Siyasət

  • 1 939

Şanlı tariximizin hünər, rəşadət və igidlik rəmzi

image

Təxminən bir ay yarımdan sonra Azərbaycan xalqı çoxəsrlik tarixinin, eləcə də çağdaş hərb tarixinin ən əzəmətli hadisəsinin ildönümünü təntənə ilə qeyd edəcəkdir. Xalqımızın şərəf və ləyaqət tarixinin qızıl hərflərlə yazılmış səhifələri olan 44 günlük Vətən müharibəsi və qazanılan möhtəşəm Zəfər gələcək nəsillər üçün də əbədi sevinci mənbəyi olacaqdır. Məhz keçən il Azərbaycan xalqının Müzəffər Ali Baş Kamandanının və Milli Ordumuzun qəhrəmanlığı ilə otuz ilə yaxın müddətdə işğal altında olan Vətənimizin əbədi və ayrılmaz parçası Qarabağ torpaqları azad edilərək, dövrümüzün hünər, rəşadət, igidlik və şücaət salnaməsinə çevrildi. Bu Qələbə möhtərəm Prezidentimizin komandanlığı ilə əfsanəvi “Dəmir yumruq” əməliyyatı ilə ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Müzəffər Ali Baş Kamandanımızın qətiyyəti, əyilməz siyasi iradəsi və barışmaz mövqeyilə dünya bir daha Azərbaycan Xalqının birliyinin, həmrəyliyinin, Azərbaycan dövlətinin gücünün və Ordumuzun məğlubedilməızliyin şahidi oldu. Möhtərəm Prezidentimizin beynəlxalq aləmdəki informasiya və diplomatiya savaşındakı misilsiz uğurları 44 günlük Vətən müharibəsində şəksiz qələbənin əldə edilməsində həlledici rol oynadı. Bu zəfər həm də son iki yüz il ərzində Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik mövqeyində və ərazi iddiasında olan təcavüzkar Ermənistan və və onun havadarlarıı üzərində tarixi bir Zəfər idi. Azərbaycan xalqının qürur mənbəyi olan bu Qələbənin möhtəşəmliyi və doğurduğu sevinc sözlə ifadə edilə bilmədiyi kimi, onun siyasi, hüquqi, tarixi, iqtisadi və etnokultural və geosiyasi əhəmiyyəti də ölçüyə gələ bilməyəcək dərəcədə misilsizdir. Bölgədə yeni reallıqlar yaratmış və bölgənin həqiqi mənada lideri, dayanıqlı sülhün və inkişafın qarantı olan Azərbaycanın haqq və ədalət uğrunda apardığı Vətən müharibəsi, onun taktika və strategiyası, istifadə edilən müasir hərbi texnologiyaları bugün bir sıra inkişaf etmiş ölkələrdə və beynəlxalq təşkilatlarda tanınmış hərbi ekspertlər tərəfindən müasir hərb elminin yeni səhifəsi adlandırılır və hərbi məktəblərdə bu təcrübəsinin öyrənilməsini təqdir və tövsiyə edirlər. 44 gün ərzində təcavüzkar qonşumuzdan fərqli olaraq, Milli Ordumuzun nümayiş etdirdiyi hərb mədəniyyəti, beynəlxalq və humanitar qanun və normalara riəyyət etməsi dünya hərb tarixinə örnək səhifələr kimi yazıldı. Bu müharibə həm də sübut etdi ki, vətən torpağını namus bilən Azərbaycan xalqı şəhidliyi şərəf və savaş meydanınında döyüşməyi toy-bayram hesab edir. Xüsusi qeyd etmək lazımdır ki, ötən illər ərzində Azərbaycan xalqının əvəzolunmaz və yenilməz LİDERi diplomatiya və informasiya savaşında saxtalaşdırılmış erməni tarixinin mifologiya üzərində qurulduğunu beynəlxalq təşkilatlarda dəfələrlə sübut etmişdi. Xüsusən də 2020-ci ilin fevral ayının 15-də keçirilmiş Münxen Təhlükəsizlik konfransında möhtərəm Prezidentimiz cənab İlham Əliyev dünyanın gözü önündə tarixi faktlara və beynəlxalq hüquqa istinad edərək, işğalçı Ermənistanın Baş Nazirinin və onun ideoloqlarının yalanlarını ifşa edərək, bir daha onları dəstəkləyən qüvvələri xəbərdar etmiş və dünya erməniliyin əsl mahiyyətini açmışdı. Keçən il Vətən müharibəsi zamanı möhtərəm cənab Prezidentimizın çıxışlarının birində də “bizim Zəfərimiz Münxendən başlayır” deməsi də həqiqəti və Münxendən bugünədək baş verən tarixi hadisələrə uzaqgörənlik və müdrikliklə verilən qiymətdir. Bu mənada Münxen konfransında dünya birliyinə çox önəmli mesajlar verməklə Azərbaycanın məğlubedilməz LİDERi öz xalqına da ən yaxın zamanda savaş meydanında qazanacağımız Zəfərin müjdəsini də vermiş oldu. Konfrasda Ermənistanın Baş Nazirinə hüquq və tarix dərsi verilməsinə və ifşaedici məğlubiyyətinə baxmayaraq,işğalçılıq siyasətinə son vermək əvəzinə, o, müxtəlif hərbi təxribatları, çıxış və hərəkətləri ilə münaqişəni yenidən alovlandırmışdır. Azərbaycan xalqının səbrini sınağa çəkməyə cəhd Paşinyan bununla da, təcavüzkar və qondarma Ermənistan dövlətinin, onun havadarlarının və erməni faşizminin sonunu gətirmiş oldu. Fəxrlə qeyd etmək lazımdır ki, möhtərəm Prezidentimiz bütün dövlər ərzində prinsipiallığı, qətiyyəti və əzmkarlığı ilə həqiqi mənada qalib LİDER və Müzəffər Ali Baş Kamandan obrazını yaratmışdır. Onun Münxen konfransında Qarabağın Azərbaycanın tarixi torpağı olmasını təsdiq edən Kürəkçay, eləcə də Cənubi Qafqazın tarixində mühüm əhəmiyyət kəsb edən Gülüstan və Türkmənçay müqavilələri haqqında, eləcə də, son iki yüz ildə həm Çar Rusiyası həm də Sovet imperializmi dövründə bu bölgədə baş verən proseslər, bölgənin etnik tərkibi, azərbaycanlıların deportasiyası, demoqrafik nisbətin azərbaycanlıların əleyhinə məqsədyönlü dəyişdirilməsi, toponimləri barədə məlumatları beynəlxalq auditoriyaya çatdırmışdı.

Erməni xislətinin mahiyyətinin və onun yaratmış olduğu problem və faciələrin tarixi kökü qədim dövrlərə qədər uzandığını, erməni millətçi və ideoloqlarının bu xislətinin tarix boyu Azərbaycan və Türk xalqlarına qarşə müxtəlif cinayət əməlləri törətdiyini gerçək faktlarla əsaslandırmışdır. Fəxarətlə demək lazımdır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev daima istər müharibəyə qədər istərsə müharibənin gedişi və post müharibə dövründə müasir dünyanın mübarizə məkanı olan informasiya mübarizəsində cəsarətli və arqumentli çıxışları ilə bütün ermənipərəst qüvvələri ifşa etmişdi. O, çəkinmədən XIX-XX əsrlərdə erməni millətçilərinin törətdikləri cinayətkar əməllərinin xronologiyasının istər Çar Rusiyası istərsə də Sovet Rusiyasının arxivlərində təsbit olduğunu bəyan etmişdi. Erməni millətçilərinin müsəlmanlara, xüsusilə də azərbaycanlılara və türklərə qarşı tətbiq etdiyi əsassız tarixi ədavət və düşmənçilik Çar Rusiyasının Cənubi Qafqaz dair arxiv sənədlərində, o dövrün tarixi personajlarının məktub və yazışmalarında aydın əks olunmuşdur. Bütün bu anti-azərbaycan və anti-türk siyasəti Sovet imperializmi dövründə daha ifrat dərəcədə aparılmışdır. Belə ki, Siyasi Büroda, eləcə də Sovet İttifaqının rəhbərliyində təmsil olan, mahiyyətini və niyyətini dəyişməyən bolşevik maskalı erməni daşnakları və onların havadarları tərəfindən daha sürətlə, daha çoxşaxəli və daha faciəli formada həyata keçirilirdi. İki yüz il ərzində Azərbaycan xalqına qarşı həyata keçirilən bu mütəşəkkil və məqsədyönlü düşmənçilik və etnik təmizləmə XX əsrin sonuna doğru qondarma Ermənistan dövləti ərazisində kompakt yaşayan iki yüz əlli mindən çox azərbaycanlının deportasiyasə, Xocalı soyqırımının törədilməsi və Azərbaycanın 20 faiz torpağı olan Qarabağın işğalı və burada yaşayan səkkiz yüz minə yaxın azərbaycanlının qovulması erməni vandalizminin və faşizminin, onları dəstəkləyən qüvvələrin cinayət əməllərinin nəticəsi idi. Bu mənada möhtərəm Prezidentimizin bütün xarici səfərlərində və görüşlərində “münaqişənin necə həll edilməsi haqqında danışmaq üçün hər şeydən öncə biz geriyə qayıtmalı və məsələnin tarixinə baxmalıyıq”,-deməsi əslində bu problemin nə qədər ağır və nə qədər dərin kökə malik olmasını dünya ictimaiyyətinə çatdırmaq idi. Bütün bunlarla sözsüz ki, möhtərəm Prezidentimiz erməni təcavüzünün bütün hüquqi normaları pozmasını, eləcə də, təcavüzkarı dəstəkləyən bəzi beynəlxalq təşkilatları və dövlətlərin haqsızlığını və riyakarlığını da açıq-aşkar sübut edirdi. Bu mənada 2020-ci ilin 27 sentyabrında möhtərəm cənab Prezidentimiz və Müzəffər Ali Baş Kamandanımız cənab İlham Əliyevin haqq və ədalət uğrunda “İrəli” əmri ilə başlayan əks-hücum əməliyyatının hansı qüvvələrlə müharibə və mübarizə aparılmasının tam mənzərəsi aydın olur. Bütün bunları düşündükcə, eləcə də Vətən müharibəsi adlandırdığımız bu savaşda 44 gün ərzində baş verənləri təhlil etdikcə, dünya erməniliyi ilə mübarizə edən Azərbaycan xalqının əvəzolunmaz LİDER-inin, onun qəhraman Milli Ordusunun, hər qarış Vətən torpağı uğrunda canından, həyatında keçmiş şəhid və qazilərimizin misligörünməmiş qüdrətinin və fədakarlıqlarını bir daha dərk edir və bunula qürur duyursan. Bugün qalibiyyətlə bitirdiyimiz II Qarabağ müharibəsindən təxminən bir il keçməsinə baxmayaraq, əfsanəvi qəhramanlıq dastanına çevrilmiş mübarək Zəfərimiz və onun əzəməti haqqında beynəlxalq aləmdə də hələ də danışılır və müzakirə edilir. İllər, əsrlər keçəcək xalqımıza başucalığı gətirmiş bu mübarək Zəfərimizin tükənməyən sevinci gələcək nəsillər üçün də qürur mənbəyi olacaqdır. Bu Zəfəri şanlı tariximizə qanları ilə yazan şəhid və qazilərimiz daima minnətdarlıqla xatırlanaraq, ölməzlik rəmzi kimi əbədiyyən yaşayacaqlar. Yaşasın Azərbaycan Xalqı! Yaşasın Müzəffər Ali Baş Kamandanımız! Və Yaşasın Müzəffər Milli Ordumuz!

Məlahət İbrahimqızı,
Milli Məclisin deputatı

yap.org.az

Digər xəbərlər