PDF Oxu

Siyasət

  • 923

Qubadlı - Zəfərlə qayıdan şəhər

image

Qubadlı adı təkcə bir coğrafi məkan deyil. Bu ad qəhrəmanlığın, sədaqətin, torpaq sevgisinin çağırışıdır. Qubadlı Şəhəri Günü də məhz həmin duyğuların bayramı kimi hər il böyük qürurla qeyd edilir. Bu əlamətdar gün işğaldan azad olunmuş Qubadlının tarixi dönüş nöqtəsini, yenidən doğuluş tarixini özündə yaşadır.

Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, dağlıq və düzənliklərin ahəngləşdiyi strateji bir məkanda yerləşir. Həm Zəngilan, həm Laçın, həm də Ermənistanla sərhəddə mövqeyi ona hər zaman mühüm əhəmiyyət verib. 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Qubadlı əhalisi böyük məhrumiyyətlərlə üzləşmiş, torpağından didərgin salınmışdı. Lakin onların qəlblərində Qubadlı sevgisi heç vaxt sönmədi.

2020-ci il 44 günlük Vətən müharibəsi isə tarixin axarını dəyişdi. Müzəffər Azərbaycan Ordusu, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 25 oktyabr 2020-ci ildə Qubadlını işğaldan azad etdi. Həmin gün Qubadlının qürurla yazılmış yeni dövrü başlandı. Bu səbəbdən Qubadlı Şəhəri Günü məhz 25 oktyabr tarixində qeyd olunur.

Qubadlının azad edilməsi yalnız hərbi qələbə deyildi. Bu, eyni zamanda doğma yurduna qayıtmaq istəyən on minlərlə Qubadlı sakininin ümidlərinin gerçəkləşməsi idi. Bu gün rayonda “Böyük Qayıdış” proqramı çərçivəsində genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir. Zəfər parkları, müasir yollar, elektrik və su infrastrukturunun yenilənməsi, yaşayış massivləri, məktəblər və xəstəxanalar Qubadlının dirçəlişini göstərəcək əsas nümunələrdir.

Ekoloji təmiz yaşayış sahələri, enerji səmərəli binalar, yeni nəqliyyat şəbəkəsi, sosial və iqtisadi inkişaf layihələri- bu planlar Qubadlını gələcəyin müasir və yaşayış üçün cazibədar bir məkanına çevirməkdədir.

Qubadlı Şəhəri Günü həm də şəhid və qazilərimizin igidliyinin xatırlandığı mübarək gündür. Bu torpaqlar uğrunda canından keçən qəhrəmanların ruhu xalqın yaddaşında əbədi yaşayır. Tədbirlər zamanı onların xatirəsinə ehtiram göstərilir, gənc nəslə vətənpərvərlik ruhu aşılanır. Qubadlı Şəhəri Günü yalnız bir xatırlatma deyil. Bu gün Azərbaycanın iradəsinin, torpaq sevgisinin, yenidənqurmanın və qalibiyyətin təntənəsidir. Qubadlı yenidən qurulur, böyüyür, inkişaf edir və hər gün öz sakinlərini qəbul etməyə bir addım daha yaxınlaşır.

Qəlbi Qubadlı ilə döyünən hər kəs üçün bu bayram Vətənin gücünü, xalqımızın birliyini və gələcəyə inamını simvolizə edir.

Əli Paşayev

YAP Tərtər Rayon Təşkilatının məsləhətçisi

Digər xəbərlər