Siyasət

  • 2 523

Böyük Qayıdış və təhsilimiz TƏHLİL

image

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Milli Ordumuzun Vətən Müharibəsində qələbəsi Zəfərimiz olaraq tarixə yazıldı. Azərbaycan tamamilə yeni bir dövrə qədəm qoyub. Biz artıq işğaldan azad edilmiş torpaqlara qayıdırıq və həmin yerlərdə yeni bir həyat başlayır.Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərimiz dağıdılmış, tarixi dini mədəniyyət ocaqlarımız xarabazarlığa çevrilmişdir. İşğal altında yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalareyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən artıq tarix və mədəniyyət abidəsi erməni vandalizminin qurbanına çevrilib. Bu gün 30 ilə yaxın işğal altında olan torpaqlarımızda abadlıq-quruculuq işləri vüsət alıb. Hazırda qarşıda dayanan ən mühüm vəzifələrdən biri də işğaldan azad olunan ərazilərdə təhsil ocaqlarının tikintisidir. işğaldan azad edilmiş ərazilərdə təhsilin inkişafı ilə bağlı tədbirlər xüsusi əhəmiyyət kəsb edir.Bildiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Şuşada inşa olunan 1 nömrəli məktəbin tikintisi davam edir. Məktəbin tikintisi cari ilin dekabr ayında yekunlaşacaq. Eləcə də Ağdam şəhərlərində məktəb tikintisi davam etdirilir. Hər iki şəhərdə ümumilikdə 960 şagird yerlik təhsil müəssisələri inşa olunur. Zəngilan rayonunun Ağalı kəndində isə həyata keçirilən "Ağalı kənd" layihəsi çərçivəsində 288 şagird yerlik tam orta məktəb inşa olunur.Bu gün ümumtəhsil orta məktəblərilə yanaşı, müasir çağırışlara cavab olaraq peşə təhsili sisteminin müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Azərbaycanda peşə təhsilinin inkişaf etdirilməsi prioritet istiqamət kimi müəyyən olunub. Bu sahədə peşəkar tədris prosesinin qurulması, əmək bazarının, o cümlədən işəgötürənlərin tələbatlarına uyğun ixtisaslar üzrə kadr hazırlığının təmin olunması qarşıda duran əsas vəzifələrdən biridir. Son dövrlər paytaxt Bakı ilə yanaşı, bölgələrdə də yeni peşə təhsili müəssisələri qurulur. Prezident İlham Əliyevin 2016-cı il aprelin 20-də imzaladığı Fərmanla Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması ölkəmizdə peşə təhsilinin səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması baxımından mühüm addım oldu. Daha sonra Təhsil Nazirliyinin tabeliyində Peşə Təhsilinin İnkişafı Fondunun yaradılması, peşə təhsili sahəsində bir sıra normativ hüquqi aktların qəbul olunması, peşə təhsili müəssisələrinin birləşdirilməsi və müəyyən ixtisaslaşmış peşə təhsili mərkəzlərinin yaradılması yolu ilə müasir standartlara cavab verən pilot peşə təhsili müəssisələrinin qurulması da Yol Xəritəsində qarşıya qoyulan mühüm vəzifələrdəndir.

Bu günlərdə Füzuli şəhərində Peşə Liseyinin təməlinin qoyulması da bu istiqamətdə həyata keçirilən layihələrdən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva mayın 10-da Füzuli rayonuna səfər çərçivəsində
Füzuli şəhərində inşa olunacaq Peşə Liseyinin təməlini qoyublar. Peşə Liseyinin ərazisi 3,2 hektar sahəni əhatə edəcək. Kompleksdə tədris, laboratoriya təcrübələri, idman binaları və meydançası yaradılacaq. Burada, həmçinin avtomobil təmiri emalatxanası, avadanlıq və texnika, təsərrüfat anbarları, təsərrüfat qurğusu, praktik təlimlər qurğusu da inşa ediləcək. Kompleksin elektrik enerjisi ilə fasiləsiz təminatı üçün transformator yarımstansiyası da quraşdırılacaq. Füzuli şəhər Peşə Liseyinin inşası zamanı yaşıllıq zolaqlarının yaradılması xüsusilə diqqətdə saxlanılıb. Belə ki, yaşıllıq sahəsi bu kompleksin ərazisinin 43,7 faizini təşkil edəcək. Burada yaradılacaq idman meydançasının sahəsi 540 kvadratmetr olacaq.
Lisey ildə 800-yə yaxın tələbə qəbul etməklə yanaşı, 1000-dək tələbə üçün qısamüddətli kurslar və ömürboyu təhsil proqramları təmin etmək imkanında olacaq.
Bu sahədə həyata keçirilən tədbirlər gənclərin müvafiq peşələrə yiyələnərək məşğulluğunun təmin olunmasına, eləcə də müəssisə və təşkilatların ixtisaslı kadrlarla təminatına əhəmiyyətli təsir göstərir.
Ən əsası isə onu qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qayıdışımızla əzəli Qarabağ torpağında insanların rahat, firavan yaşamasına istiqamətlənib.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər