Siyasət

  • 3 580

Azadlığa qovuşan ilk şəhərimiz

image

Azərbaycan xalqı 30 il düşmən taptağı altında olan torpaqlarının azad edilməsi ilə yekunlaşan Vətən Müharibəsinin ikinci ildönümünü qeyd edir. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə və ədalətli həll olunması prosesində beynəlxalq birlik uzun illər susqunluq nümayiş etdirmiş, ATƏT-in Minsk qrupunun həmsədrləri öz missiyalarını layiqincə yerinə yetirməmiş, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmamışdır. Azərbaycan Respublikası hər zaman beynəlxalq səviyyəli danışıqlarda konstruktiv mövqedən çıxış edərək, münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olub. Lakin öz tamahkar ampluasında sadiq qalaraq işğalçı mövqeyindən geri addım atmayan mənfur düşmən yeni torpaqlar işğal etmək iddiasından heç vaxt vaz keçməyib.

Düşmənin növbəti təxribatını dəf etmək və təcavüzə son qoymaq üçün 27 sentyabr 2020-ci il tarixdə Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələri cəbhəboyu əks-hücuma keçərək Vətən Müharibəsi başladı. Azərbaycan Ordusu Vətən müharibəsinin ilk günlərində - 27 sentyabr 2020-ci il tarixdə Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixdə Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixdə isə Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 80 kənd işğaldan azad edilib. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cəbrayıl rayonunun Cocuq Mərcanlıya kəndi ordumuzun nəzarətinə keçmişdi. Azərbaycan Ordusu yarım qalmış işi 2020-ci ildə uğurla reallaşdırdı və Cəbrayıl rayonu bütövlükdə 27 ildən sonra düşmən işğalından azad edildi. Cəbrayıl Vətən müharibəsində azad edilən ilk şəhərimizdir.

2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə işğaldan azad olunmuş Cəbrayıl rayonuna səfər edərək Cəbrayıl şəhərində və rayonun ərazisində yerləşən, milli qürur simvolu olan qədim Xudafərin körpüsündə üçrəngli müqəddəs Azərbaycan bayrağını ucaltdı. Ali Baş Komandanın bu körpüdə Azərbaycan bayrağını ucaltması böyük tarixi, siyasi önəm daşıyırdı. Çünki Xudafərin xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxıb.

Cəbrayıl rayonunun azad edilməsi uğrunda döyüşən, canından keçən qəhrəman oğullarımızı xalqımız və dövlətimiz unutmur, onların sücaəti yüksək qiymətləndirilir. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə igidlik və şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22744 hərbi qulluqçusu 26 noyabrın 2020-ci il tarixdə Prezident İlhan Əliyevin sərəncamı ilə təsis edilmiş “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də işğal edilib. Ərazisi 1050 kv.km, əhalisi 52 min nəfər olan Cəbrayıl rayonu işğala məruz qalarkən yüzə yaxın kənd, 72 ümumtəhsil məktəb, 8 xəstəxana, 150 mədəniyyət ocağı, 132 tarixi abidə, yaşayış evləri və binaları vəhşicəsinə talan edilib.

İşığı sönmüş ailələr, yarım qalmış talelər, qüruru qırılmış insanlar, valideynlərini itirmiş, yetim qalmış uşaqlar doğma yurdlarından didərgin düşmüşlər. Cəbrayıllı məcburi köçkünlər respublikamızın müxtəlif rayonlarında yerləşən yaşayış məntəqələrində, eləcə də qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda
məskunlaşmışdır. İşğal zamanı rayona 13,928 milyard ABŞ dolları həcmində maddi ziyan dəyib, dəyən mənəvi ziyanın isə ölçüsü yoxdur.

Cəbrayıl rayonunun ərazisi mərmər və digər qiymətli tikinti materialları ilə zəngindir. Rayonda hətta neft yataqlarının olduğu da bəllidir. Cəbrayılda qaynar mədəniyyət, elm-təhsil, maarif mühiti olub. Rayonda 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim çalışıb. Rayon Tarix-diyarşünaslıq muzeyində 20 mindən çox eksponat olub.

İşğal altında olduğu illərdə Cəbrayıl rayonu düşmən tərəfindən tamamilə dağıdılıb. Dağtumas kəndi yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diridağdakı “Mazan nənə” türbəsi, “Mərmər nənə” məqbərəsi kimi arxeoloji, Dağtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diridağdakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid” hamamı, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki səkkizguşəli türbə və məqbərələr, Türk qəbiristanlığındakı türbə və məqbərələr ermənilər tərəfindən məhv edilib. Orada işğalçı ölkənin hərbi hissələri, onların istifadə etdiyi tikili və qurğular mövcud olub.

Prezident İlham Əliyev 2021-ci ildə üç dəfə Cəbrayıl rayonuna səfər etmişdir. Dövlət başçısı 14.02.2021-ci il tarixdə Soltanlı kəndində işğaldan azad olunmuş torpaqlarda əkinlərlə bağlı görülən işlər ilə tanış olmuş, 26.04.2021-ci il tarixdə Cəbrayıl rayonunun girişində "Cəbrayıla xoş gəlmişsiniz!” sözləri yazılmış lövhəyə bərpadan sonra baxış keçirmiş, Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında iştirak edərək, hərbi qulluqçular ilə görüş keçirmiş, 04.10.2021-ci il tarixdə isə "Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, “KamAZ” ASC ilə "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, Cəbrayılda akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, Memorial Kompleksin və şəhərin bərpasının təməlqoyma mərasimlərində, Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin və "Cəbrayıl” yarımstansiyanın, açılışlarında iştirak etmişdir.

Hazırda Cəbrayıl rayonunda bərpa və quruculuq işləri davam edir. Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edilmişdir.

Günay Məmmədli
YAP Yasamal rayonu “Azərsu” ASC üzrə
ərazi partiya təşkilatının sədri

Digər xəbərlər