Bizim yaxşı görməyə ehtiyacımız var. Ona görə ki, yaxşı görəriksə, sadəcə baxmarıq, həm də görərik. Məsələn, görərik ki, biz insanlar ekologiyanın qənimiyik. Dənizin, çimərliklərin, təbiətin düşmənləriyik. Qırırıq, dağıdırıq, çirklədirik, məhv edirik. Lakin bunu görə bilmirik, yaxşı görsək, görə bilərik. Görərik ki, ayağımızı haraya qoyuruqsa, orada əvvəlki vəziyyətdən əsər-əlamət qalmır. Biz gedirik, bizdən sonra yerdə izlərimiz qalır. O izlər ki, nə siz soruşun, nə mən deyim...
Bizim yaxşı göz həkimlərinə ehtiyacımız var ki, həqiqətən də ölkəmizdə çox gözəl oftalmoloqlar var. Hansısa bir göz xəstəliyi üçün müraciət etdikdə, problemimizi köklü həll edən həkimlərimiz var. Biz nə etməliyik, hər hansı xəstəliklə qarşılaşdığımız an onlara müraciət etməliyik. Çünki göz elə bir həssas orqandır ki, onunla zarafat olmaz. Həm də bizim sağlam gözə ehtiyacımız var ki, yaxşı görə bilək. Görək ki, dünəni dünəndə qoymuşuq. Dünəndən bu günə ta artıq heç nə daşımamışıq. Adət-ənənələrimizi, ailə dəyərlərimizi, geyim, danışıq, küçə mədəniyyətini göz görə-görə dünəndə qoyub bu günlərə gəlmişik. Allah eləməsin, kor deyilik, baxırıq, lakin acı həqiqətləri necə, görə bilirikmi? Görürükmü ki, biz ta biz deyilik, başqalaşırıq?..
Bizim yaxşı görməyə ehtiyacımız var, tək bizim deyil, dünyadakı hər insanın. Ona görə ki, yaxşı görəriksə, ətrafa da göz gəzdirə bilərik. Heç uzağa getməyək, özümüzdən danışaq. Məsələn, dünyanın gözləri yaxşı görərdisə, bizim qonşuluqdan kənar qonşumuzun nə olduğunu çoxdan görmüş olardı. Uzun illər onların müdafiəsinə qalxmazdı. Haqsızlığın ayaq tutub yeridiyi dünyada bu ayaqları qırardı, erməni ədalətsizliyinə kor-koranə yanaşmazdı. Dünyanın o başından ətrafa gözləri duran yerdə əlləri ilə təmas etməkdən çəkinərdilər.
Bizim görməyə ehtiyacımız var ki, hər şeyi görə bilək. Görə bilək ki, bu dünya əzəlki dünya deyil. Ətrafa xəstəliklər səpən dünyadır. “Burada mən, cənnətdə kor xəlifə” iddiasında olan dünyadır. Bu səbəbdən də zalım dünyadır. Acımadan yox edən, özünə dartan, “mənimdir”,- deyən dünyadır. Görsək, görə bilərik ki, bu dünya yaman fani dünyadır. Bu faniliyi insanlara da yansıdan dünyadır.
İnsanların bir-birinə quyu qazmaq meyli, bir-birinə qarşı müharibələr tətbiq etmək, ədalətsizliyin ədalət üzərində hökmranlığı, bəli, dünyanın fani olduğunu görə bilmədiyimizdən irəli gəlir. Hər gün dünyada yüzlərlə, minlərlə insan dünyasını dəyişir. Xeyr, onlar öz əcəlləri ilə ölmür, hər hansı bir müharibənin, hər hansı bir münaqişənin qurbanı olurlar. Çoxsaylı uşaq həyatını itirir hər gün. Valideynləri gözləri önündə can verir. Bütün bunlara biz sadəcə baxırıq, lakin görə bilmirik. Həqiqəti, reallığı görə bilmirik. Görə bilsəydik, təbii ki, insan olduğumuzu da görə bilər və bütün bunların insanlığa yaraşmayan hal olduğunu dərk edə bilərdik.
Sadəcə baxmaqla kifayətlənməyib görə də bilsəydik, görərdik ki, bizim olan dünyanı öz əlimizlə məhvə sürükləyirik. Bir-birimizə olan iddialarımızla, bəzən özümüzü kimdənsə artıq tutmağımızla, dünya varının məhz bizim olması arzusu ilə çabalayırıq. Lakin görə bilsəydik, bütün bunların boş və puç olduğunu da görə bilərdik. Və dünyada sadəcə insan kimi yaşayardıq.
Görmək... Nə böyük xoşbəxtlikdir, İlahi.. Odur ki, hər kəsə görməyi arzu edək. Çünki görməliyik ki, görə bilək. Görə bilməsək, nə dostu, nə düşməni tanıyarıq, nə yaxşını, nə pisi ayırd edə bilərik...
Mətanət Məmmədova