Siyasət

  • 2 170

MEDİA-nın 1 illik fəaliyyətinə MEDİA KAPİTANLARININ BAXIŞI - SORĞU

image

Bu gün Medianın İnkişafı Agentliyinin bir yaşı tamam olur. Medianın İnkişafı Agentliyi Azərbaycanda kütləvi informasiya vasitələrinin dəstəklənməsi məqsədilə yaradılmış dövlət orqanıdır. Agentlik 12 yanvar 2021-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun (KİVDF) varisi kimi yaradılıb. Qurumun yarandığı bir il ərzində hansı uğurlara imza atması ilə bağlı SİA media kapitanlarının fikirlərini öyrənməyə çalışıb:

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Medianın İnkişafı Agentliyinin ötən bir ildəki fəaliyyətini qənaətbəxş hesab edir. O, qeyd edib ki, bu bir il gələcək üçün etibarlı baza yaratdı: "Media naminə çalışmaq, səmərəli fəaliyyət göstərmək üçün lazım olan baza. Hiss olunur ki, qurum düzən formalaşdırmaq istəyir. Elə bir düzən ki, orada jurnalistika cəmiyyətin maraq və mənafeləri naminə daha mütəşəkkil qaydada səfərbər olunsun. İnşallah belə də olar. Bunun üçün agentlikdə çalışmaq, qarşıya qoyulan vəzifələri yerinə yetirmək əzmi var".

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib ki, bu bir il ərzində media üçün qanunvericiliyin təkmilləşdirilməsi, pəşakarlığın artırılması, jurnalistlərin və KİV-in sosial-iqtisadi vəziyyətinin, rifah halının inkişaf etdirilməsi və s. komponentlərdə Agentliyin izi görünür: "MEDİA-nın bir illik fəaliyyətində ən uğurlu nəticələrdən biri "Media haqqında" yeni qanunun işlənib hazırlanması oldu. Bildiyiniz kimi, son illərdə media şəbəkəsinin və onun əhatə dairəsinin həddindən artıq genişlənməsi indiyədək qüvvədə olan "Kütləvi informasiya vasitələri haqqında" qanunun artıq zamanın sürətindən geri qaldığını göstərirdi. Baş verən proseslər "Media haqqında" yeni qanunun vacibliyini şərtləndirdi. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin koordinatorluğu ilə həyata keçirilən yeni qanun layihəsi uğurla tamamlanaraq, parlamentin üçüncü oxunuşunda qəbul edildi. Uzun illər Azərbaycanda KİV-ə dəstək göstərilsə də, yeni media komponentlərinə, yəni xəbər portallarına, saytlara maliyyə yardımı edilmirdi. Məhz Agentliyin uğurlu fəaliyyəti çərçivəsində 2021-ci il ərzində 60-a yaxın KİV, onlayn sayt, qəzet və xəbər portallarının fəaliyyəti maliyyələşdirildi. Bu da onların fəaliyyətinə müsbət anlamda ciddi təsir etdi".

Müşfiq Ələsgərli fikirlərinə davam edərək həmçinin qeyd edib ki, diqqət çəkən mühüm məqamlardan biri də jurnalistlərin sosial vəziyyətinin inkişaf etdirilməsi məqsədi ilə həyata keçirilən çoxsaylı fərdi jurnalist yazı müsabiqələridir: "Məhz bir il ərzində yüzlərlə jurnalist müxtəlif müsabiqələrdə iştirak edib və mükafatlandırılıblar. Çünki jurnalistlərin qabiliyyətinə, bacarığına görə qiymətləndirilməsi, qalib olmaları onları həm ruhlandırır, həm də sosial həyatlarına təsir edir. Bu səpkidə jurnalistlərin peşəkarlığının artırılması istiqamətində keçirilən sistemli kursların fəaliyyətinə də diqqət yetirmək lazımdır. Xüsusilə, Medianın İnkişafı Agentliyinin ADA Universiteti ilə birlikdə keçirdiyi seminarların təşkili önəmli sayılmalıdır. Həmin seminarlar çərçivəsində media rəhbərlərindən ibarət ayrı-ayrı qruplara yeni qanun layihəsi barədə məlumatlar verildi, ardınca isə layihənin ayrı-ayrı müddəalarının və ümumi konsepsiyasının ətraflı müzakirəsi aparıldı. ADA-nın İxtisasartırma Proqramının mütəxəssisləri tərəfindən aparılan seminar da faydalı olub. Orada dövlət sektorunda fəaliyyət göstərən qurumların mətbuat xidməti rəhbərləri, ictimaiyyətlə əlaqələr və mətbuatla iş üzrə məsul əməkdaşları iştirak ediblər.

Seminar və treninqlərdə məqsəd dövlət və ictimai sektor qurumlarının media subyektləri ilə müştərək çalışmalarının genişləndirilməsi, qarşılıqlı kommunikasiya əlaqələrinin təkmilləşdirilməsi, eləcə də müasir media mühitində ictimaiyyəti məlumatlandırma mexanizmlərinin daha səmərəli qurulmasıdır. Azərbaycanda media sayəsində keçirilən seminarlar çox olsa da, Agentliyin keçirdiyi seminarlar çərçivəsində jurnalistlər üçün sistemli kurslar təşkil olundu. Bu kurslar çərçivəsində media nümayəndərinə innovativ, elmi tutumlu bilgilər verilirdi ki, bu da onların fərdi inkişafına mühüm təsir etdi. Hesab edirəm ki, gələcəkdə Medianın İnkişafı Agentliyi bu məsələlərə nüfuz edərək ciddi naliyyətlər qazanacaqdır. Ümumiyyətlə, bir il ərzində Medianın İnkişaf Agentliyinin fəaliyyətini olduqca yüksək və uğurlu dəyərləndirirəm. Agentlikdə çalışan dostlarımızı, kollektivin bütün üzvlərini təbrik edir, növbəti illərdəki peşə fəaliyyətində uğurlar arzu edirəm".

"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevin sözlərinə görə, Medianın İnkişafı Agentliyi bildiyimiz kimi artıq bir ildir ki, fəaliyyət göstərir. Sözsüz ki, ortaya qoyulan nəticələr ümumi şəkildə medianın inkişaf tələblərinə cavab verir. Medianın İnkişafı Agentliyinin xüsusi iştirakı ilə qəbul edilən "Media haqqında" qanun layihəsi çox uğurlu oldu. Bu çox məzmunlu və tutarlı bir iş idi. Çünki köhnə KİV haqqında qanun bir çox məsələləri, prosesləri tənzimləyə bilmirdi, boşluqlar var idi. Hətta mediada bir sıra ziddiyyətlər var idi. Mediada yaranan bu ziddiyyətləri aradan qaldırmaqda tam şəkildə gücsüz idi. Amma yeni media qanunu bəzi subyektlər tərəfindən mübahisələndirilsə də, amma ümumən medianın çağırışlarına cavab vermək, inkişaf proseslərini tənzimləmək və yeni perspektivləri müəyyən etmək baxımından tutarlıdır. Bundan başqa media orqanlarının maliyyələşdirilməsində biz bir sıra yenilikləri görürük. Nə qədər dövlətin medianı maliyyələşdirilməsi yalnız çap mediasını əhatə edirdisə, bu gün artıq onlayn media orqanlarının da maliyyələşdirilməsi mexanizminin tətbiqini görürük və həmin mexanizmin təkmilləşdirilməsi də yəqinki qarşıdakı mərhələlərdə özünü göstərəcək".

Aydın Quliyev həmçinin qeyd edib ki, çap mediasının maliyyələşdirilməsi işinin daha da yaxşılaşdırılması sahəsində gözləntilərimiz var. Çünki əgər, çap media bəşər sivilizasiyasının və Azərbaycan milli mədəniyyətinin unikal bir təzahürü kimi qoruyub saxlamaq fikrindəyiksə, təbii ki, buna dövlətin dəstəyi olmalıdır. Medianın İnkişafı Agentliyinin mediaya dövlət dəstəyinin daha da yaxşılaşdırılması istiqamətində müəyyən planlara malik olduğuna şübhə etmirəm. Çünki MEDİA yaranan gündən medianın peşəkarlığının artırılmasının, dövlət dəstəyinin gücləndirilməsinin, ən müxtəlif seqmentlərdə media orqanlarının inkişafına yeni mərhələ açılmasını, özünü prioritet istiqamətini elan edib. 1 ildir ki, yaranmasına baxmayaraq MEDİA böyük nailiyyətlər əldə edib. Yaxın gələcəkdə görüləcək işlərin əla və yaxşı fundamenti, bazası sayıla bilər".

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı qeyd edib ki, son bir ildə Medianın İnkişafı Agentliyinin fəaliyyətinə müsbət yanaşmaq olar: "Çünki agentliyin gördüyü işlər müxtəlif istiqamətləri özündə ehtiva edir. Mətbuatın qanunvericilik bazasının yaradılması istiqamətində aparılan iş, bunun nəticəsində yeni media qanunun hazırlanması, ictimaiyyətə təqdim olunması və onun geniş müzakirəsinin aparılmasıdır. İkinci məqam isə MEDİA-nın əsas islahatlarının dərinləşməsi üçün apardığı ən mühüm işlərdən biri də seminarların, treninqlərin keçirilməsidir. Bu da jurnalistlərin peşəkarlığının və yeni yaradıcı texnologiyalarla tanış olmağına hesablanmış addımlardır. Üçüncü bir məqam isə Medianın İnkişafı Agentliyinin apardığı iş media sisteminin maliyyə müstəqilliyinin təmini üçün hazırladığı layihələr və gördüyü işlərdir. Bütövlükdə bu bir il ərzində Medianın İnkişafı Agentliyi səmərəli fəaliyyət göstərib. Hesab edirəm ki, bu bir il medianın inkişafına yönələcək islahatlar proqramının həyata keçirilməsinin başlanğıc ilidir. Media sisteminin ümumi bir məcrada inkişaf meyillərini təmin etmək olduqca çətin və şərəfli işdir. Bu işdə onlara uğurlar arzu edirəm".

"Yenisabah.az" saytının baş redaktoru Seymur Verdizadə MEDİA-nın 1 illik fəaliyyətini müsbət qiymətləndirib: "MEDİA sələfinin jurnalistlərin yaddaşında buraxdığı acı izləri tamamilə siləcək. MEDİA-nın fəaliyyətini təqdir edirəm. Mənə elə gəlir ki, Agentlik mövcud imkanlar daxilində qarşıya qoyulan vəzifələri maksimum yerinə yetirməyə çalışıb. Saytlar və qəzetlər üçün müsabiqələrin təşkil olunması, konkret maliyyə yardımının göstərilməsi, üstəlik, bu zaman obyektivliyi maksimum təmin etmək alqışlanmalıdır. Agentlik media subyektləri arasında fərq qoymur, hamıya eyni gözlə baxır, tərəfsizliyini qoruya bilir. KİVDF-dən fərqli olaraq, indi "seçilmişlər" yoxdur, ədalətli yanaşma nəticəsində böyük bir spektr əhatə olunub. Jurnalistlər üçün təlimlərin keçirilməsi bu sahədə peşəkarlığın artmasına töhfə verir".

Seymur Verdizadə həmçinin qeyd edib ki, MEDİA-nın təqdir etdiyim işlərindən biri də işğaldan azad olunmuş ərazilərə, xüsusilə Şuşa şəhərinə ardıcıl səfərlər təşkil etməsidir. MEDİA-nın sayəsində jurnalistlərin gözüylə Azərbaycan xalqı Qarabağı yenidən görür: "Əminəm ki, bu fəaliyyət növbəti ildə də davam edəcək. MEDİA-nın sayəsində KİV-lərin maddi-texniki bazası xeyli güclənib. Əvvəlki illərdən fərqli olaraq indi jurnalistlər çalışdıqları redaksiyalara müvəqqəti iş yeri kimi baxmırlar".

Arzu Qurbanzadə

Digər xəbərlər