PDF Oxu

Siyasət

  • 635

Zəfər Gününə dost təbrikləri!

image

Çağdaş dünyamızda dövlət siyasətinin müasir modelini yaradan Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycan həyatının bütün sahələrində verdiyi vədlərin hamısının yerinə yetirilməsinə nail olmuşdur. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev tariximizə Zəfər gününü həkk etdi. "Nəyi nə vaxt və necə etməyi" bizi Qələbəyə apardı. Ərazi bütövlüyümüzü, milli kimliyimizi, şərəf və ləyaqətimizin bərpasını təşkil və təmin edən bir lider kimi tarixə düşdü. Beş il əvvəl Azərbaycan ordusu qızğın döyüşlərdə haqq savaşında torpaqlarımızın işğaldan azad olunması uğrunda vuruşurdu. Sentyabrın 27-də başlanan Vətən müharibəsinin ilk günündən Azərbaycan xalqı qələbə xəbərlərini eşidir və tezliklə zəfərimizin qazanılacağı günün lap yaxında olduğuna inanırdı. Azərbaycan Prezidenti, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu gücünü döyüş meydanında düşmənə göstərdi.

Azərbaycan öz torpaqlarını işğaldan azad etmək məqsədi ilə müharibəni davam etdirirdi. Hər gün torpaqlarımız geri alınırdı. Xalqımızın Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə Zəfərimizə inamı sonsuz idi. Həmin dövr ərizində Prezidentə ünvanlanan məktubların ardı-arası kəsilmirdi və bu məktubların hər birindən qələbə qoxusu gəlirdi. Azərbaycan bayrağının işğaldan azad olunan torpaqlarımızda ucaldılmasını hər kəsin 30 ilə yaxın bir zamanda gözlədiyi möhtəşəm hadisədir. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi bizim ölkəmiz üçün yeni dövr başlayır: "Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq".

DOSTLUĞUN VƏ QARDAŞLIĞIN NÜMUNƏSİ

Azərbaycan Prezidenti İlham Əliyevə dünya ölkələrinin prezidentləri, təşkilatları tərəfindən edilən təbrik zəngləri, eləcə də, ünvanlanan təbrik məktubları müdrik liderin beynəlxalq aləmdəki nüfuzunun göstəricisidir. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Prezident İlham Əliyevə qırx dörd günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsinin beşinci ildönümü münasibətilə təbriki dövlətlərarası münasibətlərin dinamik inkşafına söykənir. Müasir dünyamızda dövlətlər arasında münasibətlərin yaranması, əməkdaşlığın möhkəmlənməsi, dünya birliyinin inkişafı sahəsində məqsədlərə birgə nail olması əsas məsələlərdən biri olaraq diqqətdədir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. Dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla Pakistan arasında əlaqələr də yüksələn bir xətlə inkişafdadır. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan, onunla diplomatik əlaqələr yaradan və Azərbaycanda səfirliyini açan ilk müsəlman dövlətlərindən biridir. Bakıda Pakistanın, İslamabada isə Azərbaycanın daimi nümayəndəliyi açılmışdır. Pakistan və Azərbaycan arasındakı əlaqələr siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələri əhatə edir. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq xalqlar arasında ənənəvi dostluq və qarşılıqlı etimadın təzahürüdür. İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin təbrikində "Pakistan xalqı və Hökuməti adından, eləcə də şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırıram. Bu tarixi gün Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün göstərdiyi cəsarətin, birliyin və sarsılmaz qətiyyətin parlaq təcəssümüdür. Bu qətiyyətli Qələbə nəticəsində sevimli Şuşa şəhəri də daxil olmaqla Azərbaycanın əzəli torpaqları azad edilib", - fikirləri diqqətə çəkilib: "Bu əlamətdar hadisə, həmçinin Ermənistanla tarixi razılaşmanın əldə edilməsini, bununla da Qafqaz regionunun davamlı sülh və yeni iqtisadi imkanlar dövrünə qədəm qoymasında Zati-alinizin dövlət xadimi kimi müstəsna xidmətlərini və uzaqgörən liderliyini yüksək qiymətləndirmək üçün yaxşı fürsətdir. Zati-aliləri, 2025-ci il noyabrın 8-də Bakıda Zəfər Günü ilə bağlı tədbirlərdə Sizinlə birlikdə iştirak etməyi səbirsizliklə gözləyirəm. Əminəm ki, səfərim xüsusilə də 2025-ci il iyulun 4-də Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XVII Zirvə görüşü zamanı əldə olunan mühüm razılıq çərçivəsində qarşılıqlı faydalı gündəliyimizi inkişaf etdirmək üçün gözəl fürsət yaradacaqdır".

Pakistan İslam Respublikasının Baş naziri bu xoş fürsətdən istifadə edərək, Pakistanın qardaş xalqlarımızın rifahı naminə əlaqələrimizi çoxşaxəli, qarşılıqlı faydalı strateji və iqtisadi tərəfdaşlıq səviyyəsinə yüksəltmək əzmində olduğunu bir daha vurğulayıb.

Pakistan həmişə Azərbaycanın yanındadır və Azərbaycana qardaş və dost ölkədir və bu münasibət qarşılıqlıdır. Ermənistanın Azərbaycana qarşı təcavüz və təxribatları, günahsız insanlara qarşı hücumları Pakistan xalqı, dövləti tərəfindən daim pislənilmişdi. Azərbaycan-Pakistan dostluğu əbədidir və sarsılmazdır. 27 sentyabrda ölkəmizdə Vətən müharibəsi başlayanda Pakistan xalqı Azərbaycana dəstək nümayiş etdirdi və bizim yanımızda olduqlarını nümayiş etdirdilər. Pakistan dövləti Azərbaycanın ədalətli mövqeyini bütün səviyyələrdə, o cümlədən beynəlxalq təşkilatlarda dəstəkləyib, ölkəmizə maddi və mənəvi dəstək olub. Təbii ki, bu münasibət dövlətlərimiz arasında əlaqələrin inkişafından, dostluq və səmimi qardaşlıq münasibətlərindən qaynaqlanır.

ƏDALƏTİN TƏNTƏNƏSİ VƏ CƏNUBİ QAFQAZDA SÜLH, İNKİŞAF VƏ YENİDƏNQURMA SAHƏLƏRİNDƏ YENİ BİR DÖVRÜN BAŞLANMASI

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikin ünvanladığı təbrikində belə deyilir: "8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO adından və şəxsən öz adımdan səmimi təbriklərimi, ən xoş arzularımı çatdırmaqdan böyük şərəf duyuram. Bu tarixi hadisə təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə deyil, həm də ədalətin təntənəsi və Cənubi Qafqazda sülh, inkişaf və yenidənqurma sahələrində yeni bir dövrün başlanması ilə əlamətdardır. Ərazilərin azad edilməsi xüsusən də Azərbaycan xalqının və bütün İslam dünyasının kimliyini, mənəvi dəyərlərini təmsil edən mədəni irs sahəsində mühüm bərpa prosesinə yol açmışdır. Bu baxımdan, ICESCO-nun azad edilmiş ərazilərə son illərdə iki beynəlxalq texniki missiya göndərdiyini və onların vəziyyəti yerində qiymətləndirdiyini, işğal zamanı zərər dəymiş mədəni irsin qorunması və bərpası üçün tövsiyələr verdiyini məmnuniyyətlə xatırlayıram. Biz bu səyləri təkcə Azərbaycanın deyil, bütün dünyanın münaqişədən sonrakı bölgələrində mədəni irsin qorunması üçün bir model kimi son dərəcə əhəmiyyətli hesab edirik".

Dünya təşkilatları ilə əməkdaşlıq və dostluq münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir. Müxtəlif sahələrdə qurulan əməkdaşlıq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın yaranmasına və davamlı olmasına öz təsirini göstərir. Azərbaycanın İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı olan ICESKO ilə də münasibətləri də möhkəm təmələ əsaslanır. Bakı şəhərinin 2009-cu il üçün İslamın paytaxtı, eləcə də Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması ICESKO-Azərbaycan münasibətlərini bir daha aydın göstərir. İslam həmrəyliyinin gücləndirilməsi məqsədi ilə Azərbaycan dövləti ardıcıl olaraq siyasət yürüdür. Bildiyimiz kimi, Azərbaycan 2017-ci ildə "İslam Həmrəyliyi Oyunları"nı qəbul etdi, Ölkəmizdə Prezident İlham Əliyevin Sərəncamı ilə "İslam Həmrəyliyi İli" elan olundu. Bu, islam ölkələrinin birliyinə verilən ən böyük töhfə oldu. Bildiyimiz kimi, İslam Konfransı Təşkilatının üzvü və ya müşahidəçisi olmayan ölkə ICESCO-nun üzvlüyünə iddia edə bilməz. Bu baxımdan müstəqil Azərbaycan "İslam dünyasının BMT - si" adlandırılan İslam Əməkdaşlıq Təşkilatın da fəal üzvüdür.

Azərbaycan müsəlman ölkələri ilə dostluq və qardaşlıq əlaqələrinə malikdir və bütün müsəlman ölkələri ilə sıx əlaqələr quraraq beynəlxalq müstəvidə bir-birini daim dəstəkləyirlər. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi islam həmrəyliyinin möhkəmlənməsinə öz dəyərli töhfəsini verir. Şuşanın 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi şəhərin İslam sivilizasiyasının mərkəzlərindən biri kimi təqdimində mühüm rol oynayır. Şuşanın Cıdır düzündə VII "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının və "Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024" ilinin açılış mərasiminin keçirilməsi Şuşanın daş yaddaşına hopan bir tarix kimi ədbədiləşdi.

"Qarabağa hər səfərim zamanı oradakı sürətli dəyişiklikləri böyük heyranlıqla izləmişəm. Şəhər və kəndlərin yenidən qurulması, mədəni və dini abidələrin, təhsil müəssisələrinin bərpası və ictimai həyatın dirçəlişi bunun bariz sübutudur. Bu mühüm nailiyyətlər Sizin uzaqgörən liderliyinizin və Azərbaycanın daha firavan, daha sabit gələcəyi ilə bağlı əzminizin göstəricisidir. Zati-aliləri, bu şanlı Zəfər bayramı münasibətilə Sizi bir daha səmimi-qəlbdən təbrik edir, müdrik rəhbərliyinizlə Azərbaycan Respublikasına davamlı sülh, tərəqqi və firavanlıq arzulayıram". Bu fikirlər ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikin Azərbaycan Prezidentinə ünvaladığı təbrikində yer alıb.

REGİONDA SÜLH, QARŞILIQLI ANLAŞMA VƏ SABİTLİYİN MÖHKƏMLƏNMƏSİ ÜÇÜN ƏSASLI ZƏMİN

Dost və qardaş ölkələr sırasında Azərbaycan Prezidentinə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən Zəfər günü münasibəti ilə ünvanlanan təbrik də maraq doğurur. "Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Sizi – əziz qardaşımı və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram", - deyə fikirlərini ifadə edib: "Beş il əvvəl doğma Vətəninin əsl fədaisi və sadiq oğlu, görkəmli dövlət və siyasət xadimi olan Sizin kimi müdrik rəhbərin qətiyyəti və cəsarəti sayəsində ölkənizin ərazi bütövlüyü bərpa edilmiş, tarixi ədalət təmin olunmuşdur. Bu möhtəşəm hadisə təkcə Azərbaycanın gücünü və böyük potensialını bütün dünyaya aydın şəkildə nümayiş etdirmədi, həm də regionda sülh, qarşılıqlı anlaşma və sabitliyin möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. Bu məqamda Sizin Cənubi Qafqazda əmin-amanlığın və davamlı inkişafın təmin edilməsi istiqamətində həyata keçirdiyiniz ardıcıl səyləri tam dəstəklədiyimizi bir daha vurğulayıram".

Təbrikdə o da qeyd olunub ki, son illərdə ölkənizə səfərlərim zamanı Qarabağ bölgəsində müasir infrastrukturun qurulmasının, mədəni irs abidələrinin bərpa edilməsinin, bu ərazilərdə yaşayan əhalinin həyat səviyyəsinin yüksəldilməsinin şahidi oluruq və səmimi bir qardaş kimi bu misilsiz nailiyyətlərdən böyük sevinc hissi keçiririk: "Hörmətli İlham Heydər oğlu, Sizinlə bu il Azərbaycanın füsunkar Bakı, Xankəndi və Qəbələ şəhərlərində açıq və məhsuldar görüşlərimiz, habelə səmərəli danışıqlar zamanı əldə olunan mühüm razılaşmaların tam icrasının strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərimizi tamamilə yeni mərhələyə yüksəldəcəyinə əminəm".

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud və başqalarının Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrikləri dövlətlərarası münasibətlərin sıx dostluq və əməkdaşlığa söykənməsinin təzahürüdür. Hər bir təbrikdə qardaş Azərbaycan Hökumətinə və xalqına tərəqqi və firavanlıq dilənilir.

Əlbəttə ki, bu münasibətlər Azərbaycan Prezidenti İlham Əliyevin dünya dövlətləri ilə qurduğu qarşılıqlı etimad əsasında formalaşıb. Cənab Prezidentin qazandığı imic ölkəmizin beynəlxalq nüfuzunu yüksəldib. Prezident İlham Əliyevin apardığı düşünülmüş və gələcəyə hesablanmış beynəlxalq və sosial-iqtisadi siyasəti sayəsində Azərbaycan qısa bir zamanda böyük inkişaf yolu qət edib. Azərbaycanın son illər ərzində böyük dünya əhəmiyyətli transmilli layihələrə imza atması, karbohidrogen yataqlarından istehsal olunan neft və qazın Avropaya və dünyaya çatdırılmasının şaxələndirilməsi, Cənub Qaz Dəhlizində aparılan möhtəşəm tikinti işləri, Bakı-Tiblisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Şimal-Cənub, Qərb-Şərq nəqliyyat dəhlizlərindən istifadə imkanlarımızın genişlənməsi ölkəmizin dünya üçün cəlb ediciliyini daha da artırıb. Bu və ya digər amillər ölkəmizin dünyada dostlarının, tərəfdaşlarının sayını artırır.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazandığımız Zəfər ölkəmizin daha işıqlı gələcəyi üçün yeni imkanlar yaradıb.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər