Siyasət

  • 487

Azərbaycan Ordusunun şanlı Qələbəsi - MƏQALƏ

image

II Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Vətən müharibəsi Azərbaycan xalqının, Azərbaycan dövlətinin, onun iqtisadiyyatının, daxili və xarici siyasətinin hərbi qüdrətinin və beynəlxalq münasibətdə mövqeyinin vəhdətinin təcəssümü idi. Azərbaycan xalqı heç vaxt torpaqlarının itirilməsi ilə barışmaq fikrində deyildi və nəyin bahasına olursa-olsun torbaqlarımızı mənfur düşməndən azad etmək iddiasından bir addım belə geri çəkilməmişdi. 44 gün ərzində Azərbaycan Ordusu dayanmadan ancaq irəlilədi. Vətən müharibəsinin ilk anından hadisələr çox sürətlə inkişaf edirdi. 27-sı sentyabr 2020-cı ildə Azərbaycan respublikası düşmənin ardı-arası kəsilməyən təxribatlarının qarşısını almaq üçün son kəskin addımını atdı. Bununla da düşmən heç gözləmədiyi layiqli cavabını aldı. Hərbi əməliyyatların birinci gününün sonunda Azərbaycan Ordusunun rəşadəti və uğulu hərbi əməliyyatları nəticəsində Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəkliklər, həmçinin Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri düşməndən azad edildi. Ordumuz ilk gündə düşmənin müdafiə xəttini yarmağa nail oldu və bundan sonra bütün 44 gün ərzində yalnız irəli getdi.

Azərbaycan müharibəyə hər zaman hazır olub. Ancaq bizi dayandıran amil məsuliyyətli ölkə olmağımız, beynəlxalq hüquq və təşkilatlara olan inamımız idi. Çox təəssüf ki, BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğalı il bağlı qətnamələri kağız üzərində qalmışdı. 1992-ci idə Dağlıq Qarabağ münaqişəsini sülh yolu il həll etmək məqsədilə yaradılan ATƏT-in Mİnsk qrupunun 30 illik fəaliyyəti sıfra bərabər idi. Düşmən isə öz mənfur siyasətindən heç dönmək fikrində deyildi. Öz Ali Baş Komandanı İlham Əliyevin atrafında sıx birləşən Azərbaycan xalqı öz tarixi torpaqlarını düşməndən azad etdi və tarixi ədaləti bərpa etdi. Ermənilər tərəfindən işğal edilmiş ərazilərimizdə qurulmuş istehkam xəttlərinin yarılması bu xəttlərin keçilməzliyi mifini darmadağın etdi. Qəbul olunan çevik qərarlar və peşəkar komandanlıq sayəsində Azərbaycan Ordusunun zərbə və hücumları Ermənistan tərəfi üçün gözlənilməz idi.

Azərbaycan Ordusunun gücünü düzgün qiymətləndirmək və lazımi nəticələr çıxarmaq üçün Ermənistanın bir neçə fürsəti olmuşdur. 2016-cı ilin 1-5 aprelində döyüş əməliyyatlarının gedişində öz imkanlarımızı çox məhdud şəkildə nümayiş etdirdik. O vaxt işğal altındakı ərazilərin bir hissəsi- Goranboy rayonu istiqamətində Talış kəndi ətrafındakı yüksəkliklər, Seysulan məntəqəsi, Füzuli rayonu istiqamətində “Lələ təpə” yüksəkliyi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi azad edildi və biz erməni tərəfin işğala son qoyması barədə mühüm qərar qəbul etməsinə imkan verdik. Həmçinin 2018-ci ilin mayında Naxçıvan Muxtar Respublikası ilə Ermənistanın sərhədində aparılan hərbi əməliyyatlar nəticəsində Şərur rayonunun Ağbulaq, Qızılqaya yüksəklikləri cə Cünnüt kəndi ordumuzun nəzarəti altına keçdi. Biz öz potensialımızı, nəyə qadir olduğumuzu bilirdik və təbii ki, ermənilərdən fərqli olaraq, düşmənin imkanlarını sayıq qiymətləndirir və Ermənistanı işğal edilmiş əraziləri könüllü şəkildə tərk etməyə məcbur etmək üçün təsir vasitələrindən istifadə etməyə çalışırdıq.

Müharibənin ilk günlərində əldə olunan uğurlar Qələbənin yaxınlaşdırılması və Orduda yüksək döyüş ruhunun qorunmasında mühüm rol oynamışdı. Önəmli mərhələlərdən biri düşmənin təqribən 30 il ərzində möhkəmləndirdiyi birinci müdafiə xəttinin yarıldığı ilk gündür.

Azərbaycan ordusu zəfəri tam təmin edən uğurlu hərbi əməliyyatlar keçirdi. Oktyabrın 4-də Cəbrayıl şəhəri azad edildi. Hadrut əməliyyatının əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Erməni tərəfi bizim bu yolla gedəcəyimizi güman etmirdi və bu, onlar üçün gözlənilməz oldu. Biz Hadrut ətrafındakı bütün əsas yüksəklikləri götürəndən sonra əslində, bu şəhərin taleyi həll edilmiş oldu və oktyabrın 9-da Hadrud qəsəbəsi düşməndən azad edildi. Oktyabrın 17-də Füzuli şəhərinin azad edilməsi də, əlbəttə, mühüm mərhələ idi. Çünki bu, Qarabağ regionunda əhalisinin sayına görə Ağdamdan sonra ikinci böyük şəhərdir. Oktyabın 18-də Xudafərin körpüsü üzərində möhtəşəm üçrəngli bayrağımız qaldırıldı.

Zəngilana gedən yolda yerləşən Soltanlının və Əmirvarlının azad edilməsi hadisələrin sonrakı gedişi baxımından çox böyük əhəmiyyət kəsb etdi və Zəngilan şəhərinin alınmasında mühüm rol oynadı. Oktyabrın 22-də Zəngilan rayonunda Ağbənd qəsəbəsinin alınması ilə Azərbaycan-İran sərhəddi tam bərpa olundu.

Qubadlının azad edilməsini və Laçın rayonunun cənubuna çıxmağımızı da qeyd etmək lazımdır. Laçın rayonunun Güləbird və digər kəndlərinin azad edilməsi Laçın dəhlizinə nəzarət etməyimizə imkan verdi. Əslində, dəhliz artıq bizim nəzarətimiz altında idi. Əlbəttə, bizim qələbəmizin zirvəsi Şuşa əməliyyatıdır. İndi Zəfər yolu ilə Şuşaya gedən hər kəs bizim oraya haradan getdiyimizi görə bilər. Şuşanı azad etmək misli görünməmiş igidlik, qəhrəmanlıqdır. Əlbəttə, Şuşanın alınması düşmənin belini qırdı və bundan sonra düşmən praktiki olaraq təslim oldu. Dünyanın aparıcı ölkələrinin Baş qərargahları Şuşa əməliyyatı haqqında hələ çox araşdırmalar aparacaqlar və Azərbaycan əsgərinin öz törpaqlarının düşməndən azad olunması uğrunda necə rəşarət göstərdiklərinin dəfələrlə şahidi olacaqlar.

İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatlarından anında və səmərəli istifadə düşmənin xeyli miqdarda zirehli texnikasını və canlı qüvvəsini məhv etmişdir. “Bayraktar”lar və digər PUA-lar erməni ordusunun kabusuna çevrilmişdi və düşmənin hərbi qulluqçularını dəhşətə gətirirdi. “Bayraktar”lardan istifadə edilməsi döyüş əməliyyatlarının aparılmasında, bizim silahlı qüvvələrin irəliləməsi və yeni mövqelər tutması üçün yolların təmizlənməsində, habelə itkilərin minimallaşdırılmasında bizə çox kömək etdi.

Azərbaycan dəfələrlə elan etmişdir ki, Ermənistanın baş naziri işğal altında olan ərazilərdən çıxacağı tarixi deyən kimi biz müharibəni dayandırmağa hazırıq. Azərbaycanın bu mövqeyi haqqında bütün dövlətlər, o cümlədən Rusiya, məlumatlı idi. Azərbaycanın bu təklifinə reaksiya yalnız Şuşa şəhəri azad ediləndən sonra oldu. Azərbaycan qalib ölkə, Ermənistan isə kapitulyasiya etmiş ölkədir və 10 noyabr tarixində imzalanmış Bəyanat bu faktı təsdiq edir.

Hərbi Qənimətlər Parkı, ilk növbədə, bizim Zəfərimizin nümayişidir. Xalqımızın Şanlı qələbəsini əbədiləşdirmək və erməni vəhşiliyini həm dünyaya, həm də gələcək nəsillərə nümayiş etdinmək üçün həmin park rəmzi məna daşıyır. Biz bu müharibəni, işğal dövrünü, həlak olmuş mülki və hərbi vətəndaşlarımızı heç vaxt unutmamalıyıq.

Mülki əhalinin qorunması və onların təhlükəsizliyinin təminatı üçün Azərbaycan tərəfindən misilsiz tədbirlər görülmüşdü. Təmas zonasının yaxınlığında yaşayan əhalinin təhlükəsizliyinin təmin edilməsi üzrə böyük iş aparıldı. Həmin rayonlarda yaşayan yüz minlərlə əhalimiz hər gün erməni artilleriyasının atəşi altında olurdu. Buna görə də əhali qismən təxliyə edilmişdi. Bu müharibə kimin kim olduğunu, kimin vicdanlı döyüş apardığını göstərdi. Azərbaycan əsgəri düşmən də olsa mülki əhaliyə güllə atmadı, onların mülki əhali yaşayan məntəqələrini bombalamadı. Amma düşmən tərəf Azərbaycan ordusunun diqqətini yayındırmaq, Azərbaycan xalqının milli birliyini pozmaq, iradəsini qirmaq üçün şəhər və kəndlərimizi bombardman etdi, Tərtər, Gəncə, Bərdə şəhərləri dağıntılara məruz qaldı, mülki əhali içərisində tələfatlar oldu. Beləliklə, onlar döyüş meydanında məğlubiyyətin acığını çıxmağa və ya bizdən qisas almağa çalışırdılar. Amma mənfur düşmən Azərbaycan xalqının Qələbə əzmini qıra bilmədi.

Rəsmi İrəvan törətdiyi cinayətlərə görə məsuliyyət daşımalı və təzminatlar ödəməlidir. İşğal illərində vurulmuş ziyanın qiymətləndirilməsi üzrə də iş aparılır, bu iş başa çatmaq üzrədir. Azərbaycan beynəlxalq hüquq şirkətlərini cəlb edib, onlar qiymətləndirmə aparır, gələcəkdə beynəlxalq məhkəmələrdə hüquqi iddialar qaldırılmasında bizə kömək edəcəklər. Çünki Ermənistan törətdiyi cinayətlərə - bizim əmlakımızın talan edilməsinə, tarixi abidələrin, vətəndaşların əmlakının məhv edilməsinə, meşələrin qırılmasına, çaylarımızın və göllərimizin çirkləndirilməsinə, işğal altında olan ərazilərimizdə faydalı qazıntılardan qanunsuz istifadə edilməsinə görə cavab verməlidir, bütün bunlar hesablanır. Faydalı qazıntıları qanunsuz hasil edən xarici şirkətlər barəsində hüquqi prosedurlar hazırlanıb. İndi bu proses artıq reallaşma mərhələsindədir. Beləliklə, cinayətkarların məsuliyyətə cəlb olunması üçün bütün mümkün vasitələrdən istifadə olunur intensiv döyüşlər həm cəbhədə, həm informasiya məkanında aparılırdı. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-lərə müsahibələr vermişdir.

Muharibədən sonra əsas məqsədlərimizdən biri keçmiş qaçqınları və köçkünləri tezliklə öz yurdlarına qaytarmaqdır və bunun üçün geniş miqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, elektrikləşmə işləri. Biz azad olunmuş bütün əraziləri artıq bu ilin sonuna qədər elektrik enerjisi ilə tam təmin edəcəyik. Laçında, Kəlbəcərdə və Suqovuşanda gücü 20 meqavat olan su elektrik stansiyaları bərpa edilib, artıq onlar enerji verir. Bir neçə yardımçı stansiya tikilib. Bütün istiqamətlərdə yollar çəkilir. Şuşaya Zəfər yolu, həmçinin Füzuli-Şuşa ikinci magistral avtomobil yolu çəkilir, bu yol daha qısa olacaq. Zəngilanda, Qubadlıda Ermənistan sərhədinə qədər yollar, Göygöldən Kəlbəcərə tunel yolu çəkilir. Üstəgəl Füzulidən Ağdama, Füzulidən Hadruta, Cəbrayıla gedən yollar. Yəni, bu şəhərlər arasında əlaqə yaradılacaq. Ağdam şəhərinin bərpası artıq başlanıb, baş plan təsdiq edilib. Şuşa şəhərinin baş planı təsdiq edilib. Bir il, maksimum il yarım ərzində həmin evlər tikiləcək və şuşalılar oraya qayıda biləcəklər;

Mina xəritələri aktual problem olaraq qalmaqdadır. Minalanmış sahələr böyük problemdir. Minalanmış sahələrin ermənilər tərəfindən bizə verilmiş az miqdarda xəritələrinin dəqiqliyi təqribən 25 faizdir.

Azərbaycan dövlət sərhədinin delimitasiyası prosesinə başlamağa hazırdır. Sülh müqaviləsi üzərində iş başlanmalıdır. Azərbaycan bu prosesə hazırdır. Müharibə qurtarıb, Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb, özü də həmişəlik. Buna görə normal qarşılıqlı əlaqələr yaratmaq lazımdır. Llakin hələ erməni tərəfdən müsbət siqnal yoxdur;

Ermənistan İkinci Qarabağ müharibəsinin dərslərini unutmamalıdır. Əgər Ermənistan Azərbaycana qarşı ərazi iddialarını davam etdirsə, Azərbaycanın Ermənistana qarşı ərazi iddialarından çəkinməsi çətin olacaq. Bundan ötrü elə həmin Zəngəzurun və elə həmin Göyçə gölü regionunun tarixi mənsubiyyəti baxımından, bizim daha çox əsasımız, ərazi iddiaları üçün daha çox tarixi zəmin vardır.

“Dağlıq Qarabağ” adlı inzibati ərazi artıq yoxdur. 2021-ci il iyulun 7-sində yaranmış Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu var. Bunlar bizim ərazidir və bizdə hansı inzibati vahidlərin ola biləcəyini biz müəyyən etməliyik. Buna görə Qarabağın status məsələsi də heç vaxt müzakirə məsələsi ola bilməz. Azərbaycan Dövləti bu məsələyə öz mövqeyini birdəfəlik bildirib.

Hazırda region ölkələrində müzakirə olunan təşəbbüslər müsbət əməkdaşlığa yönəlib. 3+3 təşəbbüsü var. Bu təşəbbüs Rusiya, İran, Türkiyə və Azərbaycan tərəfindən dəstəklənib. Gürcüstanın etirazı var, Ermənistan isə öz mövqeyini bildirməyib. Bu isə öz növbəsində həm regionda sabitləşməyə və təhlükəsizlik risklərini minimallaşdırmağa kömək edəcək, həm də şərait yaradacaq ki, region ölkələrinin qarşılıqlı fəaliyyətini onlar özləri müəyyən etsinlər, necə yaşayacaqlarını özləri həll etsinlər. Azərbaycan dövləti regionda öz qonşuları ilə sülh və əməmdaşlıq şəraitində yaşamağa həmişə hazırdır.

Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin çıxışından: “Biz beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. Bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir... Biz döyüş meydanında, siyasi müstəvidə qələbə qazanmışıq və bu qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır”.

Təranə Cəlilova

E.Şəmiyev adına 149 nömrəli tam orta məktəbin müəllimi

Digər xəbərlər