Yeni reallıqlar deyən zaman ilk növbədə ağlımıza Vətən müharibəsindən sonra əldə etdiyimiz tarixi zəfərimiz, bunun nəticəsində formalaşan tamamilə fərqli geostrateji reallıq, tarixi zəfərimizin daxili siyasətə gətirdiyi tam fərqli siyasi iqlim yaxud siyasi sistemimizin yeni konfiqurasiyada formalaşması kimi olduqca kordinal dəyişiklər gəlir. Ancaq bununla belə həm də yeni reallıqlarımızın simvollarından biri kimi mütləq milli qürur şəhərimiz Şuşa yada düşür. Elə iyun ayının 15-də iki qardaş ölkə Türkiyə və Azərbaycanın hakim partiyalarının təşkil etdiyi, Şuşa bəyannaməsinin ildönümünə həsr edilmiş beynəlxalq konfransın Şuşada keçirilməsi də bir sıra mühüm cəhətlərinə görə əsla təsadüfi deyildi. Təsadüfi olmayan məsələlərdən biri də bu konfransa təkcə hakim partiyaların deyil, həm də hər iki ölkənin müxalifət nümayəndələrinin qatılması idi. Bunun isə çox sadə səbəbi var. Milli davada müxalifət iqtidar fərqi olmadan bütün siyasi güclər bir araya gəlməyi bacarmalıdır. Əks təqdirdə bu prosesə qoşulmayanların milli davaya sahib çıxması şübhə ilə qarşılana bilər. Ona görə də müstəqil iradəyə malik olan, siyasi fəaliyyətinin məqsədi öz xalqının maraqlarına xidmət etmək olan partiyalar belə fürsəti əsla qaçırmırlar. Siyasi iradəsi öz əlində olmayan, hakimiyyətə gəlmək üçün xalqın iradəsinə deyil, xarici güc mərkəzlərinin imperativlərinə arxalanalar isə belə tədbirlərə qatılmırlar. Tam əksinə milli birliyi təcəssüm etdirən bu cür tədbirləri ictimai rəydə gözdən salmaq üçün müxtəlif kampaniyalar aparırlar.
Şuşadakı etiraf yaxud milli duyğular və maraqlar iqtidar-müxalifət münasibətlərinin fövqündədir
Şuşada təşkil edilən beynəlxalq konfransda iştirak edənlərin hər birinin gözlərində sevinc, üzlərində təbəssüm, ürəklərində fəxarət hissi var idi. Hərəkətləri və əhval-ruhiyyələri bunu hər addımda təsdiq edirdi. Doğrusu bir sosioloq kimi bu vəziyyət mənə yaxşı müşahidə imkanları yaratmışdı. Siyasi sistemimizi uzun illərdir tədqiq edən, öyrənən, yüzlərlə analitik məqalə yazan bir araşdırmaçı kimi bu mənə olduqca maraqlı idi. Düşünürdüm ki, görəsən əldə etdiyimiz tarixi zəfər, xalqımızın bu zəfərlə birlikdə yenidən milad etməsi siyasi sitemimizdə də adekvat keyfiyyət dəyişikliyi yarada biləcəkmi? Bu sualın cavabını tapmaq üçün çox da gözləmək lazım gəlmədi. Daima ünsiyyətə və intellektual polemikaya açıq bir adam kimi tanındığım üçün ən radikal müxalif siyasətçi ilə də heç bir zaman ünsiyyət problemim olmayıb. Şuşada da hara getsəm dərhal qızğın debata cəlb olunurdum. Belə dialoqların birində müxalifətçi siyasətçilərdən biri qeyri-iradi olaraq maraqlı bir etiraf etdi. Mənə xitabən bildirdi ki, Prezident İlham Əliyev doğurdan da tamamilə yeni bir Azərbaycan yarada bildi. Ona görə də Yeni Azərbaycan Partiyası öz adını tamamilə haqq edir. Beləliklə bu etiraf əslində həm də mənim sualımın cavabı idi. Yəni yeni geostrateji reallıq və siyasi sistemimizin yeni konfiqurasiyası müxalifət düşərgəsində də olduqca ciddi və pozitiv dəyişiklik yaradıb. Milli mənafelərimiz və ötən əsrin 90-cı illərindən bizə miras qalan, çox da xoş olmayan bəzi siyasi ənənələrdən birdəfəlik qurtarmaq üçün bu əla fürsətdir. Çünki müstəqilliyimizi əldə edər-etməz yenicə formalaşan milli siyasi sistemimiz Qarabağ problem və onun ətrafında baş verən çoxsaylı neqativlərin siyasi məhsulu kimi ortaya çıxmışdı. İndi isə Qarabağ problemimiz yoxdur. Deməli siyasətimizə böyük ölçüdə mənfi çalarlar və radikallıq qatan səbəb də yoxdur. Onda tam zamanıdır ki, yeni realıqlara əsaslanan, tamamilə yeni keyfiyyətdə siyasi davranış formaları və siyasi mədəniyyət yaradaq. Çünki bu cəmiyyətin və onun siyasi sisteminin zəruri sosial sifarişidir. Ancaq….
Radikallıq və qərəz siyasəti marginallaşdırır və sistemdən kənar autsayderlər yaradır
Azərbaycanın ciddi klassik demokratik siyasi sisteminə paralel olaraq ölkənin siyasi sistemindən kənarda olan müəyyən autsayder və dağıdıcı müxalifət də siyasətlə məşğul olmağa çalışır ya da çalışdırılır. Çalışdırılır deməkdə məqsədimiz odur ki, belələri Azərbaycanın daxili siyasi siteminə məqsədli şəkildə müdaxilə edərək onu idarə etmək istəyən imperialist mərkəzlər tərəfindən idarə olunur. Məqsəd isə nə demokratiya, nə insan hüquqları, nə də ki, siyasi azadlıqlar və s. deyil. İmperializmin bir məqsədi olur, o da milli dövləti zəiflətmək, onu istismar etmək və hətta dağıdaraq rəqib kimi sıradan çıxarmaq. Yaxın Şərqdə, Şərqi Avropada və s. bunun çox bariz örnəkləri var. Bu autsayderlər zaman-zaman Azərbaycan mətbuatı və ictimaiyyəti tərəfindən bəzən “radikal müxalifət”, bəzən “qeyri-ənənəvi müxalifət”, bəzən də “sistemin autsayderləri” adlandırılıblar. Amma istənilən halda, necə adlandırılmasından asılı olmayaraq, onlar ciddi şəkildə Azərbaycanın ənənəvi klassik siyasi sisteminə, burada baş verən proseslərə müdaxilə edə bilməyiblər və ümumiyyətlə, sistem tərəfindən qəbul edilməyiblər. Belə olan halda, özlərini siyasi güc kimi təqdim etməyə çalışan bu siyasiləşdirilmiş qruplar Azərbaycan cəmiyyətində, həm də marginal qruplar kimi xarakterizə olunurlar. Hazırda belə nümunələrdən biri də “Milli Şura” və ona daxil olan “üzvlər” dir. Onlardan biri də Gültəkin Hacıbəylidir.
Siyasətin məntiqi yaxud Gültəkin Hacıbəylinin siyasi məntiqi
İndi isə bir qədər yuxarıda təsvir etdiyimiz “siyasətçiləşdirilmiş” “siyasətçilər”in siyasi fəhmləri və siyasəti necə dərk etmələri məsələsinə toxunaq. Əgər bir siyasətçi, konkret olaraq Gültəkin Hacıbəyli Qərbin bir nömrəli prioritetini hüquq və azadlıqların qorunması kimi başa düşürsə, bu siyasi və məntiqi iflasdır. Çünki insan hüquqları və azadlıqların məhdudlaşdırılmasının, diskriminasiyanın, milli, dini, etnik ayrı-seçkiliyin, öz vətəndaşına qarşı zor tətbiq etmənin elə qəddar nümunələri var ki, bunları yalnız Qərbdə görmək mümkündür. Əgər “Milli şura” adlandırılan qurum demokratiya, insan hüquqları kimi universal dəyərləri mənimsəmiş və onun uğrunda mübarizə aparan bir təşkilatlanmadırsa, onda hər şeydən əvvəl qurumun özü buna uyğun siyasi mübarizə metodu və üsullarını tətbiq etməlidir. Ancaq Gültəkin Hacıbəyli deyir ki “sədrimiz yazıbsa, sədrimizin fikri bizim ümumi fikrimizdir”... Bəs onda demokratiya və söz azadlığı hüququ harada qaldı və siz başqalarını demokratiya, söz azadlığı, insan hüquqları uğrunda mübarizə apardığınıza necə inandıra bilərsiniz? Deməli, bu dəyərlər “siyasətçiləşdirilmişlər” üçün sadəcə istismar alətidir və təəssüf ki, bu alət ictimai maraqlarımızın əleyhinə işləyir. Gültəkin Hacıbəyli həm də ictimai virtual qeybət subyektlərinin mövcud nümunələrindən biridir. Siyasətlə məşğul olan hər kəs bilir ki, eyni siyasi çətir altında yalnız eyni maraqları və eyni düşüncələri olan insanlar fəaliyyət göstərə bilər. Bu mənada “Milli Şura”da olanların əksəriyyəti də elə Gültəkin Hacıbəyliyə bənzəyir. Siyasəti kütləvi ictimai qeybətə və cəmiyyətdaxili kin və ədavət alətinə çevirirlər. Bu isə siyasi sistemimizin daha da demokratikləşməsi və yenilənməsi baxımından olduqca zərərlidir. Eyni zamanda qalib xalqımızın yeni nəsil siyasətçiləri üçün də çox pis nümunədir. Virtual ictimai qeybətdə diqqət çəkən daha bir məqam isə müxtəlif internet resurslarında Gültəkin Hacıbəylinin də fəal olduğu ictimai rəyi manipuliyasiyaetmə fəaliyyətidir. Bu fəaliyyət əsasən həqiqətləri təhrif etmək, ən yaxşı işdə də qüsur axtarmaq, milli dəyərləri və milli siyasi institutları gözdən salmaq, qərb imperializminin təbliğ etmək, yaxşı-pis nə varsa, imperializmə aid hər şeyə maymaq aludəçilik yaratmaq fəlsəfəsinə söykənir. Beləliklə milli dəyər və institutulaşmalar, milli demokratiya və ümumi ictimai maraqların zəruri etdiyi bütün dəyərlər kiçildilir və gözdən salınır. Nəticədə bu fəaliyyət mümkün təsir dairəsinə aid olan ictimai fəal fərdlərdə özününkü olan hər şeyə etimadsızlıq yaradır. Bu cür fəaliyyət isə milli inamsızlığa, milli aşağılıq kompleksinin yaranmasına qədər gətirib çıxara bilir. Bu isə bir siyasətçinin yaxud virtual şəbəkə fəalının məqsədi və məramı ola bilməz, ya da olmamalıdır. Çünki belə fəaliyyət nə siyasətçi üçün, nə də onun mümkün auditoriyası üçün əsla faydalı deyil. Tam əksinə milli maraqlar baxımından daban-dabana zidd fəaliyyətdir. Gültəkin Hacıbəyli isə bunu həvəslə edir.
Hikmət Babaoğlu
Milli Məclisin deputatı