YAP Yasamal rayon təşkilatında bu il ali məktəblərə qəbul imtahanında yüksək bal toplayaraq, Prezident təqaüdü qazanmış tələbələrlə görüş keçirilib. İlk olaraq, Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Prezident təqaüdünü qazanmış tələbələri təbrik edərək, onlara təhsildə uğurlar arzulayıb. B.Nəbiyev ölkə başçısı Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıdan söz açıb: "Təhsilimizin inkişafı və müasir tələblərə cavab verməsi üçün müxtəlif dövlət proqramları icra olunmaqdadır. Gənclərimiz həm savadlı, həm də vətənpərvər ruhda tərbiyə olunmalıdır. Dövlətimizin güclü və möhkəm olması üçün bu iki faktor çox önəmlidir".
Daha sonra çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov Prezident təqaüdünü qazanmış tələbələri təbrik edərək, onlara bundan sonra təhsildə uğurlar arzulayıb, savadlı bir gənc kimi yetişməklərinin vacibliyini diqqətə çatdırıb. B.İslamov bildirib ki, YAP Gənclər Birliyi hər zaman istedadlı gəncləri öz sıralarında görməyi məmnunluq hissi ilə qarşılayır. YAP-ın sıralarında savadlı və istedadlı gənclərin daim yeniləndiyini vurğulayıb. Görüşün yekununda YAP Yasamal rayon təşkilatı tərəfindən BDU-nin Prezident təqaüdünü qazanmış 15 nəfər tələbəyə Fəxri Fərman, "Xarıbülbül" döş nişanları təqdim olunub və xatirə şəkli çəkdirilib.
NƏZAKƏT ƏLƏDDİNQIZI