PDF Oxu

Siyasət

  • 1 259

Azərbaycanın yüksələn iqtisadi gücü - ŞƏRH

image

Cənubi Qafqazda yeni bir dövr başlayır. Bu dövr yalnız geosiyasi dəyişikliklərlə deyil, iqtisadi dinamizm və strateji tərəfdaşlıqların inkişafı ilə də xarakterizə olunur. Prezident İlham Əliyev Gürcüstana son səfəri zamanı verdiyi mətbuat bəyanatında bunu açıq şəkildə vurğuladı: “Biz iqtisadi sahədə böyük uğurlar əldə etmişik, enerji sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atmışıq.” Bu sözlər təkcə statistik göstəricilərin yekunu deyil, Azərbaycanın beynəlxalq arenadakı etibarlı və strateji tərəfdaş kimi mövqeyinin təsdiqidir. Enerji resurslarını regional və qlobal bazarlara çıxarmaqla Azərbaycan yalnız öz iqtisadi gücünü artırmır, eyni zamanda qonşu və dost ölkələrin enerji təhlükəsizliyinə də əhəmiyyətli töhfələr verir. Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi transmilli layihələr bunun canlı nümunəsidir.

Prezident İlham Əliyev həmçinin Gürcüstanın iqtisadi inkişafını yüksək qiymətləndirdi: “Gürcüstanın dinamik iqtisadi inkişafı göz önündədir.” Bu bəyanat, regionda qarşılıqlı etimada əsaslanan strateji əməkdaşlığın əyani təsdiqidir. Azərbaycanın və Gürcüstanın birgə enerji və nəqliyyat təşəbbüsləri Cənubi Qafqazın iqtisadi xəritəsini yenidən formalaşdırır və regionu daha sabit və proqressiv edir. Eyni zamanda, ölkənin qeyri-neft sektoru da sürətlə inkişaf edir. Sənaye, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində həyata keçirilən islahatlar iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişafı təmin edir. Genişmiqyaslı infrastruktur layihələri və müasir nəqliyyat dəhlizləri Azərbaycanın regional iqtisadi mərkəzə çevrilməsini sürətləndirir, vətəndaşların rifahını artırır və xarici investorları cəlb edir.

Prezident İlham Əliyevin Gürcüstana səfəri zamanı verdiyi bəyanatlar göstərdi ki, Azərbaycan Cənubi Qafqazda yalnız enerji və iqtisadi gücü ilə deyil, həm də etibarlı tərəfdaşlıq, sabitlik və davamlı inkişaf modeli ilə ön sıralarda yer alır. Qarşıdakı illərdə də Azərbaycan regionun aparıcı qüvvəsi olaraq söz sahibidir və daha böyük uğurlar əldə edəcək.

Sevinc Xəlilova

YAP Samux rayon təşkilatının sədr müavini

Digər xəbərlər