PDF Oxu

Sosial

  • 2 772

Elektron, yaxud ənənəvi: ta ki kitab oxuyaq

image

Kitabxanalara ayaq döyüb sanki bir-birimizlə bəhsə giribmiş kimi buradakı rəflərin kitablarını səhifə-səhifə çevirib, cümlələri sətir-sətir yaddaşımıza köçürdüyümüz uzun zamanlar olub. Kitabla yatıb, kitabla oyandığımız, onların özünəməxsus qoxusunu ciyərlərimizə çəkdiyimiz, təsirləndiyimiz anlarda səhifələrini göz yaşlarımızla islatdığımız, xoşladığımız atalar sözlərini, aforizmləri, deyimləri bəzən yaddaşımıza hopdurduğumuz, bəzənsə altından xətt çəkib, səhifələrin bir kənarını qatlayıb işarəli qoyduğumuz zamanlar... Və günlərin bir günü yenilənən zamanla həyatımıza internet daxil olub. Zamanın bu dönəminin üstünlüyü virtual aləmi əhatə etdikcə, elektron kitabxananı, kitabı da yaradıb. Bununla mütaliəsevərlər istədikləri anda həm kitabxanalarda, həm də evlərindəcə arzuladıqları kitabı oxuya bilmək imkanı əldə ediblər. Bu zaman kəsiklərinin yaratdığı fərq isə belə bir sual çıxarıb meydana: ənənəvi, yoxsa elektron kitab?

Hər dövrün öz tələbi

Mövzu ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, şair-publisist İbrahim Yusifoğlu ilə söhbət etdik. Onun fikrincə, hər dövrün öz tələbi var. Elektron kitabxanalar, kitablar da internet əsri adlandırdığımız müasir dövrümüzün tələbidir. İbrahim müəllim indi həm yeniyetmə-gənclərin, həm də orta yaş qrupunda olan insanların kitabları həm elektron, həm də ənənəvi şəkildə oxuduqlarını vurğulayır: – Bu gün həm paytaxt Bakıda, həm də regionlarda, hətta ən ucqar kəndlərdə belə kitabxanalar fəaliyyət göstərir. Artıq 30 il öncə rütubətdən oturmaq mümkün olmayan kitabxanaların yerində geniş, abad, işıqlı kitabxanalar yaradılıb. Müstəqilliyimizin bərpasından sonra kitabxanaların hər birinə dövlətimizin başçısı tərəfindən latın qrafikası ilə nəşr olunan minlərlə kitab hədiyyə olunub.

Son illər mütaliəyə maraq azalıb, bunu hər kəs təsdiqləyər. Lakin gününü kitab oxumadan təsəvvür edə bilməyən insanlar da çoxdur. Məhz buna görə də bu gün ölkə kitabxanalarında həm də elektron kitabxanaların fəaliyyət göstərməsi təqdirəlayiq haldır. Elektron kitabxananın özünəməxsus üstünlükləri var. Xüsusilə gənclərin istifadə etdikləri elektron kitab onlara təhsilin müxtəlif pillələrinə, ixtisaslarını artırmaq üçün imtahanlara hazırlaşmalarında, müxtəlif elmi işlərlə bağlı araşdırmalar aparmaqda əvəzsiz köməkçidir.

Söz yox ki, həyatımıza nə qədər yeni texnologiyalar daxil olsa da, çap məhsullarını sıxışdırıb aradan çıxara bilməyəcəkdir. Çünki onların saysız oxucuları var. Mən də nəşr olunmuş mənbədən mütaliə etməyə üstünlük verirəm. Bu zaman sanki oxuduğum kitabın yazıldığı dövrə səyahət edirəm, o cəmiyyətdə olur, qəhrəmanların həyatını duyur, yaşadıqlarını yaşayıram. Ona görə də düşünürəm ki, bədii ədəbiyyatların kağız versiyası onların məzmununu elektron versiyadan daha dərin əxz etdirir insana.

Həm elektron, həm də kağız kitab

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu Nərmin Hüseynli kitabların həm elektron, həm də kağız versiyasını oxuduğunu bildirir. Deyir ki, özü kimi, tələbə yoldaşları da sərbəst işlərin hazırlanmasında, bəzi tapşırıqların yerinə yetirilməsində ədəbiyyatların əksəriyyətini yalnız elektron kitabxanalardan tapa bilirlər. Həmçinin də bədii ədəbiyyatların. Elə kitab var ki, uşaqlardan biri oxuyur, sosial şəbəkələrdə paylaşır. Sən də onu oxumaq istəyəndə baxırsan ki, kağız variantı yoxdur, məcbur qalıb elektron kitaba müraciət edirsən.

Elektron kitabın üstün cəhətlərindən biri də odur ki, kitabda sənə lazım olan məlumatı və ya gözəl fikirləri dərhal başqa bir yerdə qeyd edə və ya onu müxtəlif sosial şəbəkələrdə digər istifadəçilərlə bölüşə bilirsən. Amma etiraf edək ki, kağız kitablar daha fərqlidir. Kitabın başqa heç bir forması onları əvəz edə bilməz. Çünki onlar sanki canlıdır, ətri olan canlı. Bir mənbədən oxumuşdum ki, ən dərin hafizə qoxu yaddaşıdır. Yaponlar yeni doğulan uşaqlara kitab oxutmazdan əvvəl kitabı qoxuladırlar. Kitab qoxulayan və kitab oxunan mühitdə böyüyən uşaqlar həm kitaboxuma vərdişi əldə edir, həm də yaddaşlarının dərinliyindəki qoxu böyüdükcə onlara istiqamət verir. Kitab oxumağa qeyri-ixtiyari yönəlirlər. Yəni, sevərək oxuyurlar, məcburən yox.

Elektron kitab kağız kitabın yerini tuta bilməz

Kitabsevər, həyatını bədii ədəbiyyatsız təsəvvür edə bilməyən, kitab oxumağın onun çörək, su kimi ehtiyacı olduğunu vurğulayan Bakı şəhər sakini Leyla Ağəliyeva elektron yox, kağız kitablara üstünlük verdiyini bildirir. O deyir ki, kitabı elektron variantda oxumağa cəhd edib, lakin alınmayıb. Sanki tamamilə hadisələrdən kənarda qalıb, fikrini cəmləşdirə, oxuduğunu əxz edə bilməyib.

Leyla xanım elektron kitabın pulsuz əldə edilməsi, asan daşınması, kağız formatda olmayan kitabların elektron versiyasının daha tez tapılması kimi üstünlüklərini vurğulasa da, kitabı ənənəvi qaydada oxumağı sevdiyini bildirir.

Ancaq elektron kitab

Şəhər sakini Mətin Məmmədli isə ancaq elektron kitab oxuduğunu bildirir. O deyir: – Dünyamız günü-gündən müasirləşir. Əvvəllər elektron kitabları yalnız “bookreader”lə oxumaq olurdusa, indi bu, smartfon telefon, yaxud planşetlərlə də mümkündür. Elektron kitabların internet vasitəsilə yüklənməsi də çox asandır, onları pulsuz əldə edə bilməyimiz isə daha da yaxşıdır.

Gənc mütaliəsevər elektron kitab oxumanın üstün cəhətləri ilə yanaşı, insan üçün zərərlərindən də danışır, mütəxəssislərin fikrinə görə, bunun gözlərə həddən artıq ziyan olduğunu, zaman-zaman baş ağrıları yaratdığını vurğulayır.

Hadisələrin içərisində sən də olursan

Təhsilini magistratura pilləsi üzrə davam etdirən Gülçin Əliyeva mütaliəsevər gəncdir, həm də kağız kitablara üstünlük verir. O deyir: – Kitabın məqsədi həyat dərsidir. İstər elektron, istərsə də kağız kitablar olsun, oxumalıyıq ki, bu həyat dərsini ala bilək. Mən, nədənsə özümü kağız kitablarda tapa bilirəm. Oxuduğum əsərlərin qəhrəmanına çevrilirəm, özümü o hadisələrin içərisində hiss edirəm. Xoşladığım fikirlərin altından xətt çəkir, onları yaddaş kitabıma köçürür, sonralar istifadə edirəm. Lakin elektron kitab oxuyanda bu hisslər məndə yaranmır, onunla aramda bir soyuqluq hiss edirəm. Həm də kağız kitab yaddaşı gücləndirir, həmçinin insanda göz yaddaşını formalaşdırır. Ənənəvi formada mütaliə edənlər bunu da təsdiqləyərlər ki, oxumağa fasilə verəndə kitabın səhifəsinin bir kənarını qatlamaq, səhifələrə toxunmaq, onları çevirəndə yaranan səs çox heyrətamiz və unudulmazdır.

Son söz...

Mövzu ilə əlaqədar söhbət etdiyim mütaliəsevərlərin hər birinin son sözü belə oldu ki, fərqi yoxdur, istər elektron, istər kağız olsun, ta ki kitab oxunsun. Dünyagörüşümüzün formalaşmasında, mənəviyyatımızın zənginləşməsində, söz xəzinəmizin yaranmasında, həyatda mövqeyimizin müəyyənləşməsində, bizə yurd, torpaq sevgisinin, vətənpərvərliyin aşılanmasında birbaşa rolu olan kitab.

İyulun 4-ü Ümumdünya Elektron Kitab Günüdür. Bu günün məqsədi elektron kitabların və digər rəqəmsal oxu formatlarının təşviq edilməsi, elektron kitabxanaların və oxu platformalarının populyarlaşdırılmasıdır. Elektron kitablar, hər zaman və hər yerdə oxumaq üçün əlverişli bir seçimdir. Bu gün, hər kəs elektron kitabların faydaları haqqında məlumatlandırmaq və onları oxumağa təşviq etmək üçün bir fürsətdir.

Son söz olaraq onu da unutmayaq ki, insanlar iki kateqoriyaya bölünürlər: kitab oxuyanlar və kitab oxuyanlara qulaq asanlar. Hansı olmaq istərdiniz?..

Mətanət Məmmədova

Digər xəbərlər