Azərbaycan ədəbiyyatında böyük simaların nəfəsini duyduqca nə qədər böyük qəlbə, idraka, fəlsəfi düşüncəyə malik olduqlarını bir daha dərk edir və əminliklə bir daha onların klassik yaradıcı olduqları səndə əminlik yaranır. Zəhmət, istedad bahasına keşməkeşli yollardan keçərək, çətin bir zamanda yaşamalarına baxmayaraq, klassiklərin əsərlərini oxumuş və böyük sənətkarlardan dərs almışdılar. Əlbbətə ki, Azərbaycan ədəbiyyatı ilə yanaşı, dünya ədəbiyyatı nümunələrinə dərindən bələd olmaları oları böyük sənətkar səviyyəsinə yüksəldib. Təbii ki, Azərbaycan və dünya klassikasının mükəmməl nümuələrini əxs etmədən zirvələrə yüksəlmək qeyri–müşküldür. Bir ismin qarşısında pedaqoq, alim, istedadlı yazıçı kimi məfhumları birləşdirən Mir Cəlal Paşayev özündən əvvəlki və müasirləri olan yaradıcı simaların qələm məhsullarını mütaliə edərək mərhələ-mərhələ püxtələşmiş və sənətin fövqündə özünə layiqli yer qazanmışdır. Dövrün hadisələrini yaradıcı qələmlə oxucusuna təqdim edən yazıçı böyük hekayə ustası, böyük romanlar müəllif olaraq sevilmişdir. Azərbaycan ədəbiyyatında hekayə ustası, sanballı romanlar, povestlər müəllifi kimi tanınan və elmin, ədəbiyyatın, təhsilin inkişafında misilsiz xidmətlər göstərən xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin 26 aprel tarixi doğum günüdür.Mir Cəlal əli qələm tutan gündən ömrünün sonuna qədər həm bədii ədəbiyyat, həm də ədəbiyyatşünaslıq sahəsində eyni həvəs və coşqunluqla, eyni ardıcıllıq və uğurla yorğunluq bilmədən çalışmış, zəngin və məhsuldar yaradıcılıq yolu keçərək yüzdən artıq kitab çap etdirmişdir.Keçdiyi ömür yolunu səhifələyirik. Burda yazılan hər sətir ustad yazıçının böyük ziyalığını, sənətkarlığını əks etdirir. Onun tərcümeyi-halında yazılır. Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Əndəbil kəndində anadan olmuşdur. Sonralar ailəsi Gəncə şəhərinə köçmüş, ibtidai təhsilini burada almış, uşaqlıq və gənclik illərini bu şəhərdə keçirmişdir. 1924-1928-ci illərdə Gəncə Darülmüəllimində oxumuş, oranı bitirdikdən sonra Gədəbəy 7 illik məktəbinə müəllim göndərilmişdir. 1929-1930-cu illərdə 1 saylı Gəncə şəhər məktəbində direktor vəzifəsində çalışmışdır. 1930-1931-ci illərdə Kazan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakultəsində oxumuş, 1932-ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitunun aspiranturasında təhsilini davam etdirmiş, 1933-cü ildə SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsinin ictimai elmlər bölməsinə elmi işçi vəzifəsinə götürülmüşdür. 1936-1941-ci illərdə Pedaqoji İnstitutda və Dövlət Universitetində müəllimlik etmişdir. Mir Cəlal 1940-cı ildə "Füzulinin poetik xüsusiyyətləri" adlı əsərinə görə filologiya elmləri namizədi, 1947-ci ildə "Azərbaycanda ədəbi məktəblər" əsərinə görə filologiya elmləri doktoru, alimlik dərəcəsi almışdir.Görkəmli nasir Mir Cəlal yaradıcılığının mövzu rəngarəngliyi, üslub xüsusiyyətləri, bütünlükdə orijinallığı ilə Azərbaycan yazıçıları içərisində özünəməxsus yer tutur. Mir Cəlal ədəbiyyatımızda gözəl hekayələr ustası, rəngarəng mövzulara həsr olunmuş romanlar yaradıcısı, ədəbiyyatımızın klassik və müasir dövrünü, müxtəlif problemlərini işıqlandıran onlarla dəyərli tədqiqat əsərinin müəllifi kimi tanınmışdır.
"BİR GƏNCİN MANİFESTİ" MİR CƏLAL YARADICILIĞININ BÜTÜN GÖZƏL KEYFİYYƏTLƏRİNİN VƏHDƏTİDİR
Mir Cəlal bədii yaradıcılığa 1928-ci ildən başlamışdır. İlk hekayə və oçerkləri 1930-cu ildə çap olunmuşdur. İlk hekayə və oçerkləri "Qızıl Gəncə", "Ədəbiyyat cəbhəsində", "Hücum" jurnallarında və "Gənc işçi" qəzetində dərc olunmuşdur. Dövrün ruhuna uyğun olaraq "Sağlam yollarda" adlandırdığı ilk oçerklər kitabı 1932-ci ildə çap olunmuşdur. O, ədəbiyyat tarixinə, tənqid və ədəbiyyatşünaslığa dair bir sıra qiymətli əsərin müəllifidir. Mir Cəlal diqqətəlayiq romanlar müəllifi kimi də tanınmışdır. "Dirilən adam" və "Bir gəncin manifesti" romanları yazıçının dəyərli əsərlərindəndir. "Bir gəncin manifesti" Mir Cəlal yaradıcılığının bütün gözəl keyfiyyətlərinin vəhdətidir, deyən xalq şairi Bəxtiyar Vahabzadə bunu nəinki Mir Cəlalın, Azərbaycan nəsrinin ən gözəl nümunələrindən biri kimi qiymətləndirirdi. Sonralar Mir Cəlal Azərbaycan həyatının aktual problemlərinə həsr olumuş "Açıq kitab", "Təzə şəhər", "Yolumuz hayanadır?" kimi romanlarını yazır. Gözəl roman ustadı kimi tanınan Mir Cəlal haqqında tanınmış ədəbiyyatşünas Jak Rıkaçev belə yazırdı: "Mir Cəlal sənətkardır, yaradıcıdır. Onun romanının hər bir sözü öz avtobioqrafiyasının bir hissəsi kimi görünür, canlı və səmimi həyəcanı dərhal oxucuya təsir edir...".
"VƏTƏN YARALARI" HEKAYƏSİNİ OXUDUQDAN SONRA MƏN DÜŞMƏNƏ QARŞI DAHA KİNLİ VƏ AMANSIZ OLDUM"
Bədii ədəbiyyatın müxtəlif janrlarına müraciət edən Mir Cəlal yaradıcılığında kiçik hekayələr xüsusi yer tutur. 1940-cı ildə Mir Cəlalın hekayələrinin rus dilinə Əziz Şərif tərəfindən tərcümə olunması gözəl bir təşəbbüs kimi qiymətləndirilməlidir. Ədibin istedadlı gənclərə olan məhəbbətini, analıq şərəfini və uşaqlara qayğı məsələsini ürəklə tərənnüm etdiyi "Bostan oğrusu", "Yanlış barmaqlar", "Mərkəz adamı" kimi hekayələr tərbiyəvi əhəmiyyətli olduğu üçün yüksək qiymətləndirilmişdir. O, "Pərzad", "Qaymaq", "Dost görüşü", "Qonaqpərəst" kimi hekayələrində Azərbaycan xalq adət və ənənələri ilə bağlı motivlərə xüsusi diqqət yetirib, hekayələrin həyat və məişətlə üzvi əlaqəsindən bəhs edir. Böyük Vətən müharibəsinə, ölkənin müdafiəsinə həsr olunan hekayələr mövzu orjinallığı, mübarizə pafosu və üslubuna görə Mir Cəlalın yaradıcılığında xüsusi mərhələdir. Böyük Vətən müharibəsi dövründə "hər şey cəbhə üçün, hər şey qələbə üçün!" şüarı ədəbiyyatın da istiqamətini, yaradıcılıq pafosunu və inkişaf yolunu müəyyənləşdirən xarakterik əlamət oldu.
Böyük Vətən müharibəsi Mir Cəlalın ədəbi-elmi fəaliyyətində yeni səhifələr açır. Müharibənin əvvəllərində Uzaq Şərqdəki ordu hissələrinə gedən, habelə döyüşən ordunun həyatı ilə yaxından tanış olan ədib çoxlu oçerk, hekayə və publisist yazıları ilə nəzəri cəlb edir. Mir Cəlal "Yollar", "Axşam səfəri", "Atlı", "Snayper" hekayələrinin mövzusunu bilavasitə cəbhə həyatından, müharibə səhnələrindən götürülmüş və səciyyəvi fəaliyyət prosesində açılan döyüşçü surəti yaratmağa çalışmışdır. Böyük Vətən müharibəsinə, ölkənin müdafiəsinə həsr olunan hekayələr mövzu orijinallığı, mübarizə pafosu və üslubuna görə Mir Cəlalın yaradıcılığında xüsusi mərhələdir. Səməd Vurğun Onun əsərlərinin təsir gücündən yazarkən belə qeyd edir: "Aldığımız cəbhə məktubunda bir döyüşçü yazır ki, "Vətən yaraları" hekayəsini oxuduqdan sonra mən düşmənə qarşı daha kinli və amansız oldum". O, arxa cəbhədə olan insanların da həyatını qələmə aldı.
XEYİRXAH İNSAN, BÖYÜK MÜƏLLİM
Ədəbi fikrimizin tarixinə Mir Cəlal, həmçinin, görkəmli tənqidçi-ədəbiyyatşünas kimi də daxil olmuşdur. O, Azərbaycan ədəbiyyatının 1975-ci illərədək keçdiyi yola, sənətkarlıq, realizm və xəlqilik axtarışlarına, ədəbi prosesin mənzərəsinə, janrların vəziyyət və imkanlarına dair məzmunlu çıxışlar edir, məqalələr yazır, tədqiqat işləri aparırdı.
Mir Cəlal sadəcə bir ədib-müəllim deyildir, O, alimdir, ədəbiyyatşünasdır, elmi kadrlar yetişdirmək də Onun çoxcəhətli fəaliyyətinə daxildir. Müasir dövrümüzdə Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Azərbaycanın əməkdar elm xadimi, yazıçı-alim Mir Cəlal Paşayevin ədəbi və ictimai fəaliyyəti, yaradıcılıq xüsusiyyətləri, əsərlərinin yaranma tarixi öyrənilir, Onun irsi gənc nəslə çatdırılır. Təsadüfi deyildir ki, bu gün təkcə Azərbaycanda deyil, Onun sərhədlərindən kənarda da görkəmli ədibin həyat və yaradıcılığı geniş şəkildə öyrənilir və əsərləri müxtəlif dillərdə nəşr edilərək maraqla oxunur.
Azərbaycan Respublikası Prezidentinin "UNESCO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında" 2008-ci il 31 yanvar tarixli Sərəncamına əsasən, yazıçı Mir Cəlal Paşayevin yubiley mərasimi təntənə ilə qeyd edilmişdir. Parisdə, UNESCO-nun iqamətgahında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim, pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş mərasim keçirilmişdir. Mir Cəlal Paşayevin 100 illiyinin UNESCO səviyyəsində qeyd edilməsi, ilk növbədə, Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən dəyərin təzahürüdür. İllər ötdükcə Mir Cəlal Paşayevin təkcə elmi irsi tədqiq edilmir, Onun həm də xeyirxahlığı, böyük və əlçatmaz müəllimliyi, bəşəriliyi heyranlıqla qarşılanır və sevilə-sevilə qəlblərdə özünə ucalıq abidəsi qurur. Ədibin bu zirvədəki yeri daim qalacaq və Onun mərhəmət sevgisi dünya durduqca yaşayacaqdır. Belə sənətkarların ömrü ədəbiyyatımız qədər əbədiyaşardır.
Nəzakət ƏLƏDDİNQIZI