YAP yarandığı ilk dövrlərdə YAP sədri Heydər Əliyev çıxışlarının birində: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”- dedi və düz dedi. YAP-ın dünənində müstəqil dövlət quruculuğu, BTC neft kəməri, günbəgün gözəlləşən Bakı, Ağ şəhər, şəhərbəşəhər yeniləşmiş Azərbaycan var. YAP-ın bu günündə 200 illik problemi 44 günə həlli, Zəfər və Dəmir yumruq, Qarabağ Azərbaycandır və dövlətimizin artan beynəlxalq nüfuzu durur. Əminliklə deyə bilərik ki, YAP gələcəyi elm və təhsillə bağlıdır.Ulu öndər 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələndən sonra həm dövlət quruculuğu, həm də həyatımızın müxtəlif sahələri ilə bağlı bir sıra dərin məzmunlu fəlsəfi fikirlər söylənilmişdir. YAP-ın 30 illik yubileyi ərəfəsində bu fikirlərin bir qismi gənclərə təqdim edilir. Hesab edirəm ki, gəncləşən məmur korpusu bu fikirləri bilsə, uğurumuz daha çox olar. Çünki bu fikirləri ulu öndər söyləyəndə onlar ya orta məktəblərdə oxuyurdular, ya da xaricdə təhsil alırdılar. Bugünkü dövlətin bünövrəsində Heydər Əliyevin fəlsəfi fikirləri durduğundan, gənclərin bu qiymətli fikirləri bilməsi dövləti əhəmiyyət kəsb edir.Ulu öndərin aforizmlərinin bir çoxu bəşəriyyətin mənəvi xəzisinə töhfədir və qlobal dəyərə malikdir. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycanın prezidentləri olmuş rəhmətlik A.Mütəllibovun və Ə.Elçibəyin kəlamlarını da paylaşmağa hazıram, əgər belələri varsa. Siyasi düşüncəsindən asılı olmayaraq, mən mənəvi dəyərlərin aşiqiyəm. Əvvəlcə ulu öndərin zaman və məkana sığmayan bəşəri kəlamlarının bir qismi ilə tanış olaq.
BƏŞƏRİ FİKİRLƏR
Xalq azadlıq uğrunda mübarizə apararkən qurbanlar verməlidir. Keçmişdə də belə olmuşdur, bu gün də belədir, gələcəkdə də belə olacaqdır. Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayar və qoruya bilərsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar. Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər bir kəs özü seçir. Böyük siyasəti kiçik hisslərə, xırda mənfəətlərə bağlamaq olmaz. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır. Yol-iqtisadiyyat, mədəniyyat, bir sözlə həyatdır. Ağıl olan yerdə zora ehtiyac yoxdur. Hər bir ölkənin, hər bir millətin aparıcı qüvvəsi onun bilikli, yüksək təfəkkürə, yüksək biliyə malik olan insanlarıdır. Rüşvətxoru, oğrunu qəhrəman etmək öz xalqına xəyanət etməkdir. Ədalətsizliklə ədaləti bərpa etmək olmaz. Heç bir vətəndaş ictimai-siyasi həyata biganə qalmamalıdır. Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir. Xalq milli əhval-ruhiyyə ilə milli mənlik zirvəsinə qalxırsa, onun başında duran adamlar isə öz şəxsi mənafelərinə görə xalqın başından basırlarsa, bax, bu, xalqın ən böyük faciəsidir. “Qurani-şərif”in bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi yolları paklığa, düzlüyə, doğruluğa, sədaqətə, qəhrəmanlığa, cəsarətə, cəsurluğa dəvət edən tələblərdir, tövsiyyələrdir. Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik inqilabla olmur, təkamül yolu ilə, tədricən gedir. Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır.
TƏHSİL SİYASƏTİNİN HEYDƏR ƏLİYEVM ÜDDƏALARI
Qeyd edildiyi kimi, əminliklə demək olar ki, YAP-ın sabahı təhsillə bağlıdır. Bu səbəbdən ulu öndər təhsil ilə bağlı çoxlu dəyərli fikirlər söyləmişdi.Böyük dövlət və düşüncə adamı Heydər Əliyevin təhsilin məzmunu, təhsil subyekləri, təhsil qurumları və tərbiyə haqda söylədiyi aforizmlərin bəziləri ilə tanış olaq. Güman edirəm ki, gənc təhsil idarəediciləri bu kəlamların işığında daha düzgün qərarlar qəbul edəcəklər.
Təhsil
XX əsrdə yaranmış təhsil sistemi bizim böyük sərvətimizdir və XXI əsrə biz müstəqil dövlət olaraq, həmin bu böyük potensialla başlamışıq. Hər bir gənc əsaslı təhsil almalıdır. Hər bir gənc müasir həyatın tələblərini mənimsəməlidir. İqtisadiyyat və siyasət sahələrində, sosial sahədə bütün yenilikləri, dünyada gedən prosesləri bilməlidir. Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır. Gənclərimizi nə qədər həqiqi yüksək təhsilli etsək, onların müəyyən ixtisaslara mükəmməl yiyələnməsinə şərait yarada bilsək, müstəqil Azərbaycanın gələcəyi və Azərbaycanın iqtisadiyyatının inkişafı insanlarının rifah halı o qədər də yaxşı olacaqdır. Biz insanların sərbəst fikirləşməsinə, sərbəst təşəbbüs göstərməsinə şərait yaradırıq. Arzumuz da budur ki, bu şəraitdən bizim təcrübəli adamlar, məktəblərimiz, təhsil ocaqları səmərəli istifadə etsinlər və təhsil sisteminin təkmilləşdirilməsi üçün lazımi təkliflər hazırlasınlar. Təhsil sisteminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır. Amma keçid dövrünü yaşayan ölkələr, bir ictimai-siyasi sistemdən başqasına keçən ölkələr bu işə daha da diqqətli olmalı, daha da ciddi və həssas yanaşmalıdırlar. İslahatlar, xüsusən təhsil, elm sahəsində islahatlar çox ağıllı, düşünülmüş şəkildə həyata keçirilməlidir. Dəb naminə yox, yalnız əldə etdiyimiz səviyyədən daha yuxarı qalxmaq üçün aparılmalıdır. Müasir texnikanı, texnologiyanı, müasir bazar iqtisadiyyatının bütün yollarını mənimsəmək, respublikada tətbiq etmək üçün gələcək nəsli hazırlamaq və keçmiş dövrə nisbətən bir çox yeni ixtisaslar üzrə kadrlar hazırlamaq lazımdır. İndi bizim təhsil sistemimiz müstəqil Azərbaycanın gələcək inkişafını təmin etməlidir. Həm orta məktəblərdə, həm ali məktəblərdə təhsilin keyfiyyəti yüksəldilməlidir. Təhsil ocaqlarında gənclərin təhsil almasına qayğı artmalıdır. Gənclərin daha da yaxşı təhsil alması üçün tələbkarlıq artırılmalıdır. Dünyaya gələn körpələr, birinci sinfə qədəm qoyan uşaqlar, ali məktəblərə daxil olan gənclər təhsil, bilik almalıdırlar, müstəqil Azərbaycan Respublikasının bu gününü, gələcəyini təmin etmək üçün təhsil almalıdırlar. Azərbaycanda təhsil sistemi dövlət qayğısı altındadır. Yəni Azərbaycanın məktəbləri, təhsil müəssisələri, universitetləri, az hissəsini nəzərə almasaq, demək olar ki, hamısı dövlətə məxsusdur. Dövlət təhsilin maliyyələşdirilməsini, yüksək təhsil almaq üçün müasir maddi-texniki bazanın yaradılmasını, məktəblərin şəraitinin yaxşılaşdırılmasını özünün əsas vəzifələrindən biri hesab edir. Bundan sonra da biz Azərbaycanda təhsilin inkişafını özümüzün siyasətimizin öncül sahəsi hesab edəcəyik. XX əsrin əvvəlindən Azərbaycanda elmin inkişafı yeni vüsət alıbdır. Azərbaycanda elmi müəssisələr yaranıb, 1919-cu ildə ilk universitet yaranıbdır. Bu universitet həm yüksək təhsil ocağı, həm də Azərbaycan elmini birləşdirən, onu inkişaf etdirən böyük bir elm ocağı olubdur. Universitetlərin vəzifəsi qəbul olunan gənclərin hamısının yaxşı təhsil almasını təmin etməkdir. Universitetlərin, ali məktəblərin üzərinə çox böyük vəzifələr düşür və çox da böyük məsuliyyət düşür Təhsil sahəsində də nöqsanlar var və çoxdur. Mən nailiyyətlər haqqında danışanda heç kəs elə düşünməsin ki, guya hesab edirəm ki, bizim bütün təhsil sistemi, o cümlədən orta təhsil sistemi qüsursuzdur, nöqsansızdır. Özəl təhsil müəssisələrinin yaranması Azərbaycanda yeni bir hadisədir və biz bunları dəstəkləyirik. Ancaq bir şeyi qeyd etmək istəyirəm ki, ümumiyyətlə, təhsil biznesə çevrilməməlidir. Özəl təhsil müəssisələrinin də keyfiyyətinin yüksək olması ən vacib şərtdir. Əgər bu olmasa, biz belə özəl təhsil müəssisələrinin yaranmasına imkan verməyəcəyik.
Tərbiyə
Çalışmalıyıq ki, gənclərimiz Azərbaycan xalqına xas olan mənəvi, milli ənənələr əsasında tərbiyə edilsin. Müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır. Hər bir uşaq məktəb həyatı keçməlidir. Məktəb həyatı təkcə təhsil vermir, eyni zamanda, bu, yüksək tərbiyə ocağıdır. Bu, eyni zamanda, uşağı, gənci müstəqil həyata hazırlayan bir səviyyədir. Çox istəmək, sevmək nəticəsində uşaq, gənc uşaqlıq, gənclik çərçivəsindən çıxırsa, o, yaxşı təhsil ala bilməz. Ona görə də gərək valideynlər də uşaqlarına tələbkar olsunlar. Müəllimlər də tələbkar olsunlar. Məhz belə halda biz yaxşı gələcək nəsil yetişdirəcəyik. İnsan üçün birincisi, onun anadangəlmə istedadıdır; ikincisi, aldığı mükəmməl təhsil və cəmiyyətdə qazandığı təcrübədir; üçüncüsü, təcrübəli insanların, həyatı görmüş insanların təcrübəsindən istifadə etməkdir. Universitetlərdə insan gənclik həyatını yaşayır. Çünki bu dövrdə gəncin formalaşması, lazımi bilik alması, lazımi mənəvi dəyərləri dərk etməsi, müasir dünyanı dərk etməsi onun gələcəyinin əsasıdır, təməlidir. Həm orta məktəblərdə, həm ali məktəblərdə təhsilin keyfiyyəti yüksəldilməlidir. Təhsil ocaqlarında gənclərin təhsil almasına qayğı və tələbkarlıq artmalıdır.
Təhsilin məzmunu
Təhsil prosesində təhsilin məzmunu öncül yer tutur. Ancaq Azərbaycan dili və tarixinin təhsilin məzmununda xüsusi yeri var. Təhsilin məzmunu ilə bağlı H.Əliyevin bəzi fikirlərini bilmək vacibdir. Tədris hər yerdə Azərbaycan dilində getməlidir. Ancaq o yerlərdə ki, rus əhalisi üçün, yaxud bəzi rusdilli insanlar üçün tədris rus dilində gedir, orada mütləq Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan ədəbiyyatı tədris edilməlidir. Müstəqil Azərbaycanda fizika, riyaziyyat, biologiya, kimya, yaxud başqa fənlərin hamısı inkişaf etməlidir. Ancaq bunların hərəsinin özünəməxsus çərçivəsi var. Amma tarix hər bir insan üçün yeniyetməlikdən başlayaraq ömrünün sonuna qədər lazımdır. Müstəqil Azərbaycanda bilik alan hər bir gənc gələcəkdə Azərbaycanın mənafeyi üçün çalışmağı qarşısına məqsəd kimi qoymalıdır. Gərək o öz ölkəsini yaxşı tanısın, öz tarixini yaxşı bilsin və seçdiyi ixtisasda, sadəcə, mütəxəssis yox, ən yüksək səviyyəli mütəxəssis olmağa çalışsın. Vətənpərvərlik hər bir insanın, xüsusən hər bir gəncin ən ümdə borcu, vəzifəsidir. Bütün təhsil ocaqlarında, gənclərlə məşğul olan bütün təşkilatlarda vətənpərvərlik hissinin aşılanması, vətənpərvərlik hissinin hər bir gəncin qəlbində olması üçün lazımi tədbirlər görmək lazımdır.
Müəllim
Cəmiyyətin təhsillənməsi prosesində ən aktiv rolu müəllim oynayır. Müəllim və alim təhsil prosesinin aparıcı subyektləridirlər. Heydər Əliyev cəmiyyətin həyatında müəllim əməyini, elm adamlarının oynadığı rolu yüksək qiymətləndirir.İndiyə qədər həyatımda keçdiyim yol, mənim biliyim, elmim – hamısı məhz orta məktəbdə aldığım təhsillə bağlıdır, müəllimlərin mənə verdiyi biliklərlə bağlıdır. Hər bir ölkənin, hər bir millətin aparıcı qüvvəsi onun bilikli nümayəndələridir. Onun yüksək təfəkkürə, yüksək biliyə, yüksək ixtisasa malik olan insanlarıdır. Mənim üçün müəllim adı həmişə ən ülvi, ən şərəfli bir məfhum olubdur. Mən bu gün müəllim qarşısında baş əyirəm. Müəllim adı dünyada ən yüksək addır. Məsələn, şəxsən mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Çünki hər birimizə təhsil, bilik verən, bu səviyyəyə qaldıran məktəbdir və məktəbdə təhsil verən də müəllimdir. Çətinliklərə qarşı yeni addımlar atmalıyıq. Bu addımlarla mədəniyyətimizi, ədəbiyyatımızı, incəsənətimizi nə qədər yüksəltsək, ziyalının hörmətini nə qədər qaldırsaq, o qədər də bu bəlalardan, çətinliklərdən tez xilas ola bilərik. Hər bir savadlı şəxs müəllimə hörmət etməli, cəmiyyətin həyatında müəllimin oynadığı rolu qiymətləndirməlidir. Bəzi məktəblərdə çox namuslu, sədaqətli, tələbəyə yaxşı bilik verən müəllim də var. Amma onunla yanaşı, vaxtını keçirənlər, tələbənin biliyi haqqında o qədər də çalışmayanlar da var. Bizim hər birimiz, elmi dərəcəmizdən, biliyimizdən, təhsi səviyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə gərə məktəbə, müəllimə borcluyuq. Azərbaycan xalqı yüksək elmə, yüksək biliyə, savada malik olan xalqdır. Bunlar hamısı uzun illər – keçmişdən indiyə qədər Azərbaycanda yaranmış təhsil sisteminin fəaliyyətinin əməli nəticələri, Azərbaycan müəllimlərinin, alimlərinin gərgin fəaliyyətinin nəticəsidir.Ulu öndərin söylədiyi kəlamlarla, fəlsəfi fikirlərin bir qismi ilə tanış olduq. Praktiki həyatda görünən odur ki, Heydər Əliyevlə bağlı maddi dəyərlərdən (onun şəklindən, imzasından) aşırı istifadə edilir, ancaq onun dövlətlə, müstəqilliklə, təhsilin özü ilə bağlı yaratdığı mənəvi dəyərlərdən, fəlsəfi fikirlərindən demək olar ki, istifadə edilmir. Aforizmlərindən istifadə edilmir, bəzən isə lap tərsinə istifadə edilir. Hesab edirəm ki, çağdaş cəmiyyətimizin vitrini Heydər Əliyevin fəlsəfi fikirləri ilə bəzənməlidir.Yeni Azərbaycan Partiyası öz yubileyinə alnıaçıq, üzüağ gəlib. Müzəffər Ali Baş Komandan, partiyamızın sədri cənab İlham Əliyev 200 illik problemi 44 günə həll etdi. Artıq Qarabağ Azərbaycandır!Gələcəyimiz ümüdlüdür. Çünki YAP yolu Heydər Əliyev yoludur. Ulu öndər bu yolu belə görürdü: Biz düz yolla - haqq yolu ilə, Allah yolu ilə, Quran yolu ilə, demokratiya yolu ilə, həqqiqət yolu ilə, müstəqillik yolu ilə gedirik. Tutduğumuz bu yol bizi Azərbaycanin çox gözəl gələcəyinə aparıb çıxaracaqdır.
Prof.Şahlar Əsgərov,
əməkdar elm xadimi,
YAP Veteranlar Şurasının üzvü