PDF Oxu

Siyasət

  • 2 407

Bakı erməni-bolşevik işğalından necə azad edildi? TƏHLİL

image

Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun və Azərbaycan Korpusunun Bakını erməni-bolşevik işğalından azad etməsindən 104 il ötür. 1918-ci ilin sentyabr ayının 15-i Bakının azad edilməsi tariximizdə mühüm yer tutan hadisəyə çevrilib. 104 il əvvəl baş verən hadisə hər zaman tariximizdə vərəqlənir. Həmin tarixdə Qafqaz İslam Ordusu Azərbaycan xalq könüllü dəstələrinin köməyi ilə Bakını azad edib. Böyük strateji mövqeyə malik olan Bakıya o dövrdə olan maraq və diqqəti nəzərə alsaq, onun azad edilməsinin də heç də asan olmadığını anlamaq olar. Belə bir tarixi yaşamış Azərbaycan mövcud olan zaman kəsiyində yaşantılarını salnamələr əsasında diqqətdən keçirib. Bu gün həmin hadisədən bir əsrdən artıq zaman ötsə də, Azərbaycan tarixinin müəyyən bir hissəsi olan 15 sentyabrı xatırlamaq zəruri məqamlardandır.Tarixi mənbələrdə göstərilir ki, Osmanlının hərbi naziri Ənvər paşanın qardaşı Nuru paşanın komandanlığı altında Qafqaz hərəkatı başladı.

NURU PAŞA KİMDİR?
Xatırladaq ki, 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar hələ də erməni-bolşevik işğalı altında idi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı dövləti Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə hərbi qüvvələrini göndərib və Qafqaz İslam Ordusu Gəncədən azadlıq yürüşünü başlamaqla, bolşevik-daşnak qüvvələrini darmadağın etdi. Bəs, Qafqaz İslam Ordusu nə vaxt və necə yaranıb? Hərbi nazir Ənvər Paşanın əmri ilə yaradılmış və tamamilə müsəlmanlardan ibarət olan ordu Birinci Dünya müharibəsi zamanı Qafqaz cəhbəsindəki döyüşlərdə iştirak etmişdir. Onunla bağlı olan mənbələrdə göstərilir ki, bu orduya Nuru Paşa rəhbərlik edirdi. 12–14 min osmanlı əsgərindən ibarət olan Qafqaz İslam ordusu, Azərbaycan türklərindən və Dağıstan müsəlmanlarından ibarət könüllülərin qatılması ilə təqribən 20 min sayında olmuşdur. Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaqda böyük rol oynayıb. Məhz ən çətin ictimai-siyasi vəziyyətdə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Bakının işğaldan azad olunmasında rolu əvəzsizdir. Bəs, əslində Nuru Paşa kimdir? Nuru Paşa və ya Nuru Killigil 1890-cı ildə İstanbulda anadan olub. İstanbulda böyüyüb və orada ilk hərbi təhsilini alıb. İlkin təhsilini başa vurduqdan sonra əmisi Xəlil paşanın və qardaşı Ənvər paşanın yolunu davam etdirib və 1906-cı ildə Quru qoşunları məktəbinə daxil olub. 1909-cu ildə bu məktəbi başa vuran Nuru paşa Osmanlı ordusu sıralarında zabit kimi xidmətə başlayıb. Mövcud olan məlumata görə, Nuru paşa 1911-ci ildə Hərbi Akademiyada da təhsilini başa çatdırıb. Bundan sonra o, bir sıra hərbi vəzifələrdə xidmət edib. 1913-cü ildə yüzbaşı, 1916-cı ildə minbaşı və 1918-ci ildə, Azərbaycana gəlməsi ərəfəsində yarbay rütbəsi alıb. Nuru paşa bu rütbədə də həyatını başa vurub.
Nuru paşa real olaraq "paşa" (general) rütbəsinə malik olmayıb. Qafqaz İslam Ordusu komandanı təyin ediləndə o, yarbay rütbəsində idi. Lakin ölkə xaricində çox böyük sayda hərbi qüvvələrə və daha yüksək rütbəli zabitlərə komandanlıq etməli olduğu üçün ona Osmanlı sultanının qərarı ilə Azərbaycanda olduğu müddətdə (Qafqaz İslam Ordusunun komandanı olması ilə əlaqədar) fəxri olaraq "feriq" (general-leytenant) rütbəsi verilib. Azərbaycanda olduğu zaman Nuru paşa bu rütbəni daşımalı və bu rütbənin səlahiyyətlərinə malik olmalı idi. Nuru paşa Türkiyəyə geri döndükdən sonra ona feriq rütbəsini təhvil verdi və bir müddətdən sonra yarbay rütbəsində təqaüdə çıxdı. Lakin Azərbaycanda göstərdiyi çox dəyərli xidmətlərinə görə Nuru paşaya həm Azərbaycanda, həm də Türkiyədə "paşa" deyə müraciət etmişdilər. Elə bu gün də Nuru paşa həm Azərbaycanda, həm də Türkiyədə paşa kimi xatırlanır və elə bu ad altında da ortaq tariximizin səhifələrində əbədilik həkk olunmuşdur.
CƏSARƏTLİ DÖYÜŞÇÜ …
Tarixi mənbələri vərəqlədikcə görürük ki, Nuru paşa kifayət qədər cəsarətli bir döyüşçü olub və məsuliyyətli vəzifələrin icrasını öz üzərinə götürməkdən heç zaman çəkinməyib. Birinci Dünya müharibəsi ərəfəsində Nuru paşanın qardaşı Ənvər paşa Türkiyənin hərbi naziri idi. Özü isə sultan qvardiyasında xidmət edirdi. Yəni, qayğısız xidmət etmək üçün əlində böyük imkanlar var idi. Amma hələ Birinci Dünya müharibəsi ərəfəsində Afrikanın şimalında Osmanlı nəzarəti altında olan ərazilərin itirilməsi təhlükəsi yarananda Nuru paşa Osmanlı sultanından xahiş etdi ki, onun Şimali Afrikaya yollanmasına və orada Osmanlı maraqlarının silah gücünə qorunmasında iştirak etməsinə icazə versin. Bunun nəticəsi idi ki, Nuru paşa 1911-12-ci illərdə və eləcə də Birinci Dünya müharibəsi illərində Trablusqərb cəbhəsində ağır döyüşlərə qatıldı və elə bu döyüşlərdə də Qafqaz İslam Ordusuna uğurlu komandanlıq üçün dəyərli hərbi təcrübəni əldə etdi. Cənubi Qafqazda cərəyan edən qanlı hadisələr Osmanlı rəhbərliyi tərəfindən də çox narahatçılıqla izlənilirdi və Azərbaycan xalqına hərbi kömək göstərilməsi üçün Ənvər paşa konkret planlar üzərində düşünməyə başlamışdı. Osmanlı zabitlərinin köməyi və iştirakı ilə təşkilatlandırılacaq orduya Qafqaz İslam Ordusu adı verilməsi qərarlaşdırılmışdı.
MÜHARİBƏLƏRDƏ XİDMƏTİ OLAN BÜTÜN ZABİT VƏ SIRAVİLƏRİN HƏR BİRİNƏ TƏŞƏKKÜR
Nuru paşa qəhrəmanlıqla döyüşərək Bakını azad edən Məhmətçiyin bu xidmətinin əvəzini ödəmək lazım olduğunu bildirirdi. Qafqaz İslam Ordusu Komandanı Nuru paşa Bakını azad etmələri münasibəti ilə bütün diviziyalara təbrik göndərdi. Təbrikdə deyilirdi: "Bakının ələ keçirilməsi üçün edilən müharibələrdə xidməti olan bütün zabit və sıravilərin hər birinə, göstərdikləri şücaət və fədakarlığa görə təşəkkür edirəm. İlk piyada hücumunu uğurla yerinə yetirən 9 və 56-cı alaylara, düşmən qüvvələri üstün olduğu halda hücumla qısa zaman ərzində Biləcərinin yüksəkliklərini ələ keçirən 38-ci alaya, xüsusi təşəkkürümü bildirirəm. 56-cı alayın topçu atəşi müşayiəti olmadan düşmənin iki xəttini işğal etməsi təqdirəlayiq haldır. Buna görə alay komandiri minbaşı Fəhmi bəyin yarbay rütbəsi ilə təltif olunması barədə Hərbiyə Nazirliyinə təqdimat verdim. Bu döyüşlərdə fərqlənən zabit və sıravilərin təyin olunaraq, 17 sentyabr axşamına qədər Ordu Komandanlığına göndərilməsini xahiş edirəm".
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk sədri Fətəli xan Xoyski Bakının azad edilməsi uğrunda türk hərbçilərinin göstərdiyi xidmətləri Nuru paşaya müraciətində belə qiymətləndirmişdir: "Millət sizə minnətdardır".
Sentyabrın 16-da səhər tezdən Qafqaz İslam Ordusunun Bakının asayişində dayanan hissələrindən başqa qalan qüvvələrinin rəsmi keçidi keçirildi. Bu rəsmi keçid Qırmızı Qışla adlanan məntəqədə (İndiki Bakı Dövlət Universiteti ilə Bakı-Quba yolu arasında yerləşirdi) təşkil edildi. Rəsmi keçiddə Xəlil paşa, Nuru paşa, Əlağa Şıxlinski, Həbib bəy Səlimov, Azərbaycan hökumətinin bir sıra üzvləri də iştirak edirdilər. Rəsmi keçid bitdikdən sonra adları çəkilən şəxslər, qonaqlar və qoşun hissələri şəhərə daxil oldular.
Bəli, Qafqaz İslam Ordusu böyük bir missiyanı həyata keçirdi. Nuru paşanın xatirəsi, Qafqaz İslam Ordusunun rəşadəti Azərbaycanda həm cəmiyyət, həm də dövlət səviyyəsində xüsusi ehtiramla yad edilir. Qarabağda anti-Sovet xalq üsyanının yatırılmasından sonra Türkiyəyə qayıtmalı olan Nuru paşanın sonrakı həyatı Türkiyə ilə bağlıdır. Öz doğma vətəninə qayıtması ilə Nuru paşa yeni sınaqlarla üzləşməli oldu. Hər şeydən əvvəl Sovet Rusiyasının bolşevik rəhbərliyi Azərbaycanda bolşevik hakimiyyətinə qarşı qətiyyətli mübarizə aparan Nuru paşanın təqibini Türkiyə ərazisində də davam etdirdi. Sovet Rusiyanın rəhbərliyi ilə Türkiyənin müxtəlif səviyyəli heyətləri arasında aparılan danışıqlar zamanı Nuru paşanın Qarabağda sovet hakimiyyətinə qarşı mübarizə aparması ciddi tənqidlə qarşılandı.1920-ci il sentyabr ayının sonlarında Nuru paşa Türkiyənin azadlıq mübarizəsinə qoşuldu və Sarıqamış ətrafında döyülərə qatıldı. Nuru paşa bu döyüşə onunla birlikdə Türkiyə ərazisinə keçmiş Azərbaycan milli süvari alayı ilə daxil oldu və bir daha Azərbaycana bağlılığını nümayiş etdirdi. Onun qatıldığı döyüş də uğurlu oldu və Azərbaycan süvari alayı 1920-ci il sentyabr ayının sonlarında Sarıqamışı ələ keçirdi. 1920-ci ilin oktyabrında Nuru paşa Azərbaycan süvari alayı ilə artıq Ərzurumda idi.
ŞUŞA BƏYANNAMƏSİ: MÜNASİBƏTLƏRİN YENİ MÜSTƏVİSİ
Qarabağda qarşısına qoyduğu məqsədə çata bilməməsi, Nuru paşanın mənəvi və fiziki gərginliyini daha da artırdı. Bunlar Nuru paşanın bütün durumunda da özünü göstərməyə başladı. Bir tərəfdən də dolanışıq çətinliklərinin mövcudluğu Nuru paşanın həyatında ağrılı səhifələrdən birini açdı. Yeni şəraitdə Nuru paşanın ailə üzvləri də pərən-pərən düşmüşdü. Qardaşı Ənvər paşa ingilis təqiblərindən qaçaraq Rusiyaya sığınmış, anası Aişə İstanbulda tək qalmış, digər qardaşı Kamil və bacısı Mediha da yeni şəraitin çətinlikləri ilə üzbəüz qalmışdılar.
1949-cu il mart ayının 2-də Nuru paşa sahibi olduğu Sütlücə hərbi fabrikində baş vermiş partlayış nəticəsində həlak oldu. Partlayış kapsulların saxlandığı otaqda texniki normalara əməl edilməməsi nəticəsində baş vermişdi.
1918-ci il 31 Mart soyqırımı qurbanlarının, 1990-cı il 20 Yanvar, Ermənistanın təcavüzünə qarşı ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan müharibədə həlak olan şəhidlərimizin dəfn olunduğu və hər bir azərbaycanlı üçün müqəddəs olan Şəhidlər xiyabanında Qafqaz İslam Ordusu döyüşçülərinin xatirəsinə Bakı Türk Şəhidliyi abidəsi ucaldıldı. Bu, Azərbaycan və Türkiyə xalqlarının qardaşlığının, əbədi birliyinin rəmzidir. Nəhayət, 44 günlük müharibədə qardaş Türkiyə Azərbaycanın haqq işini birmənalı olaraq diplomatik-siyasi və mənəvi-psixoloji baxımdan müdafiə etdi.
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə imzaladıqları Şuşa Bəyannaməsi münasibətləri yeni səviyyəyə çıxardı.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər