Siyasət

  • 1 692

Azərbaycanın sülh müqaviləsində irəli sürdüyü beş prinsip beynəlxalq hüququn əsas prinsipləridir

image

Azərbaycan və Litva qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində maraqlı olduqlarını nəzərə alaraq, öz aralarında yüksək səviyyəli dialoq və əməkdaşlıq qurub və hazırda da bu əməkdaşlığı inkişaf etdirmək üçün mühüm addımlar atmaqda davam edirlər. Bu baxımdan mayın 18-də Litva Respublikasının Prezidenti Gitanas Nausedanın Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Litva Prezidentləri arasında ikitərəfli əməkdaşlığın regional inkişaf, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı və bir çox digər mühüm məsələlər barədə aparılan müzakirələrin nəticələri də belə deməyə əsas verir ki, əsas istiqamətlərdə ölkələrimizin mövqelərində aşkar yaxınlıq vardır. Azərbaycan və Litva arasında güclü siyasi əlaqələr, ikitərəfli gündəliyə aid müxtəlif məsələlərin həllinə kömək edən siyasi dialoq mövcuddur.

Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin hələ 2007-ci ildə Litvaya rəsmi səfəri zamanı ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin bugünkü formatda inkişafı üçün əlverişli zəmin yaradılmışdı. Belə ki, həmin tarixi səfər çərçivəsində bir çox mühüm sənədlər imzalanmışdı. Onlardan ən əhəmiyyətlisi isə “Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında” birgə bəyannamə idi. Ölkələrimiz arasında imzalanmış sənədlər Azərbaycan-Litva əlaqələrinin daha da inkişaf etdirilməsinə zəmin yaratmış və bu münasibətlərə yeni impuls verən hüquqi bazaya çevrildi.
Nəzərə almaq lazımdır ki, Litva ümumilikdə Şərq Tərəfdaşlığı siyasətində Polşa ilə aparıcı mövqeni bölüşür. Avropa İttifaqında Cənubi Qafqazla bağlı qərarların qəbul edilməsində və dinləmələrdə Litvanın səsi eyni zamanda Latviya və Estoniyanın səsi deməkdir. Yəni ilk növbədə siyasi cəhətdən Litva-Azərbaycan münasibətləri böyük əhəmiyyət daşıyır. Azərbaycan çoxşaxəli, balanslaşdırılmış xarici siyasət apardığından Avropanı təmsil edən bütün ölkələrlə əməkdaşlığın inkişafında maraqlıdır. Ənənəvi olaraq Litva Ukrayna və Gürcüstana siyasi yaxınlığı ilə seçilir. Həmçinin Litva neft-qaz ölkəsi sayılan zəngin Azərbaycanın investisiyalarına, ikitərəfli ticarət dövriyyəsinin inkişafına daha çox ehtiyac duyur. Öz növbəsində Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir. İkinci Qarabağ müharibəsindən sonra əməkdaşlıq formatını yaratmaq üçün yeni imkanlar ortaya çıxıb. Təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının başlanmasına həvəs göstərmir. Halbuki Ermənistan belə bir formatın yaradılmasında iştirak edərsə Cənubi Qafqazda Baltikyanı ölkələrdəki kimi qarşılıqlı əməkdaşlıq formatını yaratmaq mümkün olar. Bu gün Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır. İkinci Qarabağ müharibəsi qurtaran kimi Azərbaycan açıq şəkildə sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını dəstəkləməyə başladı. Dövlətimiz tərəfindən təklif olunan sülh müqaviləsində irəli sürülən beş prinsip beynəlxalq hüququn əsas prinsipləridir, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və yaxşı beynəlxalq təcrübə və davranışlara uyğundur.
Azərbaycan bütün əngəllərə baxmayaraq inkişaf və tərəqqi yolunda inamla irəliləməkdə, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini genişləndirməkdə israrlıdır və yaxın müddət ərzində biz buna tam nail olacağıq. Ölkə başçısının Qarabağın dirçəldilməsi sahəsində həyata keçirdiyi bütün tədbirlər, imzaladığı sərəncamlar bunun bariz nümunəsidir. Litva prezidenti ilə görüşdə cənab Prezident İlham Əliyevin bəyanatında bu fikir bir daha vurğulandı və Azərbaycanın öz mövqeyində prinsipial və ardıcıl olduğunu təsdiq etdi.
Birmənalı olaraq bunu da qeyd etmək lazımdır ki, bu gün həm Azərbaycanın, həm də Litvanın iş adamları ölkələrimiz arasında biznes əlaqələrinin inkişafında son dərəcə maraqlıdırlar. Bu baxımdan mayın 18-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmiş Azərbaycan-Litva biznes forumu iki ölkə arasında biznes mühiti, sərmayə imkanları barədə məlumatların mübadiləsi xüsusunda və əlbəttə ki, işgüzar əlaqələrin qurulnası üçün yaxşı fürsət oldu. Forumdakı çıxışında dövlət başçımız da vurğuladı ki, yaxın zamanlarda bir araya gələcək birgə hökumətlərarası komissiya işgüzar dairələrin səylərini əlaqələndirəcək və hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaradacaq. Məlumdur ki, bu gün Azərbaycanda biznes mühiti investorlar üçün çox əlverişlidir. Ölkəmizə on milyardlarla birbaşa xarici investisiyalar qoyulur. Əlbəttə ki, bu baxımdan xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsi çox vacibdir. İnvestisiya proqramları ilk dövrdə əsasən neft-qaz sektoruna aid idi, hal-hazırda isə investisiya bərpaolunan enerji sahəsini də əhatə edir. Dövlət başçımızın da öz çıxışında qeyd etdiyi kimi, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi əsas prioritetdir. Əlbəttə ki, enerji sektoru ənənəvi olaraq ölkənin iqtisadiyyatında aparıcı sektor olub və bu, davam edəcək. Həmçinin demək lazımdır ki, hazırda Azərbaycanın inkişaf dinamikasının əsas göstəriciləri kifayət qədər yüksəkdir. Belə ki, cari ilin dörd ayının nəticələrinə əsasən ölkənin iqtisadiyyatı 7,2 faiz artmışdır. O cümlədən qeyri-neft sektorunda artım 11,4 faizdir. Ümumi ixrac 85 faiz artıb, qeyri-neft ixracı isə 40 faizə yaxın artıb. Bu ilin əvvəlində xarici investorlar ilə 470 meqavat gücündə günəş və külək elektrik stansiyaları tikmək üçün iki böyük müqavilə imzalanmışdır ki, bu da əlverişli investisiya mühitinin olmasının göstəricisidir. Əminliklə demək olar ki, bütün bunlar Azərbaycan və Litva arasında da biznes əlaqələrinin inkişafına güclü təkan verəcək. Beləliklə, Litva Respublikasının Prezidenti Gitanas Nausedanın Azərbaycana rəsmi səfəri vahid mövqedən çıxış edən Litva və Azərbaycan Respublikaları arasında inkişafa yeni impuls yaradaraq qarşılıqlı əməkdaşlığın yüksələn xətlə inkişaf etdirilməsində mühüm rol oynayacaq.

Cavanşir Yusubov
YAP Mingəçevir şəhər təşkilatının sədri

Digər xəbərlər