PDF Oxu

Sosial

  • 896

Sosial şəbəkələr xəbər verir, ya xəbərçilik edir? -ANALİZ

image

Əslsiz xəbərlər, təsdiqsiz məlumatlar, şayiələr və qarayaxmalar fonunda inkişaf edən sosial şəbəkə xəbərçiliyi peşəkar jurnalistikanın önünü kəsir

“Smart Insights”in məlumatlarına görə, hazırda dünyada 4,62 milyard sosial şəbəkə istifadəçisi var, aktiv internet istifadəçisinin sayı isə 5 milyarda yaxınlaşıb. İstifadəçilərin sayı artdıqca insanların sosial şəbəkələrdə keçirdikləri vaxt da artır. Hesabata görə, insanlar gündə təxminən 2,5 saatını sosial platformalarda keçirirlər. Sosial şəbəkələrdən istifadənin sürətlə artması ilə paralel sistemin özü də yeni tendensiyalarla durmadan təkamül edir və dəyişir. Dəyişiklik üzvlərdə də hiss olunur. İndi hər sosial şəbəkə istifadəçisi əlinə bir kamera, telefon alıb öz kanalı üçün material hazırlayır, gördüyünü çəkir. Onların arasında gördüyünü doğru şərh edib normal məlumatlandırma edənlər də var, məsələnin əslindən xəbərsiz olub inananları yanlış yönləndirən də.

Hər kəs düşündüyünü yazmaqda sərbəstdir, bəs şayiə yaysa necə?

Hər kəsin öz fikir və mülahizələrini söz, yazı, şəkil və ya digər vasitələrlə ifadə etmək və yaymaq hüququ var. İnsan fikrinə və düşüncəsinə müdaxilə mümkünsüzdür. Söz azadlığı və düşüncənin sərbəst ifadə edilməsi, problemsiz yayılması cəmiyyət üçün son dərəcə vacibdir. Fikir və söz azadlığı özlüyündə bir məqsəddir, fiziki və mənəvi azadlıq demokratik həyat tərzinin vacib elementidir. Hər hansı bir ölkənin daxili qanunvericiliyində söz, düşüncə və mətbuat azadlığının kifayət qədər təmin edilməyəcəyi düşünülərək, bu azadlıqlar beynəlxalq hüquq nörmalarına da daxil edilib, beynəlxalq müqavilələrin predmeti kimi qəbul edilir.

Demokratik hüquqi dövlətdə söz azadlığının əhəmiyyəti danılmazdır və ona görə də söz və düşüncə azadlığının məhdudlaşdırılması məsələsinə həssaslıqla yanaşılmalıdır. Çünki söz azadlığını məhdudlaşdırmaq dolayısı ilə bir çox başqa azadlıqları məhdudlaşdırmaq deməkdir. Lakin hər məlumatı “söz azadlığım var” deyə yaymaq da olmaz. Bu səbəbdən, ifadə azadlığının da sərhədləri olduğu qəbul edilməli və bu məhdudiyyətlər qanun çərçivəsində təyin edilməlidir.

Əslində, ifadə azadlığı demokratik cəmiyyətin əsas xüsusiyyətlərindən biri olsa da, bu azadlığı “vətəndaşın öyrənmək istədiyi hər şeyi bilmək hüququ var” kimi şərh etmək olmaz. İfadə azadlığının müvafiq müddəalar çərçivəsində məhdudlaşdırılması qanunla müəyyən edilməlidir. Həmçinin bu məhdudiyyət demokratik cəmiyyətin tələblərini də pozmamalıdır.

Media və fikir azadlığı

Söz azadlığının öz sərhədlərindən uzaqlaşabilmə ehtimalına qarşı bəzi məhdudiyyətlər də mövcud olur. Dünya ölkələrinin hər birində bu məhdudiyyətlərin əhatə dairəsi və onların təyin edilməsi vasitələri ilə bağlı qanunlar var. Dünyada müxtəlif qeyri-hökumət təşkilatları ölkələrdə mətbuat azadlığının olub-olmaması ilə bağlı müxtəlif meyarlar əsasında qiymətləndirmələr aparır.

Məsələn, Sərhədsiz Reportyorlar hər il Mətbuat Azadlığı İndeksini dərc edir. Bu indeks 180 ölkədə jurnalistlər arasında keçirilən sorğu vasitəsilə plüralizm, media müstəqilliyi, media mühiti və özünüsenzura, qanunvericilik bazası, şəffaflıq, xəbər və informasiya istehsalına dəstək verən infrastrukturun keyfiyyəti meyarlarına əsasən qiymətləndirilir.

Sosial şəbəkələrdə bir fikir yüzlərlə insan tərəfindən fərqli qəbul edilə, fərqli izah edilə bilər. Birinin qara dediyinə başqası ağ deyə, fikrini əsaslandıra, sübut edə bilər. Düşüncə və fikir azaddır. 4-cü hakimiyyət hesab olunan KİV dünyada demokratiya və informasiya azadlığının mühüm atributu hesab edilir. Kiminsə şərəf-ləyaqətini alçaltmadıqca, dövləti və ictimai xadimləri təhqir etmədikcə, ictimaiyyətə zərərli fikirlər aşılamadıqca heç bir cəmiyyətdə heç kimin söz azadlığı əlindən alına bilməz.

Sosial şəbəkədə xəbər paylaş, xəbərçilik etmə

Sosial şəbəkələr çox şeyi həm yazılı, həm görüntülü paylaşmağa imkan verən ən ideal mühitdir. Əvvəl kommunikasiya ənənəvi yollarla təmin edilirdisə, bu gün sosial media bu işdə şəriksiz liderdir. Sosial şəbəkələr ünsiyyət üsulu olaraq dözümlülüyə malikdir, sıradan çıxmır, köhnəlmir, davamlılığı itmir. İnsanlar dünyanın istənilən yerində istənilən şəxslə dostluq qura bilir. Xüsusilə məhdud fiziki imkanlara malik insanlar üçün sosial şəbəkələrin əhəmiyyəti böyükdür. Sosial şəbəkələr həm də ən böyük marketinq imkanları yaradan vasitədir, insan bu imkanlarla özünü inkişaf etdirə, istehsal etdiyi məhsulu tanıda, sata, ala bilir.

Qəzet jurnalistikasını bir addım qabaqlayan sayt, televiziya jurnalistikası öz növbəsində sosial şəbəkə xəbərçiliyinə uduzur. İndi kütləyə ən sürətli nüfuzetmə liderliyi sosial medianın əlindədir. Əgər bir sosial şəbəkə hesabın varsa, eyni zamanda, həm qəzetin, həm saytın, həm televiziyan, həm də radion var deməkdir. Hər gün yeni funksiyaları yaradılan sosial şəbəkələrin sərhədsiz inkişafı jurnalistikaya da təsirsiz ötüşmür. Günün istənilən saatı, istənilən yerdən canlı yayım edə bilmək funksiyası isə sosial şəbəkələrin liderliyini bir daha təsdiqlədi. Lakin...

Sosial şəbəkələrin yaratdığı bu media növü peşəkar jurnalistikanı sıxışdırmaqla yanaşı, qeyri-peşəkar bir media yaratmaqda israrlıdır. Əsası olub-olmadığını araşdırmadan, hay-küylə, yalançı həyəcanla, saxta oxunma sayı ilə özünü sosial şəbəkə fenomenləri adlandıran bir qisim istifadəçi peşəkar mətbuata əslində mane olur. Beləcə əslsiz, təsdiqsiz, şaiyələr, qarayaxmalar fonunda inkişaf edən sosial şəbəkə xəbərçiliyi peşəkar jurnalistikanın və medianın inkişafına mane olur.

Doğrudur, sosial şəbəkələr həyatımıza olduqca rahatlıq gətirdi, həm fikrimizi çatdırmaq, həm yeni fikirlərlə tanış olmaq üçün əlverilşli ünsiyyət vasitəsidir. Onun vasitəsi ilə sürətli informasiya axınına müdaxilə edə, informasiyanı istədiyimiz şəkildə manipulyasiya edə bilirik. Amma pis tərəfi də var ki, bizə özümüzü dəyişdirmək və virtual aləmdə olmaq istədiyimiz simanı yaratmaq imkanı da verir. Etiraf etmək lazımdır ki, sosial şəbəkələrin yaratdığı dəyişiklik, real həyatdan fərqli qaydalar və avatarların arxasında gizlənməyimiz gerçək “mən”imizi korlayıb. İndi biz fərqindəyik ki, informasiyanı manipulyasiya edə bilməklə yanaşı, istədiyimiz şəkildə informasiya istehsal edə və istehsal etdiyimiz məlumatlarla kütlələri idarə edə bilirik.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi ” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər