9 avqust Dünya Kitabsevərlər Günüdür. Elə bu əlamətdar günün fonunda fikirləşməyə dəyər: kitab bu gün nə qədər sevilir? Kitabsevərlərin sayı necə, əvvəlki illərdəki qədər varmı? Əslində kitab nədir?
Kitab... Deyərdim ki, dünyada yaradılmış ən dəyərli vasitədir. Kitab insanın ən yaxın dostu, ömrünün bəzəyidir. Kitab sirdaşdır, hər an pıçıltılarını dinləyən, sənə düzgün yol göstərən əsl dost. Kitab vaxtdır, bəzən ilişib qalan saatları sürətlə irəliyə doğru aparan, günün haradan gəlib haraya getdiyindən insanı bixəbər edən vasitədir.
Hər kəsin yanında olub, bir gün səndən uzaqlaşdığı təqdirdə kitab səninlə qalan, dərd-sərinə şərik olan vasitədir. Kitab milyonlarla insanla tanışlıqdır. Minlərlə insan taleyi ilə tanışlıqdır. Düz yolun göstəricisi, əyri yolun düşmənidir.
Kitab xarakterdir. İnsan xarakterinin düzgün formalaşmasında tərbiyəedicidir. Nəyi necə etməyi göstərən, nəyi harada danışmağı öyrədən müəllimdir. Əməyi, zəhməti misilsiz olan müəllim. Haqqı ödənilməyən öyrədicidir.
Kitab yol yoldaşıdır. Hər an yanındadır. Dünyanın harasında olsan, hansı səbəbdən olsan, yanında tək olandır. Səni tək qoymayan, darıxmaqdan uzaq saxlayan, münasib olmayan dostluqlardan çəkindirən yoldaşdır. Harada gəldi dərdini sonadək dinləyən, yaralarına məlhəm olan yolyoldaşıdır.
Kitab taledir. Mənim, sənin, hamımızın taleyidir. Bir-birimizə sirrimizi-sözümüzü demədiyimiz halda, kitab bizləri bir-birimizin taleləri ilə tanış edən vasitədir. Kiminsə taleyinə acıdığımız, kiminsə taleyinə sevindiyimiz, pisi pis, yaxşını yaxşı kimi tanıtdıran, öyrədəndir.
Kitab xatirədir. Uşaqlıqdan gəncliyə, gənclikdən ahıllığa ərməğan olan xatirələr toplusudur. Bir dəfə səhifələrində gözlərin gəzəndən sonra ikinci dəfə əlinə aldığında səni gənclikdən uşaqlığa, ahıllıqdan gəncliyə aparan xatirədir.
Elə bütün bu səbəblərdən də kitab hər birimiz üçün dəyərlidir. Çünki o bizim də dostumuz, yoldaşımız, sirdaşımız, yolyoldaşımız, taleyimiz, xatirələrimiz olub. Kimsəyə deyə bilmədiyimiz sözümüzü dinləyənimiz olub. Qəhrəmanlarının taleyinə öz dərdlərimizi də qarışdırıb göz yaşını axıtdığımız səhifələrdir. Gecəni sübhədək ayrıla bildiyimiz yuxumuzdur. Dünyanın ən şirin neməti olan yuxunu illərlə qurban verdiyimiz varlıqdır. Qəhrəmanları həyat idealımıza çevrilən, bizi peşəyə, sənətə, həyata yönəldən varlıq...
Deyərdim ki, kitab ana laylasının davamıdır. Körpəykən ana laylasıyla dinclik, sakitlik, məlhəm tapdığımız halda, ömrümüzün sonrakı çağlarında bu laylaları yeganə əvəz edə bilən kitablardır. Ana laylalarına qulaq kəsib ağlamamışıq, bir də kitablarla evlərimizdə varlığımız-yoxluğumuz hiss olunmayıb. Çəkilmişik bir guşəyə, burada onunla-ikinci ana laylasıyla baş-başa qalmışıq. Ruhumuza qida olub kitablar, ana südü tək qidamız olub. Kitab oxuyanlar xatırlayar, hansısa bir kitab səni özündən alıb elə aparıb ki, gün ərzində aclıq hissi belə duymamısan. Belə isə ən gözəl qidadır kitablar.
Kitab arzudur, bu arzuya qurulan xəyaldır. Gələcəyin, sabahındır. Qəhrəmanlarının səni səslədiyi həyat yoludur. Onlara bənzəyən həyat yolunu qurmaqda səni ruhlandıran, yolgöstərəndir. Mübarizlikdir kitab. Həyatla, haqqınla, insanlarla mübarizədir. Bütün bunları necə etməyi öyrədəndir.
Kitab bir filmdir, oxudunmu, sanki bir filmə baxdın, bir hadisənin içərisində oldun, onun qəhrəmanlarınla birgə yaşadın. Kitab bir mahnı, bir şeirdir, necə ki, bir musiqi, bir parça şeir səni səndən alıb aparır, kitab da elədir. Saatlarla gedirsən, bəzən keçmişə, bəzənsə gələcəyə...
Bu qədər gözəlliklərə malik kitabı bəli, illər öncə çox sevirdik. Elə bu sevgi də bizi kitabsevərə çevirmişdi. Lakin indi necə, onu malik olduğu dəyərlərə cavab verəcək qədər sevirikmi? Kitab yenədəmi bizim üçün arzu, xatirə, xarakter, film, ana laylası olaraq qalırmı? Xeyr, qalmır. Kitab əsla dəyişməyib, biz isə çox dəyişmişik. Kitab yenə də söylədiklərimizin hər birini özündə ehtiva etsə də, lakin artıq müasir cəmiyyətimizdə onu bu cür qəbul edənlərin sayı olduqca azdır. Çünki…
“Kitab oxumağa vaxt yoxdur”
İndi çoxları “kitab oxumağa vaxt yoxdur” deyir. Görəsən nə üçün yoxdur? Bəs əvvəllər niyə var idi? Yoxsa fəsillərmi dəyişib günlərin əlindən saatları alıb, gecələri öz qaranlığında itirib-batırıb? Nə olub axı? Axı bunların heç biri olmayıb. Olan bizə olub. Müasir texnologiyanın qurbanlarına çevrilmişik. Sosial şəbəkələr fəsilləri də, ayları, həftələri, günləri, saatları da əlimizdən alıb. Bizi özünə elə bağlayıb ki, ondan savayı heç nəyə vaxt tapmırıq. Hansı ki, orada itirdiyimiz boş vaxtları kitab oxumaqla mənəvi aləmimizi zənginləşdirə, əvvəlki ənənələrimizi qoruya bilərdik.
Lakin biz bunu etmədik. Bir axına qoşulduq. Axdıq o qoşunla, kitablar bizdən kənarda qaldı. Bu axın bizi bambaşqa bir dünyaya aparıb çıxardı. O dünyada nə kitab var, nə də bir vərəq. Orada yalnız hərəmizin əlində bir telefon var. O telefon isə bizim qəsdimizə dayanmaq üçün əlimizə verilib: sağlamlığımızı əlimizdən almaq, ailə, mənəvi, əxlaqi dəyərlərimizi oğurlamaq, keçmişlə bağımızı qoparmaq üçün...
Sabah təəssüf edəcəyimiz, özümüzü bağışlamayacağımız bu kimi mənzərələr hazırda həyatımıza hakim kəsilib. Bu səbəbdən də vaxt tapıb kitab oxuya bilmirik. Günahı da vaxtın üzərinə səpələyirik. Hansı ki, vaxtın da, zamanın da qatili özümüzük. Gündəlik saatlarımızı nəyə sərf etməyi, planlaşdırmağı lap çoxdan unudan özümüz...
Kitab oxumağa vaxt ayıraq...
Hansı şəkildə, formada yaşamağımızdan asılı olmayaraq kitab oxumağa vaxt tapa bilərik. Hər gün saatlarla gəzdiyimiz sosial şəbəkələrdə də kitab oxumaq mümkündür. Oxuyanlar da var. Lakin boş vaxt keçirənlər, sosial şəbəkələrdən nə üçün istifadə etdiyini bilməyənlər üstünlük təşkil edir. Buradakı videolar, xəbərlər, boş söhbətlər, əttökən canlı yayımlara həsr olunan vaxtla neçə-neçə kitab oxuyub faydalanmaq olar. Lakin bunu etməyən minlərlə adam var ki, Youtube, Tiktok, Fecebook kimi sosial şəbəkələrdə nə etdiyini də bilmir, bir də baxır ki, gün bitir, vaxt ötüb keçib.
Bax elə heç olmasa, günün sonunda özümüzə bir sual və onun cavabını verməyi bacaraq ki, bir gün ərzində nə etdik. Qazancımız nə oldu? Sosial şəbəkələrdən necə faydalandıq. Əgər belə olarsa, inanın, çoxları bu sualın cavabını verə bilməyəcək. Çünki orada nə etdiyini özü də bilmir. Faydalı şəkildə istifadə edənlər isə orada kitab da oxuyurlar ki, bu, ən vacib, ən əsas olandır.
Kitab bizim dünənimizdən bu günümüzə gələn vərdişdir. Biz kitaboxuma kimi gözəl vərdişi vaxtilə əldə etmişik. İndi bu qədər dəyərli vərdişi nə üçün itirməliyik. Nə üçün kitabsevər deyil, sosial şəbəkəsevər olmalıyıq?
Axı kitablardan öyrəndiklərimiz çox olub. O zaman-zaman ən yaxın, həm də faydalı dostumuz olub. Sirdaşımız olub ki, heç kimə deyə bilmədiyimizi ona pıçıldamışıq. Yolgöstərənimiz olub ki, hansısa qəhrəmanımıza oxşamaq üçün gözəl bir həyata başlamışıq. Hansısa bir qəhrəmana nifrət edərək getmək istədiyimiz yoldan çəkinmişik. Elə bütün bunlara görə də orta nəsil kitabsevər olub. Bəs gənc nəsil necə, biz bu estafeti onlara verə bilməyəcəyikmi? Onda belə başa düşülür ki, biz bacara bilmədik? Övladlarımızı yolumuzu davam etməyə alışdıra bilmədik? Yoxsa övladlarımız bizdən çox cəmiyyətə oxşamağa başlayıblar. Belə isə, çox təəssüf...
Hədiyyələrimiz yalnız kitab olsun
Həyatda hər şey insan övladının əlindədir. O, həyatını da, həyat tərzini də istədiyi səmtə çevirməyi bacarandır. Lakin qarşısına məqsəd qoymalıdır. Bu məqsəd zamanın bütün məqamlarında insanın köməkçisi olub, onunla hədəfə doğru birgə addımlayıb.
Biz hədəf olaraq kitabı seçsək, inanıram ki, kitaba qarşı illər öncəki münasibəti də bərpa etmiş olarıq. Onu oxumaq üçün vaxt ayırarıq. Sosial şəbəkələrə verdiyimiz saatları bir qədər azaldıb kitab oxumağa sərf etməklə buna nail ola bilərik. Beləliklə də kitab oxumaqla bağlı ən aşağı göstəricilərimizi də yuxarı qaldırmış olarıq. Sorğular zamanı ortaya çıxan utandırıcı rəqəmləri dəyişə bilərik.
Bunlara nail olmaq üçün ilk növbədə, həm də bir-birimizə kitab hədiyyə etməliyik. Xüsusilə də uşaq və gənclərimizə. Bu, unudulmaqda olan kitab oxumanı sürətləndirə, ona maraq artırmış olar. Bəzən bir hədiyyə üçün bahalı mağazalara qaçır insanlar. Məktəblərdə müəllimlərə bayram, ad günü, müəllimlər günü hədiyyəsi almaq üçün valideynlər yarışa girirlər. Lakin bunların hər birini bir kitabla əvəzləşdirmək olar ki, o da həm uşaqlarımızın təfəkkürünü korlamağımızın qarşısını alar, həm də kitab anlayışını gündəmdə saxlayar.
Bir-birimizə kitab hədiyyə edək. Uşaqlarımıza, gənclərimizə tez-tez kitab hədiyyə edək. Kitabi onların təfəkkürünə ən layiqli hədiyyə kimi yerləşdirək. Belə olarsa, kitab oxumaqda da irəliləyişin olduğunu müşahidə edərik. Dünəndən qalan ənənələrimizi yaşatmış olarıq.
Uşaqların tərbiyəsində biz valideynlərdən çox şey asılıdır. Biz onlara istədiyimiz məqamları verə də bilərik, ala da. Belə isə həm onların yanında kitab oxuyaq ki, onlar da oxusunlar, həm də onlara kitab hədiyyə edək ki, ən dəyərli hədiyyənin kitab olduğunu beyinlərinin bir küncünə yerləşdirsinlər. Əks təqdirdə illər sonra kitabsevərlər günü deyilən bir günün təqvimdən silinməsi sözsüzdür.
Kitab alaq, kitab oxuyaq, kitab hədiyyə edək, kitab müzakirə edək...
Mətanət Məmmədova