PDF Oxu

Siyasət

  • 541

8 Noyabr – Azərbaycan tarixində qələbənin və milli birliyin zirvəsi

image

Azərbaycan xalqının müasir tarixində 8 Noyabr xüsusi qürur və iftixar hissi ilə qeyd olunur. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqın iradəsi, ordunun gücü və milli birliyin təcəssümü nəticəsində əldə edilmiş böyük Qələbə günüdür. Prezident İlham Əliyevin “Mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq” sözləri xalqın illərlə davam edən mübarizə əzmini və birliyini ifadə edir. 30 ilə yaxın işğal dövründə bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalmış, doğma yurdlarından didərgin düşmüşdü. Lakin bu müddət ərzində Azərbaycan dövləti iqtisadi, hərbi və siyasi gücünü artıraraq, azadlıq gününə doğru inamla irəliləmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi sənaye kompleksinin inkişaf strategiyası müasir ordunun formalaşmasında mühüm rol oynamışdır. “Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir. Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq” – deyən dövlət başçısı bu istiqamətdəki siyasətin məqsədini aydın şəkildə ifadə etmişdir.

2020-ci il 27 sentyabr tarixində Ermənistanın törətdiyi təxribat nəticəsində başlayan Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrildi. 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliləyərək işğal altında olan torpaqları azad etdi. Prezident İlham Əliyevin dediyi kimi, “44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi.” Bu qətiyyətli addımlar nəticəsində Ermənistan kapitulyasiya etməyə məcbur oldu və üçtərəfli bəyanat imzalanaraq Qarabağ üzərində Azərbaycanın suverenliyi bərpa edildi. “Ona görə Qələbəyə aparan yol müxtəlif istiqamətlərdən keçmişdir. Əlbəttə ki, güclü Silahlı Qüvvələrin yaradılması əsas vəzifə idi və biz bunu yaratdıq,” – deyə Prezident İlham Əliyev Qələbənin əsas dayaqlarını vurğulamışdır. XXI əsrin müharibəsini aparan Azərbaycanın müasir döyüş təcrübəsi bu gün dünyanın bir çox ölkələrinin hərbi məktəblərində öyrənilir və nümunə kimi təqdim olunur.

Azərbaycan dövləti müharibədən sonra da sülhün bərqərar olmasına sadiqliyini nümayiş etdirmişdir. “Biz sülh istəyirik, biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh,” – deyən Müzəffər Ali Baş Komandan Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini ortaya qoymuşdur. Dövlət başçısının “Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır” fikri isə Qələbənin saxlanılması və gələcəyə inamın təmin olunmasında milli birliyin əhəmiyyətini göstərir. Azərbaycan xalqının birliyi və dövlətin gücü “Dəmir yumruq” ifadəsində simvolik şəkildə cəmlənmişdir. 2023-cü ildə bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçı rejimin qalıqları ləğv olundu, dövlət suverenliyi tam bərpa edildi və beynəlxalq hüquq zəfər çaldı. Prezident İlham Əliyevin “Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi” fikirləri bu mərhələnin mahiyyətini açıq şəkildə ifadə edir.

Azərbaycanın dövlət sərhədlərinin tam nəzarət altına alınması üçün “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması mühüm geosiyasi əhəmiyyət daşıyır. Qələbənin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması planlaşdırılmış, Dövlət Suverenliyi Günü təsis olunmuşdur. Prezident İlham Əliyev “Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər” sözləri ilə bu Qələbənin tarixi və mənəvi əhəmiyyətini dəyərləndirmişdir.

Zəfərdən sonra Azərbaycanın qarşısında yeni bir dövr – quruculuq mərhələsi başlanmışdır. “Azərbaycanın quruculuq missiyası başlanır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq,” – deyə Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, yeni yaşayış məntəqələri salınır, iqtisadi və sosial həyat canlandırılır, məşğulluq tədbirləri həyata keçirilir.

Bu gün Azərbaycan dövləti həm də Vətən müharibəsi iştirakçılarına, qazilərə və şəhid ailələrinə yüksək diqqət və qayğı göstərməklə sosial ədalətin və milli dəyərlərin qorunmasına xüsusi önəm verir. Prezident İlham Əliyevin “Çünki Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik” fikirləri bu istiqamətdəki dövlət siyasətinin ideoloji əsasını təşkil edir. Müharibə iştirakçılarına ayrılan ali diqqət Azərbaycan dövlətinin mənəvi borcunun və vətənpərvərlik dəyərlərinə sadiqliyinin bariz nümunəsidir. Bu qayğı həm dövlətin sosial məsuliyyətini, həm də xalqın öz qəhrəmanlarına olan ehtiramını əks etdirir.

Beləliklə, 8 Noyabr — Zəfər Günü Azərbaycan xalqının qəhrəmanlığının, birliyinin, azadlıq iradəsinin və dövlət müdrikliyinin rəmzidir. Bu Qələbə təkcə işğaldan azad olunmuş torpaqların deyil, həm də milli qürurun, dövlət müstəqilliyinin və ədalətin zəfəridir. Zəfər Günü xalqın yaddaşında əbədi qalacaq, gələcək nəsillər üçün vətənpərvərlik, dövlətçilik və milli həmrəylik məktəbi olacaqdır.

Kənan Quliyev

YAP Laçın rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər