və zəngin tarixi bizim üçün qürur mənbəyidir
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu möhtəşəm inkişaf salnaməsi onun siyasi varisi, yeni güclü lider İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycanın inkişaf piramidasının yeni obrazını yaratdı. 2003-cü ildən sonra inkişafının yeni mərhələsinə qədəm qoyan Azərbaycanın ötən 17 illik şanlı və zəngin tarixi bizim üçün qürur mənbəyidir. Ötən illər ərzində ölkəmiz sürətli iqtisadi tərəqqiyə çatıb, dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevrilib, ölkəmizin hər bir vətəndaşı layiqli və ləyaqətli sosial həyat, şəraitlə təmin olunmuşdur. Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən demokratik, hüquqi, dünyəvi dövlətin quruculuğu istiqamətində yorulmaq bilmədən inamla, inadla çalışmış, hər bir vətəndaşın rəhbəri olmaq üçün diqqət və qayğısını əsirgəməmiş, ölkəmizdə möhkəm tolerantlıq mühiti yaratmış, irqindən, milliyyətindən, sosial mənşəyindən, dilindən və dinindən asılı olmayaraq şəxsiyyətin hüquq və azadlıqlarının hərtərəfli və etibarlı müdafiəsini təmin etmişdir.YAP Sədri, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, prinsipiallığı və beynəlxalq aləmdə böyük nüfuzu sayəsində Azərbaycan dünyanın siyasi və iqtisadi məkanında mövqeyini gündən-günə gücləndirir. Azərbaycanın təşəbbüskarı olduğu transmilli layihələr hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft, Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Xəzər dənizinin enerji resursları region ölkələrinə və Avropaya nəql edilir. Son illərdə reallaşdırılan ən mühüm layihələrdən olan, Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən, Prezident İlham Əliyevin "XXI əsrin layihəsi” adlandırdığı "Cənub qaz dəhlizi” layihəsi isə enerji əməkdaşlığımızı genişləndirərək Azərbaycanı Avropanın böyük təbii qaz təchizatçılarından birinə çevirməkdədir. Azərbaycanla Türkiyə arasında dünyanın ən böyük enerji layihələrindən olan TANAP layihəsinin icrasına başlanılması və istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı enerji-nəqliyyat sahəsində uğur dastanının şanlı səhifələridir.
44 gün ərzində tariximizin Zəfər Salnaməmiz yazıldı
Bəli, 17 il öncə deyilənlər, bu gün öz müsbət nəticəsini verib. Ulu Öndər Heydər Əliyev: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”,-vəsiyyətini reallaşdıran Prezident İlham Əliyev bütün sahələrdə, son 17 ildə özünü dəfələrlə isbatlayıb. Bu realllığı Azərbaycan xalqı görür və bəlkə də bu son 30 ildə bu qədər qürurlu olmamışdı - 44 gün ərzində tariximizin Zəfər Salnaməmiz yazıldı, Bütövləşən Azərbaycanımız – Qarabağ Azərbaycanımıza qovuşduq. Məhz bu Böyük Qələbə Prezident İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı imicini qazanması bütün sahələrdə təsdiqlənməsinin reallığıdır. Bu yerdə Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu fikirləri bir daha yada salmaq yerinə düşər: "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevıriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Ümummilli Lider Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.Bu gün artıq verilən bütün vədlər reallaşıb. Dövlət başçısı əldə olunan Qələbə zamanı xalqa müraciətində də bildirmişdir ki, Azərbaycanda bundan sonra da Heydər Əliyevin siyasətini davam etdirəcək: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm",-deyərək son 17 illik Prezidentlik fəaliyyətinin nəticəsidir ki, son 30 il ərzində həsrətində olduğumuz Qarabağ Azərbaycandır!ımıza, haqq və şərəf işimiz olan, Azərbaycan Respublikamızın suverenliyi və ərazi bütövlüyümüzə və nəhayət Qələbə Zəfərimizə nail olduq!”.Bir sözlə, deyilənləri yekunlaşdıraraq, demək istərdim ki, Ulu Öndər Heydər Əliyevin ideyaları və əməlləri Onun siyasi və layiqli varisi qalib Sərkərdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daxili və xarici siyasətində müstəqil Azərbaycanın yeni-yeni zirvələri fəth etməsinə böyük imkanlar yaradıb və bu, əbədi olaraq belə olacaq!

Aydın Hüseynov
Milli Məclisin deputatı, YAP Təftiş Komissiyasının üzvü

sia.az

Digər xəbərlər