İllər ötür... Onbirinciləri məktəbdən müstəqil həyata yola salır. 2-ci sinfi 3, 3-cünü 4, 4-cünü 5 və sair sıra ilə qaldırır. Bu siniflərdə təhsil alan uşaqları da bir yaş böyüdür. Və nəhayət, bu illər hər il birinciləri qarşılayır məktəbdə...
15 sentyabr... Təqvimin bu günü məktəbin açılmasını 3 ay yarım səbirsizliklə gözləyən məktəblilər üçün sevinc dolu olur. Axı onlar məktəbləri, dost və rəfiqələri, sevimli, doğma müəllimləri üçün darıxırlar. Onları yenidən görmək üçün tətilin günlərini sayırlar.
Hər yeni dərs ili onları bir yaş da böyüdür, həyata baxışlarını dəyişir. Seçimlərini müəyyənləşdirir. Hər biri bir ixtisas seçməklə gələcək planlarını qururlar məktəblərdə. Hazırlaşır, mübarizə aparır, arzularına çatmaq üçün mücadilə edirlər. Odur ki, məktəb onların ən sevimli məkanıdır. Yeni dərs ilinin başlanması isə ən sevimli anlarıdır. Bu anlar onları şənləndirir...
Onlardan fərqli olaraq birincilər üçün məktəb, sinif yoldaşı, müəllim anlayışı hələlik başa düşülən deyil. Elə buna görə də birincilər 15 sentyabr səhəri yuxudan oyanarkən hara gedəcəklərini, orada nə ilə qarşılaşacaqlarını əsla dərk etmirlər. Onları məmnun edən sadəcə valideynlərinin aldığı yeni paltar, ayaqqabı və çantalardır. Elə sevinclə, xoşbəxtliklə geyinirlər ki, yeni paltarlarını...
Bir az sonra isə bağça yolundan tamamilə fərqli bir yolda olduqlarını görəndə isə dodaqlarını büzüb doluxsunur, kövrəlir, ağlamağa başlayırlar. “Hara gedirik, ay ana?”, “ Hara gedirik, ay ata?” suallarını yağdırırlar. Onların bu sualları isə hələ də mənasını dərk etmədikləri “məktəbə” sözü ilə cavablandırılır. Bu tanış olmayan söz isə onların daha da kövrəlməsinə səbəb olur.
Məktəbə çatdıqda isə yeni dərs ilinin başlanması təntənəsi bu körpələrə hər gün yollandıqları bağçanın sakitliyindən fərqli göründüyü üçün artıq burada ağlayırlar, həm də uca səslə, eşidiləcək dərəcədə. Hələ ilk zəng vurulandan sonra siniflərə yollanmamaq istəkləri... Ana-atalarının ayaqlarına sarılmaları, sinfə daxil olanda vahimələnmələri, müəllimi görəndə təəccüblənmələri var. Ən əsası isə elə bundan sonra başlayır. Valideynin dərs başladığı üçün sinfi tərk etməsi zamanı onu qoyub getdiyini görən bu körpələrin kollektiv ağlaması... Qızlı-oğlanlı müxtəlif səslər bir-birinə qarışır. Bu kövrək anın isə bir səbəbi var: bizi qoyub hara gedirsiniz?..
Onlar elə bağçaya da ilk dəfə gedəndə bu cür kövrəlmişdilər. Deməli, onlar bir neçə yaş böyüsələr də, hələ də körpədilər. Onların ana qucağına, ata məhəbbətinə, müəllim qayğısına ehtiyacı var. Elə bu səbəbdən də ibtidai sinif müəllimlərinin işi çox çətindir. Çünki onlar birincilərə tək elım öyrətmir, həm də qayğıkeş bir ata- ana olurlar. Ağlayan uşaqların göz yaşını silir, təsəllisi olur, köynəyinin qolunu, pencəyinin yaxasını düzəldirlər. Kitab-dəftərlərini çantalarına yığmaqda köməklik edirlər. Hələ qış aylarında üst geyimlərini də müəllimlər geyindirir. Yeri gələndə bantlarını, qalstuklarını da səliqəyə salırlar... Düz dörd il uşaqlar bu qayğı əhatəsində olur. Odur ki, ibtidai təhsili bitirən zaman da müəllimləri üçün kövrəlir, ondan ayrılmaq istəmirlər.
Lakin bu, onların əlində deyil axı. Məktəbdə rolu illər oynayır. Bu illər həftələri aylara, ayları illərə çatdırıb zamanı bir yaş qocaltdıqca, illər də məktəbliləri bir yaş böyüdur. Onları ibtidai sinifdən alıb aparır. Neçə-neçə müəllimlərin əhatəsinə salır. Daha sonra uşaqlar bu müəllimlərə isinişməyə başlayırlar. Yuxarı siniflərə addımladıqca bu müəllimlərdən onların ən yaxın dostu, ən yaxın sirdaşı da olur.
Beləliklə, onbirinci sinfə-məktəbin son ilinə qalxırlar. Birinci sinif qədər onbirinci sinif də kövrək anlarla doludur. Lakin bu anlar bir-birindən çox fərqli, ayrıdır. Birinci sinifdə anlaşılmayan kövrəklik, onbirinci sinifdə dərk edilən kövrəklik... Məktəbdən, onbirillik sinif yoldaşlarından, müəllimlərdən ayrılmağın kövrəkliyi...
Lakin həyat davam edir, deyək. Həyat davam etdikcə də illər bir-birini qovalayır. Odur ki, hələ məktəblərimizin divarları arasından çox birincilər və onbirincilər keçəcək. Hər birinin qəlbində min bir xatirə ilə...
Bu il də həmin illərdən biridir. 15 sentyabr səhərindəki şən və kövrək anlar bütün bunları yada salmağa əsas oldu. Çünki yanından ötüb işə gəldiyim məktəbin qarşısında eynilə bu yazıda olan mənzərə var idi. Yuxarı sinif şagirdləri bir-biri ilə öpüşüb görüşürdü, salamlaşırdı, söhbətləşirdi.... Birincilər isə çaşqınlıq içərisində onları seyr edirdi.
Yolboyu onların bir azdan ilk zəngin səsi ilə sinif otaqlarına daxil olmalarını və hər bir valideynin müşahidəçisi olduğu halları yaşayacaqlarını xəyal edirdim. Çünki biz də axı vaxtilə övladımızın əlindən tutub məktəbə aparanda o mənzərələrin şahidi olmuşuq...
Lakin tezliklə birincilərin bu kövrəkliyi, bir qədər də ərköyünlüyü geridə qalır. Onlar məktəbə də, müəllimlərinə də bağlanırlar. Odur ki, yeni dərs iliniz uğurlu olsun, əziz məktəblilər... Qoy illər ötsün, keçsin ki, birincilərin kövrəkliyi geridə qalsın, onbirincilərin arzusu çin olsun!
Mətanət Məmmədova