Siyasət

  • 1 754

“İrəvandan-Zəngəzuradək” adlı kitabın təqdimat mərasimi keçirilib

image

Bu gün “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz: İrəvandan-Zəngəzuradək” adlı kitabın təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Mədəniyyət naziri Anar Kərimov, Milli Məclisin deputatları, ekspertlər və bir sıra media nümayəndələri iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Milli Məclisin deputatı Zahid Oruc “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz: İrəvandan-Zəngəzuradək” adlı kitabın mahiyyətindən danışıb. Zahid Oruc bildirib ki, Vətən müharibəsində Qələbə təkcə gələcəyimizə deyil, həm də keçmişimizə, çox minillik tariximizə həssas münasibətə, onu yenidən qiymətləndirməyə fürsətlər açır. “Erməni düşməni” və “işğal” terminlərini tarixə qovuşduran, bununla da yeni siyasi və milli kimlik qazanan xalqımız indi İrəvana və Zəngəzura, Göyçəyə və bütün tarixi torpaqlara gedən yolları inşa edir, çoxəsrlik qan yaddaşını qaytarır və mədəni-mənəvi intibahının yeni mərhələsinə qədəm qoyur: "Prezident İlham Əliyevin “İrəvana qayıdacağıq, lakin dinc yolla” çağırışı hər hansı sülh razılaşmalarını gerçəkləşdirmək üçün taktiki təzyiq planından çox uzağa gedən strateji dövlət kursudur. Ona görə də ölkə rəhbərinin Qarabağdan sonra dövlətimizin yeni milli hədəflərə yönəlmək, onun ideoloji-siyasi konseptini və elmi əsaslarını formalaşdırmaq çağırışına cavab olaraq, Sosial Tədqiqatlar Mərkəzi institusional bir əsəri Azərbaycan ictimaiyyətinə təqdim edir. Kitab yalnız dövlət rəsmiləri və diplomatik-siyasi heyət üçün deyil, daha çox xalqımıza onun taleyi ilə eyni aqibəti yaşayan, yüz illərlə dağıdılmaya məruz qalsa da, yazılı mənbələrdə, bir-birini əvəzləyən nəsillərin yaddaşında canlı qalan maddi-mədəni irs nümunələrini bir araya gətirməklə ümumxalq ensiklopediyası yaratmağa çalışır. Mühüm milli və mənəvi ideyalara söykənən tədqiqatın nəticəsi olan “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” kitabı təkcə hazırkı Ermənistanda azərbaycanlılara məxsus irsin məhv edilməsi və yer üzündən silinməsinin miqyasını, statistikasını göstərmir, həm də abidələrin daşıdığı yaddaşı, əfsanələri, inanc və hekayələri onların pasportu, ruhi və fiziki kimliyi, milli tariximizin yaddaş toplusu şəklində yenidən bərpa edir".Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli bildirib ki, tariximizin indiki mərhələsində əzəli torpaqlarımız olan Ermənistan Respublikası ərazisində ermənilər tərəfindən dağıdılmış, mənimsənilmiş Azərbaycan abidələrinə, tarixi-mədəni irsimizə həsr olunmuş bu tədbirin müstəsna əhəmiyyəti var: "Sözsüz ki, zamanında ulu öndər Heydər Əliyev və hər zaman Prezident İlham Əliyev bizim tarixi irsimizi qoruyublar. Uzun illər ərzində həm postsovet məkanında, həm də dünyada Azərbaycan-Ermənistan konfliktinin Qarabağ münaqişəsi kimi çatdırılmasına cəhd olunub. Əslində isə hadisələrin başlanmasının əsas səbəbi Moskvada Ulu Öndərin ədalətsiz şəkildə hakimiyyətdən kənarlaşdırılması və bundan sonra azərbaycanlıların Ermənistandan deportasiya olunmasıdır. Təəssüf ki, o dövrdəki səriştəsiz şəxslər bunun qarşısının alınması istiqamətində addım atmadılar. Hətta bu hadisələri işıqlandırmağa belə cəhd etmədilər. Buna görə də azərbaycanlıların deportasiyası mövzusu qapalı qaldı. Bundan istifadə edən ermənilər sonra isə Qarabağ mövzusunu önə çəkə bildilər".Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirib ki, qonşu ölkələrdəki arxiv sənədlərimizin araşdırılmasına başlanılıb: "Mədəniyyət Nazirliyi olaraq hazırda bu məsələnin üzərində çalışırıq. Bu layihə çərçivəsində qonşu dövlətlərdə olan arxiv sənədlərinin araşdırılması və bu sənədlər əsasında tarixi torpaqlarımız olan İrəvan və Zəngəzurda Azərbaycana aid tarixi faktlar tarixi mədəniyyət abidələri haqqında tədqiqatın həyata keçirilməsi, bunun nəticəsində nəşrlərin çap edilməsi və beynəlxalq səviyyədə təbliğ edilməsi nəzərdə tutulub".Nazir bərpa və quruculuq işlərinin digər tarixi torpaqlarımızda davam etdiriləcəyinə inamını ifadə edib: "Artıq zaman dəyişib. Ermənistan Respublikası tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılan doğma torpaqlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən azad edilib. İndi həmin ərazilərdə quruculuq işləri aparılır. İnfrastruktur layihələri ilə bərabər tarixi-mədəni abidələrimiz də bərpa olunub öz əvvəlki simasına qaytarılır. Əminik ki, bu işlər Prezident İlham Əliyevin söylədiyi kimi, bizim tarixi torpaqlarımız olan İrəvan və Zəngəzurda da baş verəcəkdir".Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli bildirib ki, Türkmənçay və Ədirnə müqavilələrindən sonra Azərbaycan torpaqlarına yüz minlərlə ermənilərin köçürülməsi prosesi başlandı: "1988-1989-cu illərdəki deportasiya siyasəti SSRİ dağıldıqdan sonra, indiki Ermənistanda daha qəddar şəkildə, vəhşicəsinə davam etdirilib. Ermənistan qanunverici orqanının qərarları ilə azərbaycanlılara məxsus yaşayış məntəqələrinin, eyni zamanda, çayların, göllərin, təpələrin adları dəyişdirilib, tarixi və mədəniyyət abidələri məhv edilib. Ermənistanda azərbaycanlılara məxsus tarixi, maddi-mədəni irs tamamilə silinib və erməniləşdirilib. Bu, Ermənistanda vandalizmin, yerli xalq olan azərbaycanlıların irsinə vəhşi münasibətin göstəricilərindən biri olsa da, mədəni dünya bu vəhşiliyə daim göz yumub. 1988-1989-cu illərdə Ermənistanın 22 rayonundan (172 sırf azərbaycanlı və 89 ermənilərlə qarışıq yaşayış məntəqələrindən 40,928 ailə) 250 minə yaxın azərbaycanlı deportasiya edilib. Bununla da tarixi Azərbaycan torpaqlarında monoetnik erməni dövlətinin əsası qoyulub. Azərbaycanlıların qoyub getdikləri yaşayış məntəqələrindəki 234 məktəb, 214 kitabxana, 268 mədəniyyət müəssisəsi, 235 səhiyyə ocağı, 112 uşaq bağçası, 152 məişət evi ermənilərin əlinə keçib. Azərbaycanlılara məxsus 223 qəbiristanlıq, 49 məscid, 68 tarixi, 7memarlıq abidəsi tədricən erməni vandalları tərəfindən dağıdılıb".Tədbirin sonunda konfrans iştirakçıları tərəfindən UNSECO-nun baş direktoruna müraciət qəbul edilib.

Arzu Qurbanlı

Digər xəbərlər