08 may 2025-ci il tarixdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar YAP Qazax rayon təşkilatı və Qazax - Tovuz Regional Təhsil İdarəsinin Qazax sektorunun tabeçiliyində fəaliyyət göstərən Uşaq - Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Yunan - Roma güləşi üzrə yeniyetmələr arasında rayon turnirinin final mərhələsi keçirilib. Turnirdə 60 idmançı iştirak edib.
Turnir Azərbaycanın Dövlət Himninin səsləndirilməsilə başlanıb və Ümummilli Lider Heydər Əliyevin, həmçinin Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev yarış iştirakçılarını salamlayaraq, Qazax rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102- ci ildönümü münasibətilə silsilə tədbirlərin keçirildiyini və bunun Dahi Rəhbərə olan hörmət və ehtiramın, sevgi və sədaqətin təcəssümü olduğunu bildirib. Rayon təşkilatının sədri Ulu Öndərin şərəfli və mənalı ömür yolundan, misilsiz xidmətlərindən gənclərə və idmana göstərdiyi diqqət və qayğısından geniş bəhs edib. Bu gün respublikamızda Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında Ulu Öndərin dəsti - xəttinin, siyasi kursunun əzmlə, qətiyyətlə, uğurla davam etdirilməsini xüsusilə vurğulayan A.Nəbiyev idmançılara uğurlar arzulayıb.
Sonda Yunan - Roma güləşi üzrə yeniyetmələr arasında rayon turnirinin qalibləri YAP Qazax rayon təşkilatının Fəxri Fərmanları ilə təltif olunub.