PDF Oxu

Sosial

  • 3 337

Haradasan, Azərbaycan kinosu?!

image

2020-ci ilin 44 günlük Vətən müharibəsi bitər-bitməz gözümüz yolda, qulağımız səsdə qaldı ki, bu gün-sabah sanballı bir film çəkilər, izləyərik. Çünki böyük, həm də bütün dünyaya səs salan hadisə baş vermişdi. Azərbaycan ordusu 30 il işğal altında qalan torpaqlarımızı erməni işğalından azad etmişdi. 44 günün hər biri bir dastan mövzusu olmuşdu. Bütün dünya əsgər və zabitlərimizin şücaətindən danışırdı, dövlətimizin, ordumuzun gücünü seyr edirdi. Onların qəhrəmanlığı, igidliyi qarış-qarış yenidən fəth etdikləri Qarabağın azadlıq nəğməsinə çevrilmiş, lakin igidlərin əksəriyyəti bu azadlığın dadını dadmadan, o nəğməni dinləmədən şəhid olmuşdu. Minlərlə igidimiz canını qurban verdiyi Vətəninin bütövlüyü uğrunda sağlamlığını itirib qazi olmuşdu ki, həmin qazilərin hər biri ordumuzun keçdiyi döyüş yolunun canlı şahididir.

Müharibə iştirakçılarının hər dəfə Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşanın düşməndən azad edilməsi ilə bağlı söhbətlərini dinlədikcə xəyalında bir film canlanır. Düşünürsən ki, bu filmi televiziya ekranlarından izləmək necə də gözəl olardı. Lakin ötən 3 il ərzində şəhid-qazilərimizin igidliyini, ordumuzun gücünü, dövlətimizin iradə və əzmini ortaya qoyan sanballı bir film izləyə bildikmi? Təəssüf ki, hələ izləyə bilməmişik. Bu səbəbdən də səsləyirik: haradasan, Azərbaycan kinosu? Haradasan, axı tamaşaçı səndən filmlər gözləyir. Axı bu böyük tarixin yaşadılmasında geçikirsən. Axı müharibə bitəndən sonra canlı şahidlərin xatirələri fonunda gözəl filmlər çəkmək olardı, nəinki illər sonra. Elə bu səbəblərdən də Azərbaycan kinosundan danışaq bu gün. Onun dünən və bu gününə nəzər salaq, səsləyək, bəlkə kinomuz bu çağırışdan oyanar, bizə həsrətlə gözlədiyimiz filmləri təqdim edə bilər...

Azərbaycan kinosundan söhbət açmaq istəyirəm...

O kinodan ki, həqiqətən də vaxtilə öz sözünü deyə, tamaşaçı rəğbətini qazana bilmişdi. İnsanlara gözəl duyğular bəxş etməklə, əxlaqi, milli-mənəvi dəyərlərimizi qorumaqla, xalqımıza məxsus qəhrəmanlıq səhifələrini özündə əks etdirməklə, ailə-məişət mövzularına nümunəvi şəkildə toxunmaqla Azərbaycan kinosu elə filmlər istehsal etmişdi ki, baxmaqla doymaq olmurdu. Elə indinin özündə də həmin filmlərin hər birinə sevə-sevə tamaşa edirik. Hələ bəzən özümüzə belə sual da veririk ki, bu filmlərdən nə üçün doymaq olmur? Hər dəfə baxanda sanki ilk dəfədir, baxırmışsan kimi gəlir adama.

Bizim “Dədə Qorqud” adlı filmimiz var. Bu qədim xalqın qəhrəmanlıq səhifələri, milli-mənəvi keyfiyyətləri, adət-ənənələri ilə dolu bir filmdir. 1975-ci ildə “Kitabi Dədə Qorqud” dastanının motivləri, yazıçı Anarın eyniadlı povesti əsasında çəkilmişdir. Aradan 50 ilə yaxın dövr keçsə də, bu film öz dəyərini əsla itirmir. Baxdıqca baxılır.

Bizim “Babək” adlı filmimiz var. 1979-cu ildə çəkilən filmdə xalqımızın qəhrəman oğlu, görkəmli sərkərdə və siyasi xadim Babəkin azadlıq hərəkatından bəhs olunur. Aradan 45 ildən artıq zaman keçməsinə baxmayaraq bu filmi hər dəfə böyük şövq və qürurla işləyirik.

Bizim “Yeddi oğul istərəm” adlı filmimiz var. 1970-ci ildə xalq şairi Səməd Vurğunun “Komsomol poeması”nın motivləri əsasında çəkilmiş film Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 50 illiyinə ithaf olunsa da, həmin 50 ildə sovet imperiyasının təsiri altında yaşasaq da, lakin film film olaraq çox sanballı və yaddaqalandır. Odur ki, baxmayaraq ki, indi müstəqil ölkədə yaşayırıq, lakin o film bizim üçün yenə eyni dəyərdə qalmaqdadır.

Bizim “Axırıncı aşırım” kimi filmimiz var. 1971-ci ildə ekranlaşdırılmış kino əsərindəki dramatik hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir. Bu film də yaşadığımız sovet hakimiyyəti illərini əsas mövzu etsə də, lakin o tarix bizim yaşadığımız tarixdir. Və film o qədər heyrətamiz şəkildə ekranlaşdırılıb ki, bu gün də hər birimiz o filmdən sitat gətiririk. Hər birimiz o filmi illər öncəki maraqla, həvəslə, sevgi ilə izləyirik. Hansı ki, aradan yarım əsrdən artıq zaman keçib.

“Bəxtiyar, “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Qayınana”, “Əhməd haradadır”, “Ulduz”, “Yenilməz batalyon”, “Bizim Cəbiş müəllim” və adlarını çəkmədiyimiz onlarla filmlər var ki, aradan 50 ildən artıq vaxt keçməsinə baxmayaraq bu gün də fəxr etdiyimiz Azərbaycan kino sənətinin nümunələridir. Bəs belə isə bu gün haradadır Azərbaycan kinosu? Nə üçün bu siyahını davam etdirə bilmirik. Yəni belə sanballı filmlərlə davam etdirə bilmirik...

1898-dən 2015-dək

Diqqət etsəniz, görə bilərsiniz ki, Azərbaycan kinosu vikipediyasında 1898-ci ildən başlayan kino sənətimizin ayrı-ayrı illərdə inkişaf xətti göstərilib. Yəni illər üzrə çəkilən filmlərin siyahısı, aldığı mükafatlar yerləşdirib. Lakin bu siyahı 2015-ci ildə bitir. Yəni həmin ildən bu yana çəkilən filmlər ya yoxdur, ya da hansısa məsuliyyətsizlik ucbatından burada yer almır. Lakin bugünkü mövzumuz İkinci Vətən müharibəsindən bəhs edən filmlər olduğu üçün deyərdim ki, həmin siyahi tamamilə düzgün tərtib olunub. Çünki hələlik izləyəcəyimiz, “bəh-bəh” deyəcəyimiz elə bir film yoxdur ortalıqda.

Hansı ki, bu gün Azərbaycan televiziya məkanında yağışdan sonra çoxalan göbələk qədər teleseriallar görmək mümkündür. Hansı kanala baxırsansa, orada bir serialla qarşılaşırsan. Bunların arasında isə təsadüf nəticəsində yaxşı biri ilə qarşılaşmaq mümkündür.

Azərbaycan kino məkanında komediya filmləri daha çox çəkilir. Və qeyd etməliyik ki, həm də çox maraqlı, professional səviyyədə çəkilir. Komediyanın həyatın acı hadisələrini gülüşlə ifadə etməsini, bunun da tamaşaçıya təsir gücünü nəzərə alsaq, əlbəttə komediya filmlərimizə söz yoxdur. Lakin həddindən artıq gülmürükmü? Bəlkə bir qədər də təsirlənməyin, duyğulanmağın, tarixin yaddaşına atılmağın, qədirbilənliyin vaxtıdır...

Komediyadan fərqli olaraq bədii, sənədli, televiziya filmləri haqqında danışmaq bir qədər çətindir. Çünki tamaşaçı hələ də gözləyir. İkinci Vətən müharibəsindən, şəhidlərimizdən, müharibə iştirakçılarından, azad torpaqlarımızdan, bu torpaqların böyük hünər və rəşadətlə geri alınmasından, erməni adlı düşmənin rəzilliyindən, Qarabağın başına gətirdiyi oyunlardan, darmadağın yurdlardan, daşınıb aparılmış sərvətlərdən və Böyük Zəfərdən bəhs edən filmlər gözləyirik.

Bir film izləmək istərdik...

Bir filmə baxmaq istərdik... Sovet dövründə azərbaycanlı Mehdi Hüseynzadənin İkinci Dünya müharibəsində qəhrəmanlığını əks etdirən “Uzaq sahillərdə” filminə bənzəsin. Tamaşa edəndən günlər sonra təsirindən çıxa bilmədiyimiz “Uzaq sahillərdə”yə. Mehdinin zəkası, savadı, bacarığı, qabiliyyətini, Vətən sevgisini əks etdirən film kimi İkinci Qarabağ müharibəsinin qəhrəmanları haqqında filmlərə baxmaq istərdik. Niyə də baxmayaq ki? Niyə biz “Uzaq sahillərdə”n Qarabağımıza gələ bilməyək? Axı uzaq sahilləri bizə zorla Vətən etmişdilər. Biz öz sahillərimizdən uzaqlara Vətənimizi qorumağa getsək də, ümumi “Vətənimiz” üçün idi bütün bunlar. 70 illik “Vətənimiz”. Qəlbimizdə öz Vətənimiz, dilimizdə o “Vətənimiz”. O “Vətən” uğrunda gedən döyüşlər haqqında bizim neçə-neçə bədii filmlərimiz var. Hamısı da ayrı-ayrılıqda təsiretmə gücünə malik. Yəni o filmlərin ssenarisini yazanlar, rejissorluğunu edənlər bizlər deyildik?..

Bir bədii film izləmək istərdik. Generalımız Polad Həşimovun vətənpərvərlik rəmzi olmasından, hər biri bir mövzu olan 2907 şəhidimizdən, 7 itkinimizdən, onların Mehdi Hüseynzadə kimi şücaətindən, təhsilindən, vətənpərvərliyindən, cəsarətindən, yarımçıq ömründən bəhs edən film. Birinci Qarabağ müharibəsində şəhid olmuş ataların İkinci Qarabağ müharibəsində şəhid övladlarından, nəvələrindən, yaxın qohumlarından bəhs edən bir film. Tarixi tarixə bağlayan, faktlar toplusu olan bir film.

Bir film izləmək istərdik. Xüsusi təyinatlılarımızın Şuşaya sinələri, əlləri, dizləri ilə açdıqları yoldan, bu dağların sinəsinə pərçim şəhərin asad edilməsindən, o cəngavərlərin hünərindən, silahla yox, əlbəyaxa döyüşündən bəhs edən film.

Hansısa bir yazıçının cəsarət edib yaza biləcəyi, hansısa bir rejissorun ürək edib çəkə biləcəyi müzəffər sərkərdə, Ali Baş Komandandan bəhs edən bir filmə baxmaq istərdik. O filmə ki, torpaqlarımızın qayıtmasını reallaşdıran şəxsiyyətdən, ata nəsihətini həyata keçirən övladdan, yurd həsrətli insanların bağlı qapılarını açan rəhbərdən bəhs etsin.

Haradasan, Azərbaycan kinosu? Biz səni gəzləyirik!

Mətanət Məmmədova

Digər xəbərlər