Siyasət

  • 5 358

Türkiyənin yeni reallıqlar fonunda Cənubi Qafqaz siyasəti - ŞƏRH

image

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri iki dost və qardaş ölkə arasında münasibətlərin daha da möhkəmlənməsində növbəti addım oldu. Qarabağın tacı sayılan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının zəfərinin zirvəsi oldu. Heç şübhəsiz, Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyəti var. Bu sənədin imzalanması ilə Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyur.Səfər çərçivəsində iyun ayının 16-da Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisə gələrək Azərbaycan parlamentində geniş çıxış etmişdir.Rəcəb Tayyib Ərdoğanın Şuşada və Azərbaycan Milli Məclisində çıxışı zamanı verdiyi bəyanatlar qardaş ölkənin yeni reallıqlar fonunda Cənubi Qafqazda apardığı və bundan sonra da aparacağı geosiyasətin əsas konturları kimi də qəbul oluna bilər. Bu konturları şərti olaraq bir neçə istiqamətdə qruplaşdırmaq mümkündür. Bunlar əvvəla Türkiyənin Azərbaycanla müstəqilliyin ilk illərindən başlatdığı və əbədi olaraq müəyyənləşdirilmiş əməkdaşlıq, qardaşlıq, birlik siyasətini daha qətiyyətlə aparmaqla bağlı dünyaya verdiyi mesajdır.Türkiyə prezidenti açıq şəkildə bütün dünyaya bəyan etdi ki, Türkiyə Azərbaycanın yanında olmaq siyasətini bundan sonra da davam etdirəcəkdir. Bir mesaj olaraq bütün dünyaya bildirildi ki, dünyadakı qlobal və regiondakı beynəlxalq münasibətlərin hansı formada dəyişməyindən və dəyişəcəyindən asılı olmayaraq Türkiyə Azərbaycanın yanında əbədi olaraq qalacaq. Digər tərəfdən vurğulanan mesaj Türkiyənin bölgədə gələcəkdə meydana gələ biləcək müharibə təhdidlərinə qarşı sinə gərəcəyi ilə bağlıdır. Türkiyə prezidenti bu bölgədə sülhün və təhlükəsizliyin əbədi qalmasında maraqlı olduqlarını bildirdi. Bu marağın ödənməsi üçün Türkiyə əməkdaşlıq mənafeləri və beynəlxalq hüquq tələbləri çərçivəsində bütün addımları gələcəkdə də atacaq. Həmçinin, Türkiyə bölgədə yeni reallığa uyğun olaraq əməkdaşlıq perspektivlərinin açılmasına çox maraqla baxır və bu perspektivlərin gerçəkləşməsi üçün əlindən gələni etməyə hazırdır.Bildirilib ki, işğaldan azad olunmuş ərazilərin dirçəlməsində Türkiyə də öz töhfəsini verəcəkdir. Həmin ərazilərdə yeni yollar inşa edilir, su kəmərləri çəkilir, elektrik stansiyaları qurularaq istifadəyə verilir. Yeni infrastruktur obyektləri tikilir. Türkiyə dövləti də bu işlərdə fəal iştirak edəcək, bölgədə məktəb, xəstəxana və digər sosial obyektlər inşa edəcəkdir.Cənab Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı daha qətiyyətlə səsləndirdiyi fikirlər deməyə əsas verir ki, həqiqətən Türkiyə lideri Zəngəzur dəhlizinə bu bölgədə böyük bir əməkdaşlıq perspektivi açan layihə kimi baxır və bu layihənin gerçəkləşməsində sona qədər qətiyyətli olduğunu nümayiş etdirir. Qarabağın gələcək inkişafı Azərbaycan ilə birlikdə Ermənistan üçün də yeni bir dövrün başlanğıcıdır. Zəngəzur dəhlizində fəaliyyətə başlayacaq dəmir yolu ilə ermənilər də rahatlıqla Moskvaya və bütün dünyaya çıxış əldə edəcək və beləliklə özləri də özlərini saldıqları blokadadan xilas ola biləcəklər. O, Zəngəzur dəhlizinə təkcə Türk dünyansının bütövləşmə layihəsi kimi deyil, eyni zamanda Zəngəzur dəhlizinə bölgədə sülhün, barışın daha möhkəm şəkildə mövcud olmasına təminat kimi baxır.Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə irəli sürdükləri təklifi səsləndirdi. Altı ölkə - Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstan bir araya gələrək bir platforma formalaşdırsın. Yeni platforma bütün bölgənin inkişafına xidmət edəcəkdir. Davamlı sülhə gedən yol bölgədəki bütün xalqların və dövlətlərin qarşılıqlı etimad və əməkdaşlığından keçir. Həmin mühitin yaradılması üçün ən gözəl əsaslar Azərbaycanın tarixi, mədəniyyəti və dövlət siyasətidir.Türkiyə prezidenti Azərbaycanla əməkdaşlığın və qardaşlığın bütün sahələrdə daha da dərinləşdirilməsində israrlı olduğunu aydın şəkildə ortaya qoydu. Bu çıxışda bütün istiqamətlər üzrə verilən mesajlar Türkiyənin, həmçinin Azərbaycanın dövlət və milli maraqları ilə və bölgədə sülhün, təhlükəsizliyin davamlı olması maraqları ilə üzvü şəkildə səsləşir. Buna görə, cənab Ərdoğanın mesajlarını bölgədə sülhün və təhlükəsizliyin daha təminatlı və davamlı olmasına yönəlmiş Türkiyənin yeni geosiyasi kursunun əsas konturları kimi şərh etmək lazımdır.Deputatlar qarşısında çıxışında cənab Ərdoğan erməni vandalığına da toxunmuşdur. Bildirib ki, “mədəniyyət ilə vandallıq arasındakı fərqi görmək istəyən gəlsin Qarabağda iki dönəm arasındakı fərqə baxsın. Qarabağ coğrafi baxımdan dünyanın ən gözəl bölgələrindən biri olmaqla yanaşı, mədəniyyət baxımından da ən zəngin yerlərindən biri idi. İnşallah, yenə elə olacaq. Türkiyə olaraq, İnşallah, bu prosesdə də qardaş Azərbaycanın yanında yer almaqda davam edəcəyik”.Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi və Cıdır düzündə keçirilən Xarıbülbül musiqi festivalı bu baxımdan dünyaya verilən açıq bir mesajdır. Vaqif poeziya festivalına hazırlığın davam etməsindən məmnunluğunu bildirən Türkiyə Prezidenti qeyd edib ki: “Bu il Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanı gələn il Türk dünyasının mədəniyyət paytaxtı olaraq görməkdən məmnunluq duyarıq. Türk dünyasının hər tərəfindən gələcək mədəniyyət və incəsənət əhlinin bu gözəl şəhərdə görüşməsi Şuşanın qədim tarixinə verilən ən gözəl salam olacaqdır”.

İsrafil Kərimov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

sia.az

Digər xəbərlər